Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“2000 il əvvəl qədim İpək Yolu artıq bizim xalqlarımızı birləşdirib”

06.04.18, 9:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səfir Vey Cinhuan: “Yeni İpək Yolu isə onları daha da yaxınlaşdıracaq”

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın APA-ya müsahibəsini ixtisarla təqdim edirik.

- Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı prioritetlər hansılardır? Hansı sahələr əməkdaşlığın inkişafı üçün daha böyük perspektivə malikdir? Çinlə Azərbaycan arasında “Bir kəmər, bir yol” çərçivəsində əlaqələr hansı formadadır? Bu təşəbbüs çərçivəsində Azərbaycan hansı üstünlüklərə malikdir?
- Son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti iqtisadi islahatların dərinləşməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahəsinin inkişafı, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görməyə davam edir. Çin və Azərbaycan energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə böyük perspektivə və potensiala malikdir. “Bir kəmər, Bir yol” sədr Si Tzinpin tərəfindən irəli sürülmüş beynəlxalq iqtisadi əməkdaşlıq təşəbbüsüdür. Bu, İpək Yolunun ruhunu özünə miras götürmüş beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı və insanlığın taleyi ilə bağlı vahid icmanın yaradılması, birgə məsləhətləşmələr aparmaq, birgə tikinti və birgə istifadə prinsipləri üzrə iqtisadi əməkdaşlıq üçün yeni platformanın yaradılması, inkişaf üçün yeni hərəkət qüvvələrinin axtarışıdır.
Ötən il oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev və bir sıra başqa ölkələrin liderləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında iştirak etdilər. Mən bu tarixi ana şahid oldum. Öz çıxışında Azərbaycan prezidenti İlham Əliyev dedi ki, “BTQ Avropa və Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutdur və bununla yanaşı, Azərbaycanın Böyük İpək Yolunun canlanmasına verdiyi böyük töhfədir”.
Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir və qədim İpək Yolu boyunca vacib ölkədir. Çin Avropa ilə Asiyanı birləşdirən vacib nəqliyyat mərkəzi kimi Azərbaycanın coğrafi üstünlüyünü yüksək qiymətləndirir və Azərbaycanla birlikdə Çin-Azərbaycan və bu marşrut üzrə yerləşən digər ölkələr arasında əlaqələrin səviyyəsini artırmaq üçün əlverişli mühit yaratmağa hazırdır. Biz ümid edirik və əminik ki, 2000 il əvvəl qədim İpək Yolu artıq bizim xalqlarımızı birləşdirib, Yeni İpək Yolu isə onları daha da yaxınlaşdıracaq.
- Son illər Çində sürətli iqtisadi artım müşahidə olunur. Çin iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? Çin ölkənin dayanıqlı inkişafını təmin etmək üçün nə kimi tədbirlər görür?
- 2017-ci ilin nəticələrinə əsasən Çində ÜDM 6,9 faiz artaraq 82 trilyon 712 milyard yuana çatdırılıb. Bu, 12,7 trilyon dollardır. Bu rəqəm ümumdünya iqtisadiyyatının 15 faizini təşkil edir. Bu göstəricisinə görə Çin davamlı olaraq dünyada ikinci yerdə durur.
Çində valyuta ehtiyatlarının həcmi dünyada birinci yerdədir və 3 trilyon 140 milyard təşkil edir. 2017-ci ildə Çində taxıl istehsalı 618 milyon ton olub, yeni tikilmiş və bərpa edilmiş yüksək sürətli avtomobil yollarının uzunluğu 6795 km, yeni yüksək sürətli dəmir yolu xətlərinin uzunluğu 2182, yeni fiber optik kabellərin uzunluğu 7 milyon 50 min km təşkil edir. Beləliklə də, Çin yüksək sürətli avtomobil yolları, yüksək sürətli dəmir yolu xətləri və genişzolaqlı mobil şəbəkə sahəsində ən genişmiqyaslı şəbəkəyə malikdir. 2017-ci ildə Çinin dünya iqtisadiyyatının artımına töhfəsi 30 faiz olub. Ölkəmiz dünya iqtisadiyyatının bərpası və stabilləşməsi sahəsində vacib mühərrik olmaqda davam edir. Eyni zamanda, bildirmək lazımdır ki, hələ də bizdə çoxsaylı çatışmazlıqlar var və biz çoxsaylı çətinliklər və çağırışlarla üz-üzəyik. Onların arasında bərabərsizlik və inkişaf yetərsizliyinin səbəb olduğu bir sıra kəskin problemlərin həll olmaması var. İqtisadi inkişaf üçün endogen gücün artırılması vacibdir, iqtisadi və maliyyə risklərini görməzdən gəlmək olmaz. Ətraf mühitin çirklənməsi ilə bağlı problemlər hələ də qalır. Xalqın rifahı ilə bağlı sahələrdə zəifliklər hələ də var. İnsanlar təhsil, tibbi xidmət, yaşayış və digər sahələrlə bağlı çətinliklərlə üzləşir. Biz gələcəklə bağlı çox ümidliyik və ölkənin dayanıqlı inkişafının təmin olunması üçün aşağıdakı tədbirləri görəcəyik: ilk olaraq daha keyfiyyətli iqtisadiyyatı təmin edəcəyik. Çin iqtisadiyyatı yüksək inkişaf tempindən yüksək səviyyəli inkişafa qədəm qoyub. Çinin inkişafının strateji məqsədi innovasiya potensialını və Çin iqtisadiyyatının rəqabətə davamlılığını keyfiyyət və effektivliklə bağlı islahatlar aparmaqla daima artırmaqdır.
İkincisi, daha ədalətli inkişaf təmin olunacaq. Çin iqtisadiyyatı yeni dönəmdə daha çox ədalətli inkişafa, əhalinin yaşayış səviyyəsinin artırılmasına daha çox diqqət ayırır. Hər yerdə ümumxalq sosial təminat planının həyata keçirilməsi, qocalıq üzrə əsas sığorta sistemini və əsas tibbi sığorta ilə bağlı vahid sistemi təkmilləşdirməklə insanları daha çox əlçatan yaşayış məkanları ilə təmin etmək bəhrəsinin hər kəs tərəfindən hiss olunması üçün ali və professional təhsilə maliyyəni artırmaq vacibdir.
Üçüncüsü daha gözəl inkişafla bağlıdır. “Yaşıl” maliyyələri artırmaq, enerjiyə qənaət və təbiəti qoruma sahələrini, ekoloji cəhətdən təmiz istehsalatı və ekoloji cəhətdən təmiz enerji mənbələrinin işlənməsi sahələrini böyütmək vacibdir. Ekoloji sivilizasiyanın inkişafı sahəsində ümumi layihələndirmə, təşkilat işlərinin aparılması və rəhbərlik işinin intensivləşdirilməsi məqsədi ilə dövlətin təbii resurs aktivlərinin idarə edilməsi və təbii ekosistemlərə monitorinq və nəzarət üzrə orqanlar yaradılmalı, torpaq, hava və suyun mühafizəsi ilə bağlı tədbirlər görülməlidir. Ekoloji sistemə mənfi təsir edəcək istənilən fəaliyyətin qarşısının qətiyyətlə alınması və ya cəza tətbiq edilməsi çox vacibdir. Dördüncüsü, daha açıq inkişafla bağlıdır. 2018-ci ildə Çində “İslahatlar və açıqlıq” siyasətinin aparılmasının 40 illiyi qeyd olunur. Çin davamlı olaraq açıqlıq siyasətini genişləndirir, aktiv şəkildə qlobal tərəfdaşlıq əlaqələrini inkişaf etdirir, bütün ölkələrlə maraq dairələrinin toqquşduğu sahələri genişləndirir. Çin bütün qüvvəsi ilə ticarət və investisiya üçün əlverişli şərait yaradacaq, açıq, inklüziv dünya iqtisadiyyatının yaradılması üçün kömək edəcək, beynəlxalq ictimaiyyəti “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığa sövq edəcək, əməkdaşlıq üçün yeni platforma yaradacaq və eyni zamanda dünyanın rifahı üçün çalışacaq.
- Azərbaycanda neçə Çin şirkəti fəaliyyət göstərir? Çin şirkətləri hansı sahələrdə maraqlıdır? Ötən il iki ölkə arasında ticarət dövriyyəsi nə qədər təşkil edib? Çinin Azərbaycana yatırdığı investisiyanın miqdarı nə qədər olub?
- Son illərdə Çin və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq daim dərinləşir, xüsusilə ticari-iqtisadi əməkdaşlıqda dinamik tendensiya davam edir.
Birgə səylər nəticəsində 2017-ci ildə ticarət dövriyyəsi diplomatik əlaqələrin qurulmasından sonra rekord səviyyəyə çataraq 1 milyard 298 milyon olub. Azərbaycanın ticarət tərəfdaşları siyahısında Çin ümumi dövriyyədə dördüncü, ixracda səkkizinci, idxalda üçüncü yeri tutur. Hazırda Çin Azərbaycan iqtisadiyyatına 770 milyon dollar investisiya yatırıb, 20-dən çox Çin şirkəti Azərbaycanda neft-qaz, tikinti, texnologiya, kommunikasiya, aviasiya, logistika, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. 2018-ci ildə "İslahat və şəffaflıq" siyasətinin həyata keçirilməsinin 40 illiyi qeyd olunur. Bu 40 il ərzində Çin böyük dəyişikliklərə məruz qaldı və biz şəffaflığın genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, texniki və sənaye parklarının yaradılması sahəsində təcrübələr əldə etdik. Biz görürük ki, son illərdə Azərbaycan hökuməti iqtisadi islahatları dərinləşdirmək və investisiya mühitinin daim təkmilləşdirilməsi üçün tədbirlər görür. Çin müəssisələri iqtisadi quruluşda Azərbaycan tərəfi ilə yaxından əməkdaşlıq etməyə və neft-qaz, infrastruktur, istehsal obyektləri və avadanlıqları, azad ticarət zonaları, sənaye və kənd təsərrüfatı parkları, nəqliyyat və logistika, bərpa olunan enerji, informasiya və kommunikasiya, yüksək texnologiyalı sənaye, turizm və bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırdır. Çin tərəfi ümid edir ki, Azərbaycan daha çox Çin şirkətinin Azərbaycana sərmayə yatırması üçün daha əlverişli və imtiyazlı investisiya siyasəti aparacaq.
- Necə düşünürsünüz, Çin bazarında hansı Azərbaycan məhsullarına maraq daha çox olar? Azərbaycan məhsullarının Çin bazarına çıxması üçün Çin tərəfi hansı köməkliyi göstərə bilər?
- Bir ölkənin məhsulunun beynəlxalq bazara çıxması, əsasən rəqabət qabiliyyətinə, keyfiyyət və qiymətin uyğun nisbəti, bazarın və istehlakçıların tanınması dərəcəsinə bağlıdır. Digər yandan, bu, təbliğat, gömrük siyasəti, təqdimatlar daxil olmaqla hökumətin dəstəyi ilə bağlıdır. Azərbaycanın meyvə, tərəvəz, qara çay, şərab, ət məhsulları çox keyfiyyətlidir, bu məhsullar tədricən Çində populyarlıq qazanır. Daha çox Azərbaycan məhsulunun Çin bazarına çıxması üçün hər iki ölkə yaxın vaxtlarda nəzarət, yoxlama və karantin razılaşması kimi müvafiq texniki müqavilələr üzrə danışıqlar həyata keçirməlidir. Biz ümid edirik ki, Azərbaycan tərəfi bu işə başlaya və müqavilənin imzalanmasını həyata keçirə bilər. Ötən il Çin lideri elan etdi ki, 2018-ci ilin noyabr ayında Şanxayda ilk dəfə Çin Beynəlxalq İxrac Sərgisi (China International Import Expo) keçiriləcək, önümüzdəki 5 ildə Çin 10 trilyondan çox miqdarda mal və xidmət idxal edəcək ki, bu, şirkətlərin Çin bazarına daxil olmasına dünya miqyasında geniş imkanlar yaradır. Sərgidə 100-dən çox ölkə və regiondan 150 min alıcı iştirak edəcək. Biz ümid edirik ki, Azərbaycan tərəfi çinli istehlakçılar arasında Azərbaycan məhsullarının populyarlığını artırmaq üçün bu unikal şansı dəyərləndirəcək və sərgidə aktiv iştirak edəcək. Biz bu sərginin köməyi sayəsində Azərbaycan tərəfi ilə ticarət və iqtisadi əlaqələri daha da yüksək səviyyəyə gətirməyə hazırıq.
- İki ölkə arasında tələbə mübadiləsi proqramlarına dair nə deyə bilərsiniz?
- 2015-ci ildə Çin və Azərbaycan nazirlikləri arasında əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb. Bu razılaşmaya əsasən hökumət təqaüdləri üzrə mübadiləsi gerçəkləşdirilən şagirdlərin sayı 50 nəfərədək artıb. Bu müqavilə 2017-ci ildə qüvvəyə minib. Hal-hazırda tərəflər bu kvotaları yerinə yetirib.
Dövlət xətti ilə təhsil alan tələbələrdən başqa, daha çinli 50 tələbə də Azərbaycanda öz hesabına təhsil alır. Çində təhsil alan azərbaycanlı tələbələrə gəldikdə isə, onların sayı 100-dən çoxdur. Biz əminik ki, Çin-Azərbaycan əlaqələrinin davamlı inkişafı sayəsində daha da çox Çin tələbəsi Azərbaycana, eləcə də Azərbaycan tələbəsi Çində təhsil almağa gələcək və mübadilə proqramı çərçivəsində tələbə sayı daha da artacaq.
- Dağlıq Qarabağ münaqişəsinin həllində Çinin mövqeyi nədir?
- Çinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi aydın və dəyişməzdir. Çin tərəfi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir və münaqişənin beynəlxalq hüquqa, BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara uyğun olaraq dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu, təkcə tərəflərin maraqlarına xidmət etmir, eyni zamanda da mövcud regionda sülh, sabitlik və inkişaf gətirəcək.

Bu xəbər oxundu
- - -