Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi...

06.04.18, 10:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Akademik Rafael Hüseynov: “Bakıda bir abidə kompleksinin yaradılması vacibdir”

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin var olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”. Bunu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib.
Akademik R.Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılmasını vacibliyini vurğulayıb. Bildirib ki, cümhuriyyət qurucularının ayrı-ayrı böyük simaları haqqında bədii və sənədli filmlər çəkilməli, böyük qəhrəmanlıqlar göstərmiş şəxsiyyətləri xalqa qəhrəman kimi tanıtmaq üçün bədii əsərlər və dərsliklər yazılmalıdır. Bu, həmin insanların bütün millətə yaxından tanıdılmasına xidmət etməklə yanaşı, həm də millət quruculuğu baxımından vacibdir. Alim cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün ayrıca Cümhuriyyət bağının yaradılmasının da vacib olduğunu qeyd edib. Bildirib ki, bu addım insanlara istirahət imkanı yaratmaqla yanaşı, onların cümhuriyyət xadimlərini hər zaman yadda saxlamalarına xidmət edəcək.
R.Hüseynov xatırladıb ki, cümhuriyyət qurucularının bəzilərinin məzarı Azərbaycandan kənardadır: “Hesab edirəm ki, bu məzarlara toxunmaq lazım deyil. Lakin onlarla bağlı ortaq memorial yaradılmalıdır. Cümhuriyyət bağı, yaxud parkı dediyimiz tipli tarixi-mədəni məskənlər yalnız Bakıda deyil, Azərbaycanın hər yerində ola bilər. Onlar bizə millət şərqisi, bayraq, müstəqil dövlətə vətəndaş və sahib olmaq səadəti bəxş ediblər”.

Bu xəbər oxundu
- - -