Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya ABŞ-ı vurmağa çalışır

10.04.18, 10:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Putinin rəhbərliyi altında Rusiya xarici siyasətində tarazlıq tapmaq axtarışındadır. Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, 2000-2008-ci illər Putin rəhbərliyi dövründə Rusiya xarici siyasəti üç əsas cərəyanın (Qərbçilik, avrasiyaçılıq və rus millətçiliyi) sintezinə əsaslanan və "uzlaşma yolu" adlandırılan siyasətlə idarə olunurdu: “Bu dövr ərzində Rusiyanın xarici siyasətində qərbçilik daha çox üstünlüyə malik idi. Rusiyanın regional xarici siyasətinin əsas istiqamətlərini isə avrasiyaçılıq və millətçilik təşkil edirdi. Ancaq bu dövr ərzində avrasiyaçılıq və millətçilik cərəyanları arasında nəzəri konteksdə fərqlər çox idi”.
N.Cəfərsoy vurğulayıb ki, ancaq 2008-2018-ci illərdə Rusiyanın xarici siyasətində Qərbə doğru meyillər zəiflədi: “Bu dövrdə artıq avrasiyaçılıq və millətçilik nəzəri və praktik konteksdə bir-birinə sintez olmuş və Rusiyanın xarici siyasətində əsas yerlərdən birini tutmağa başlamışdı. Qərbçilik ideyalarının zəifləməsinə əsas təsir göstərən amillərdən biri bu dövrdə baş vermiş Ukrayna böhranı və Krımın işğal edilməsi idi. Qəribədir, bu dövrün 1853-1855-ci illərdəki Krım savaşı sonrası Rusiya imperatoru II Aleksandrın Qərbə olan münasibəti ilə oxşarlığı var. Rusiya imperatorluğu o dövrdə Krım məğlubiyyətinin qisasını Hindistan üzərindən o dövrün supergücü olan İngiltərədən almağa cəhd göstərmişdi”.
Politoloqun sözlərinə görə, bu gün də Rusiya buna bənzər siyasət yürüdərək, Suriya üzərindən Yaxın Şərqdə əsas söz sahibi olab ABŞ-ı vurmağa çalışır: “O vaxtkı rus-ingilis münaqişəsi 50 illik mübarizənin sonunda Əfqanıstan sərhədində “Böyük Oyun” adlı razılaşmanın imzalaması ilə nəticələndi. Daha sonra İngiltərə rus-yapon savaşında Şərqə yönəldiyi üçün bir şəkildə Rusiyanı cəzalandırdı. ABŞ-Rusiya arasında bu gün “soyuq müharibə” adlanan gərginliyin necə nəticələnəcəyini demək çətindir. Çünki hazırda dünyada regional tarazlıqlar fərqlidir və ən əsası bu gün dünyada Çin faktoru da özünü möhkəmlədə bilib. Bu vəziyyətin necə nəticələnəcəyinə təsir göstərəcək ən vacib amillərdən biri Rusiyanın xarici siyasətinin daxili ideoloji formalaşmasını necə inkişaf etdirəcəyindən asılıdır. ABŞ-Rusiya gərginliyi, İngiltərə ilə Rusiya arasında olan casus krizi, Türkiyə ilə əlaqələr və hətta 4 günlük aprel döyüşləri ərzində Rusiyanın atdığı addımlar məhz bu siyasətin bir şəkildə əks olunması idi”.

Bu xəbər oxundu
- - -