Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyada müharibə alovlanır

10.04.18, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın “Donald Kuk” hərbi gəmisi artıq Suriya sahillərinə yaxınlaşıb. Aralıq dənizində hərəkət edən gəmi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Artıq Rusiya hərbi təyyarələri ən azı 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər. ABŞ mətbuatı bu gəminin Suriyaya Kiprdən gəldiyini bildirib. Hərbi gəmi 60 ədəd “Tomaqavk” raketləri ilə təchiz edilib. Bundan başqa, bir neçə gün sonra daha bir ABŞ hərbi gəmisi olan “Porter”in də Suriyaya gələcəyi açıqlanıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-ı Suriyaya zərbə endirməkdən imtinaya çağırıb. O, əks təqdirdə bunun ciddi nəticələrinin olacağını bildirib.
Almaniyanın DPA informasiya agentliyi məlumat yayıb ki, Suriyanın hökümət qüvvələrinə aid bəzi hərbi bazalar ABŞ-ın ehtimal edilən raket zərbələri ilə əlaqədar boşaldılır. Amerika ordusunun sözcüsü polkovnik Patrik Rider hərbi variantın qəti şəkildə dəyərləndirildiyini deyib. “Bu, qorxunc hadisənin işığında olduğumuz nöqtə budur: potensial hərbi variantlara baxırıq və onları prezident Donald Trampa təqdim edirik”, - o bildirib. Gecə saatlarında ABŞ, Fransa ve İngiltərə arasında Suriyada atılacaq addımlarla bağlı müzakirələr aparılıb. Bu müzakirələr ehtimal edilən hücumu ABŞ-ın təkbaşına etməyəcəyini göstərir.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 24-48 saat ərzində Suriya ilə bağlı sərt qərarın veriləcəyini deyib. CNN televiziyası isə ABŞ-ın Suriyanın helikopter bazasını bombalayacağını iddia edib. “Suriyadakı qorxunc hücumu pisləyirəm. Hərbi liderlərlə Suriyadakı vəziyyəti dəyərləndiririk. 24-48 saat içində böyük bir qərar verəcəyik”, - Tramp deyib.
Həmçinin ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Onun hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınmasını nəzərə alsaq, bəyanatın arxasında ciddi planların dayandığını demək olar. Yayılan xəbərdə isə deyilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın hökumət güclərinə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var.
Suriyanın T-4 aviabazası da raket hücumuna məruz qalıb. Suriyanın dövlət agentliyi SANA raket hücümunun ABŞ-ın təcavüzü olduğunu istisna etməsə də, Rusiyanın Müdafiə Nazirliyi aviazərbələrin İsrailin Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini açıqlayıb. “İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbə endirib", - idarədən bildirilib.
Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib. “Fars” agentliyi sonradan raket zərbələri nəticəsində 3 iranlının öldüyünü bildirib. Rusiyalı hərbi ekspert Anatoli Nesmiyan bu bazada iranlı hərbçilərin olduğunu və Əsədin Hərbi Hava Qüvvələrini məhz onların nəzarətdə saxladığını iddia edib. O, Duma şəhərinə kimyəvi hücumu da iranlıların həyata keçirdiyini deyib. Xatırladaq ki, ötən ilin 7 aprelində ABŞ "Tomahavk" qanadlı raketləri ilə Suriyanın "Şayrat" aerodromunu darmadağın etmişdi.

Bu xəbər oxundu
- - -