Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qafqazın ən güclü ordusu və dağıdılan erməni mifi

10.04.18, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Peşəkar heyət və modern təminat müstəsna əhəmiyyət kəsb edir

Hazırda dünya çox çətin dönəm yaşayır. Toqquşan geosiyasi maraqlar dünyada arzuolunmaz mənzərə yaradıb. Xüsusilə böyük dövlətlərin qlobal hərbi siyasi projeləri bütün dünya ölkələrinə təzyiqləri artırır. Qlobal güclərin böyük dövlətlər vasitəsilə Yaxşın Şərqdə başlatdığı proses dünyada beynəlxalq hüququn tapdanmasına, işləməməsinə gətirib çıxarıb. Belə olan halda hər bir dövlət, o cümlədən Azərbaycan özünü mümkün təzyiq və təxribatlardan qorumaq zorundadır. Bunun üçün də güclü ordu əsas şərtdir. Bu gün dünyada elə bir hərbi-siyasi vəziyyət var ki, dayanıqlı iqtisadiyyatla yanaşı, həm də güclü ordusu olan dövlətlər ayaqda qala bilərlər. Azərbaycan da geosiyasi maraqların kəsişdiyi çətin bölgədə yerləşir. Məhz bu maraqlardan doğan nəticə olaraq torpaqlarımızın 20 faizi işğal altındadır. Bu səbəbdən də ordu quruculuğu, ordunun döyüş hazırlığı, maddi texniki təminatı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı, mənəvi psixoloji vəziyyəti müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Silahlı qüvvələri atəşkəs dövründən sonrakı mərhələdən - 1994-cü ildən başlayaraq özünün döyüş qabiliyyətinin artırılması istiqamətinə müxtəlif tədbirlər həyata keçirib. Yeni silah və texnikaların alınıb qoşunlarda tətbiqinin həyata keçirilməsi, ordunun milli zabit kadrlarla təmin olunması, komplektləşdirilməsi, peşəkar heyətə keçid, sosial şəraitin yaxşılaşdırılması bu tədbirlərə daxildir. Qoşunların döyüş hazırlığının yüksəldilməsində əsas yeri tutan məsələlərdən biri silahlanmadır. 2003-cü ilən başlayaraq Azərbaycan dünyanın müxtəlif ölkələrindən yeni nəsil silahların əldə edilməsini həyata keçirir. Bu çərçivədə Türkiyə, İsrail, Ukrayna, Belorus və Rusiya kimi ölkələrin adlarını qeyd etmək olar. Bu dövrdə Azərbaycan ümumilkdə döyüş texnikası parkını 80 faiz modernizə edərək köhnələri müasir texnikalarla əvəzləyib.

Ən yüksək səviyyədə diqqət

Ordu quruculuğuna ən yüksək səviyyədə diqqətlə yanaşılması təsadüfi deyil. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə ordu quruculuğunun önəmindən danışıb və bu itiqamətdə işin ən yüksək səviyyədə davam etdiriləcəyini bildirib: “Azərbaycan ordusunun arsenalında müasir standartlara cavab verən silahların, döyüş vasitələrinin sayı durmadan artır və bu proses indi də sürətlə davam etdirilir...Son illər ərzində çoxlu texnika, silah-sursat alınıb. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır”.
Dövlət başçısı həmçinin qeyd edib: “Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq...”.
Hərbi ekspert Rəşad Süleymanov bildirdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alan pilotsuz uçuş aparatlarını havada qalma müddəti 48 saat təşkil edir: “Hansı ki postsovet ölkələrinin heç birində bu tipli aparatlar yoxdur. Eləcə də “gəzən sursatlar” deyilən İsrail istehsalı yeni nəsil döyüş sursatlarının əldə edilməsi həyata keçirilib. Bu sursat 2016-cı ilin aprel döyüşlərində düşmənin canlı qüvvəsi və obyektlərinin sıradan çıxarılmasında mühüm rol oynayıb. Onu da qeyd edim ki, bu tipli sursat postsovet məkanında təkcə Azərbaycan silahlı qüvvələrinin sərəncamındadır. Bundan başqa yeni tanklar alınıb. Buna Rusiyadan alınan 100 ədəd T-90S tanklarını misal göstərmək olar. BMP-3 piyada döyüş maşınları, BTR-82A zirehli tranpasrtyorları, İsraildən “Spayk” tank əleyhinə raket kompleksləri, Türkiyədən “TR-122 Sakarya” reaktiv atəş sistemləri, “TR-300 Qasırğa” raketlərini, İsraildən “İMİ Extra”, “Dəmir qübbə” kimi müxtəlif silah sistemləri satın alındı ki, bu da ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə səbəb oldu”.
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan ordusu düşmənin əlindəki 3-cü nəsil silah və döyüşaparma vasitələrinə qarşı 5-ci nəsil silah və döyüşaparma vasitələrindən peşəkarlıqla istifadə edib. Bu da ordunun əlində olan silah və texnikanın müasirliyini, eyni zamanda onu idarə edən heyətin peşəkarlığını də göstərir.

Erməni ekspertlər narahatdır

Təsadüfi deyil ki, Azərbaycan ordusunun döyüş hazırlığının səviyyəsi rus və erməni ekspertlər tərəfindən dəfələrlə təsdiq olunub. Erməni eskpertləri bundan narahat olduqlarını bildiriblər. Ermənistanın “1in.am” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib ki, aprel döyüşləri Ermənistan ordusunun silahlanma və döyüş hazırlığı sahəsində ciddi qüsurlarının olduğunu ortaya çıxardı: “Əgər Azərbaycan dayanmasaydı hadisələrin nə cür inkişaf edəcəyi gözlənilməz idi”. Onun sözlərinə görə, aprel döyüşləri Ermənistan ordusunun ciddi şəkildə geri qaldığını ortaya çıxardı: “Necə deyərlər, bu sizin günahınız yox, bədbəxtliyinizdir. Döyüşü aparmaq üçün çağdaş vasitələr lazımdır ki, onlardan bir xeylisi Azərbaycanda var. Azərbaycanda, məsələn, zərbə pilotsuz uçan aparatlar (PUA) var ki, aprel döyüşlərində erməni zirehli maşınlarını və texnikasını bununla vurdular. İrəvanın bu cür PUA-ları yoxdur. Hətta Rusiyada da yoxdur. Azərbaycan bir çox məsələlərdə Rusiyadan qabağa gedib, çünki israillilər Azərbaycana texnika satırlar, Rusiyaya yox”. Ekspert bildirib ki, Rusiyanın hələ bu cür PUA-lar istehsal etmək imkanı yoxdur: “Ermənistanda sovet zirehli texnikasıdır, Azərbaycanda isə İsrailin modernləşdirdiyi zirehli texnikadır. Müharibə zamanı bu amillər özünü göstərir. Azərbaycan ordusunun bir sıra hərbi-texniki üstünlüyü olduğu kimi qalır”.
Əlavə edək ki, Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının xeyli hissəsini öz potensialı hesabına ödəyir. Müdafiə Sənayesi Nazirliyinin Elmi-İstehsalat Müəssisələrində dünyanın ən inkişaf etmiş ölkələrinin dəzgah və avadanlıqları quraşdırılıb. Mexaniki emal sahəsində proqramla idarə olunan dəzgahlarda mürəkkəb konstruksiyaya malik məhsulları istehsal olunur.
Döyüş hazırlığına təsir edən məsələlərdən biri mili zabit kadrlardır. Azərbaycan özünün milli zabit kadrarını yetişdirməsi ümummilli lider Heydər Əliyevin dövründə Cəmşid Naxçıvanski adlı hərbi litseyin yaradılması ilə təməli qoyulub. Ondan sonrakı dövrdə Naxçıvanski ilə yanaşı, həm də Azərbaycan Ali Hərbi Məktəbi də bu istiqamətdə rol oynayıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirdi ki, məhz bu gün ordumuzun rəhbərliyində olan kadrların böyük əksəriyyəti, başda müdafiə naziri və baş qərargah rəisi, eləcə də qoşun komandanları, xidmət rəisləri və digər yüksək rütbəli ordu komandanları məhz Cəmşid Naxçıvanski adına hərbi litseyin və Azərbaycan Ali Hərbi Məktəbinin yetirmələridir: “Atəşkəsdən sonrakı dövrdə də milli zabit kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Bu sahədə Azərbaycan həm özünün milli zabit kadrlarını hazırlayıb, həm də bu kadrların peşəkarlığının artırılması məqsədilə başda Türkiyə olmaqla, Rusiya, Ukrayna, Amerika, İngiltərə kimi ölkələrin hərbi məktəblərində özlkərini təkmilləşdiriblər. Bu gün ordumuz milli zabit kadrlarla tam şəkildə komplektləşdirilib”.

Peşəkar heyət

Önəmli məsələlərdən biri də şəxsi heyətin peşəkarlığıdır. Azərbaycan ordusunun şəxsi heyəti çağırışçılar əsasında formalaşır. Xidmət müddəti orta təhsilli vətəndaşlar üçün 1 il 6 ay, ali təhsillilər üçünsə 1 ildir. 2008-ci ildən etibarən isə orduda müqaviləli xidmətə keçid prosesinə start vevrilib və bu çərçivədə MAXE adlandırılan müddətdən artıq xidmət edən hərbi qulluqçuların işə qəbulu prosesi başlanıb. Bundan əvvəl analoji təcrübə dövlət sərhəd xidməti və daxili işlər nazirliyinin daxili qoşunlarında tətbiq edilib. Bu göstərib ki, MAXE heyətinə keçid uğurlu addımdır və bu bir sıra neqativlərin aradan qaldırılmasına, eləcə də hərbi hissələrin döyüş qabiliyyətinin yüksəlməsinə təsir edir.
Rəşad Süleymanov dedi ki, artıq texnikanı peşəkar heyət idarə edir və onlardan daha çox məsələləri tələb etmək mümkündür: “Bu gün ordumuzda tanklar, piyada döyüş maşınları, zirehli transpartyorlar, avtonəqliyyat vasitələrindən yüksək səviyyədə istifadə edən kadrlar, eyni zamanda top komandirləri, radiotexniklər, hava hücumundan müdafiə sistemində xidmət edənlər, artilleriyaçılar və s kimi hərbçilər müqavilə əsasında xidmət edən peşəkar heyətə daxildir. Bu da bir daha ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına kömək edir. Aprel döyüşlərində də məhz peşəkar heyətin iştirakı, onların oynadığı rol ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirlib”.
Ordunun döyüş hazırlığına xidmət edən vacib məsələlərdən biri də hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırlmasıdır. Son 7-8 ldə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Xüsusilə 2013-cü ili sonlarında müdafiə naziri postuna Zakir Həsənov təyin ediləndən sonra ordunun döyüş qabiliyyətinin artması istiqamətində dönüş yaranıb. Kazarmaların təmizlənməsi və yeməklərin bişirilməsinə mülki şəxslərin cəlb edilməsi şəxsi heyətin vaxtının tam şəkildə döyüş hazırlığına yönəldilməsinə səbəb olub . Bu da nəticə etibarilə ordunun peşəkarlığının artmasına şərait yaradıb.
Bu istiqamərtdə əsas məsələlərədn biri də hərbi təlimlərin keçirilməsidir. Hər il ümumqoşun səviyyəsində 5-6 təlim keçirilir. Bu təlimlərdə həm ordumuzun əldə etdiyi müasir hərbi texnikalar və silahlar sınaqdan çıxarılır, heyətin silah və texnikanın idarə edilməsində bilik və bacarıqları təşkmilləşdirilir. Eləcə də müxtəlif döyüş tapşırıqları və ssenarilərin poliqon şəraitində icrası nəzərdən keçirilir. Silahlı qüvvələrimiz Türkiyə ilə həm hərbi hava qüvvələri, həm də motaatıcı bölmələrin iştirakı ilə tabor və bölüklər formatında olmaqla Azərbaycan və Türkiyədə hərbi təlimlər keçirir. Eləcə də Azərbaycan Türkiyə və Gürcüstan birlikdə üçtərəfli xüsusi təyinatlı qüvvələr və digər bölmələr səviyyəsində təlimlər təşkil edir. Silahlı qüvvələrimiz eyni zamanda Pakistan, Rusiya və NATO ölkələrində keçirilən hərbi təlimlərin və kursların iştirakçısıdır. Bu da həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün olduqca vacibdir.
Ümumi gəlinən qənaət odur ki, bu gün Azərbaycan silahlı qüvvələri peşəkarlığın artırılması prosesini sürətlə davam etdirir. Ölkə müharibə şəraitində yaşadığından bu gün tam olaraq peşəkar orduya keçid mümkün deyil. Amma silah və hərbi texnikanı idarə edən şəxsi heyətin peşəkarlığının artırılması prosesi artıq tamamlanıb.
Ordu yeni nəsil silahlarla təmin olunub. Bu prosesin davam etdiriləcəyi Ali Baş Komandan səviyyəsində də bəyan edilib. Hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması prosesi də diqqətdə saxlanılır. Yeni təlim mərkəzləri yaradılıb, hərbi təhsil müəssisələrinə qəbul qaydalarına və tədris prosesinə müəyyən dəyişikliklər edilib. Bu da daha savadlı, peşəkar zabitlərin hazırlanması üçün atılan addımlardandır. Peşəkar olan və yaxşı təmin edilən ordu hər zaman qalib gəlir...

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

Bu xəbər oxundu
- - -