Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Alman-Azərbaycan Biznes Forumu

10.04.18, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumunu keçirib. Palatadan verilən məlumata görə, Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya Tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Tədbirin rəsmi açılışı AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann tərəfindən edilib. Forum haqqında qısa məlumat verildikdən sonra Almaniya səfirliyinin iqtisadi attaşesi Hayke Mökel tibbi turizm sahəsində Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları haqqında çıxış edib və Almaniyanın azərbaycanlı həmkarları ilə öz bilik və təcrübəsini paylaşmağa hazır olduğunu qeyd edib. AHK Azərbaycanın İdarə Heyətinin üzvü və Səhhət klinikasının direktoru Malik Kərimov Almaniyanın səhiyyə sistemində Azərbaycana göstərdiyi dəstək, eləcə də alman şirkətləri ilə həyata keçirilən birgə layihələr və Təcrübəli Ekspertlər Xidməti (SES) barədə çıxış edib.
Forumun rəsmi açılışından sonra Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov iştirakçılara tibbi turizm sektorunda Azərbaycanda həyata keçirilən mövcud islahatlar, dövlət proqramları və gələcək layihələr barədə məlumat verib. C.Məmmədov bu forumun Azərbaycanın xarici turistlər üçün tibbi turizm məkanına çevrilməsinə öz töhfəsini verəcəyinə dair əminliyini ifadə edib. Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tibbi turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığına dair imkanlar barədə təqdimat edib. O, həmçinin Assosiasiyanın AHK Azərbaycanın bu sahədə gördüyü işləri dəstəkləməyə hazır olduğunu bildirib. Forum Almaniyanın nümayəndə heyətinin Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətləri, həmçinin səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycanlı tərəfdaşlara verdiyi təqdimat ilə davam edib. Tədbirin sonunda tibbi turizm sektorunda fəaliyyət göstərən Alman və Azərbaycan şirkətləri arasında ikitərəfli biznes görüşləri keçirilib.

Bu xəbər oxundu
- - -