Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“TRT World” kanalının əməkdaşları məcburi köçkünlərlə görüşüblər

10.04.18, 13:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ölkəmizdə səfərdə olan Türkiyənin “TRT World” kanalının əməkdaşları Əndryu Hopkins Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar.
Fuad Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu baxımdan Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş insan hüquqlarının təmin olunmasına beynəlxalq təşkilatlar tərəfindən diqqətin artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir.
Qonaqlara Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
Məlumat verilib ki, doğma yurdlarından zor gücünə qovulmuş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Proqramı və ona əlavələr təsdiq edilib. Bütün bunların nəticəsidir ki, Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 97 yaşayış kompleksi salınıb, 265 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Qonaqlar daha sonra Füzuli rayonundan məcburi köçkün Xatirə Adıgözəlovanın məskunlaşdığı otaqda olub və ailə ilə söhbət ediblər.
Görüşdə Türkiyənin TRT World kanalının əməkdaşı Əndryu Hopkins ətraflı məlumat üçün təşəkkürlərini bildirərək, münaqişənin tezliklə həllini tapmasının, məcburi köçkünlərin hüquqlarının bərpasının vacibliyini bildirib. Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işlər yüksək qiymətləndirilib. Türkiyənin TRT World kanalı artıq məcburi köçkünlərlə bu görüşündən reportaj yayımlayıb.

Bu xəbər oxundu
- - -