Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan quyuya düşüb...

12.04.18, 10:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aram Manukyan: “Biz sanki regionda yoxuq...”
Ermənistanın regiona və dünyaya təhlükə yaradan mövqeyi son günlərdə xüsusilə ön plana çıxıb. Məşhur erməni siyasətçi ölkəsinin əsas güclü rəqibilə, yəni Azərbaycanla müqayisədə iqtisadi zəifliyi haqda acı həqiqətləri açıqlayıb. Deyib ki, ABŞ, bu ölkənin siyasətçiləri, xüsusilə də Konqres bu məsələyə diqqət yetirməlidir.
WorldMedia “The Daily Caller”də Ceykob Kamarasın müəllif olduğu yazısına istinadən bildirir ki, Erməni Milli Konqresindən olan deputat Aram Manukyan “Vestnik Kavkaza” portalına müsahibəsində bildirib ki, “əgər söhbət Avrasiyada dövlətlərarası iqtisadi əlaqələrdən gedirsə, Ermənistan bu məsələdə praktiki olaraq, heç bir rol oynamır”.
“Bütün regional və beynəlxalq layihələr – nəqliyyat, dəmir yolu, neft-qaz sahəsi və s. ilə bağlı layihələr bizdən yan keçir... Ermənistan sanki Qafqaz regionunda yoxdur. Bu vəziyyət artıq 20 ildir ki, dəyişmir. Bu illər ərzində tikintisi Ermənistan deyil, Gürcüstan vasitəsilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, bir çox layihələrdən kənarda qalmışıq. Bu gün isə Ermənistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən və Çinin təşəbbüsü ilə həyata keçirilən İpək yolu layihəsindən kənarda qalmaqdadır”, - deyə A.Manukyan qeyd edib.
Erməni deputat ölkəsinin Azərbaycan, Gürcüstan və Türkiyənin pioner rolu oynadığı yeni İpək yolu layihəsindən kənarda qalmasından təəssüf hiss keçirir. “Biz sanki regionda yoxuq... Ermənistan iqtisadi mənada dalana dirənib. Ölkəyə heç kəs investisiya qoymur. Əvvəllər Ermənistana ildə 3-4 milyard dollar investisiya yatırlırdısa, ötən il bu göstərici 120 milyon dollar olub... Ölkədəki korrupsiya vəziyyəti daha da çətinləşdirir. Odur ki, heç bir normal insan Ermənistana investisiya qoymağa risk etməyəcək”, - deyə A.Manukyan vurğulayıb.
Qafqazın iqtisadi trendləri təsadüfən meydana gəlməyib. Azərbaycanla Gürcüstan Qərb dəyərlərinə üstünlük verən ölkələrdir. İnkişaf etmiş iqtisadiyyatları olan bu ölkələr ABŞ ilə Avropanı dəstəkləyir. Ermənistan kənd təsərrüfatından asılı iqtisadiyyatı isə çox geridə qalıb. Bununla yanaşı, Ermənistan getdikcə artan inflyasiyadan, həmçinin “beyin axını”ndan əziyyət çəkir. De-fakto Rusiyanın vassalı olan ölkə Rusiyanın hərbi bazaları ilə doludur. Yerevan utanmadan xarici siyasətini Kremllə koordinasiya edir. Sanki öz vaqonunu Moskva qatarına bağlamış Yerevan nə Qərbi Avropadakı müttəfiqlərilə münasibətləri genişləndirir, nə də ölkə iqtisadiyyatının modernləşdirilməsi üzərində çalışır. Odur ki, ermənilər qlobal iqtisadiyyatdan daha da kənarda tutulmasından təəccüblənməməlidirlər.
A.Manukyan ABŞ və Ermənistanda yaşayan bir çox həmvətənindən fərqli olaraq hesab edir ki, ölkəsinin birinci və ən başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. Söhbət Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən ərazi münaqişəsindən gedir. “Belə davam edə bilməz... Bu münaqişə xalqları və dövlətləri əldən salır və ölkələrin inkişafına mane olur. Bu vəziyyətdən, bu quyudan çıxmaq lazımdır”, - deyə erməni deputat bildirib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi başa çatarsa, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq. A.Manukyan partiyasının xüsusilə iqtisadi sahədə qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasın tərəfdar olduğunu söyləyib: “Çünki bu, ölkəmizin inkişafını təmin edəcək”.
Erməni deputatın məqsədi başqa ola bilər. Lakin onun sözlərində həqiqət var. Ermənistan məhz Azərbaycanla yaşadığı münaqişə üzündən “quyu”ya düşüb. Halbuki, Yerevan ondan iqtisadi cəhətdən açıq-aydın üstün olan qonşusu ilə yaxınlıqdan yalnız qazana bilərdi. Amma o, buna nail olmaq üçün ilk növbədə Dağlıq Qarabağın işğalından imtina etməlidir. Qeyd edək ki, bu regionun Ermənistan tərəfindən işğalı BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrlə təsdiqini tapıb.
Bəs Ermənistan etnik eksponsionist siyasətinin əvəzinə, çiçəklənmə və inteqrasiya yolunu seçə bilərmi? Axı ölkənin iqtisadiyyatı çalxalanır, regional və qlobal dəyəri gündən-günə azalır. Amma Dağlıq Qarabağ münaqişəsi bu ölkənin hərbi xuntasını hakimiyyətdə saxlayan yeganə səbəbdir. Ölkənin suverenliyi sual altındadır, iqtisadiyyatı iflasa uğrayıb. Axı erməni xalqı daha yaxşı şəraitdə yaşamağa layiqdir. Ermənistan qonşuları ilə sülh şəraitində yaşaya, bununla da çiçəklənən dövlət qura bilər. Yerevan bu tarixi şansı əldən verməməlidir.
ABŞ isə Qafqazla bağlı siyasətinə nəzər yetirməlidir. Kremllə qlobal nüfuz uğrunda mübarizə aparan Vaşinqton, Rusiyanın vassalı olan, iqtisadi cəhətdən çökmüş Ermənistanı deyil, Qərbyönümlü siyasət yürüdən, regionun iqtisadi cəhətdən getdikcə ucalan ulduzları sayılan Azərbaycan və Gürcüstanı dəstəkləməlidir. Sağlam düşüncə bunu tələb edir. Bunun üçün ABŞ-ın Azərbaycanın, yaxud Gürcüstanın fikrini öyrənməsinə də ehtiyacı yoxdur. Onun erməni siyasətçi Aram Manukyanın səmimi açıqlamalarına nəzər yetirməsi kifayətdir.
Bu arada erməni mətbuatı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin yaxın günlərdə Bakıya edəcəyi səfərindən yazıb. Məsələn, Ermənistanın hakim Respublika partiyasının hakimiyyət ortağı daşnakların orqanı “Aysor” portalı 2017-ci il noyabrın 25-də “Qolos Armenii” qəzetində dərc edilmiş bir məqaləyə istinadən yazırdı ki, Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı yaranıb. Yəni Lavrov Azərbaycanı Avrasiya İttifaqına dəvət edib, Azərbaycan isə bunun əvəzində Qarabağı istəyib. Qəzet iddia edir ki, Azərbaycanın Rusiya ilə münasibətdə bu cür oyun qurması, yəni tələblərlə danışması Moskvanı narahat edib və buna görə iki ölkə arasında Avrasiya İttifaqı ilə bağlı danışıqlar dayandırılıb.
Ümumiyyətlə, ermənilər həmişə Vyaçeslav Volodini Rusiyanın super gücünü özünə qaytarmaq niyyətində olan siyasətçi kimi dəyərləndiriblər. Məsələn, rus dili Ermənistanda məcburi tədris edilən xarici dil statusuna məhz Vyaçevslav Volodinin İrəvanda Ermənistan parlament rəhbəri ilə danışıqlarından sonra çatdırılıb. Əslində, Rusiya Azərbaycanın Qarabağı geri qaytarmasına mane olmazsa, ölkənin müəyyən şərtlər daxilində Avrasiya İttifaqında təmsil olunmasında problem olmaz. Hər halda, Azərbaycanın ənənvi xammal və satış bazarları məhz Avrasiya İttifaqı məkanındadır. Lakin istənilən halda, ermənilər bu variantın gerçəkləşməsinə mane olmağa çalışacaqlar. Onlar Qarabağı əldə saxlamaq üçün hətta dövlət müstəqilliklərindən belə imtina etməyə hazırdırlar və Rusiya ilə hətta SSRİ-yə bənzər ittifaq daxilində belə birləşməyi təklif edə bilərlər. Yəni, əslində, Azərbaycan bu varianta hazır olmalıdır.
Bundan başqa Erməni KİV-ləri yaxın günlərdə Qarabağda və hətta İrəvan ətrafında baş verəcək müharibənin ssenariləri ilə doludur. Məsələn, erməni diversantların məşhur komandiri Vova Vartanov “1in.am”a müsahibəsində Azərbaycanın Naxçıvan və Çəmğərəkdən (Krasnoselskdən) hucum edəcəyini iddia edir. Populyar siyasi analitik Naira Ayrumyan isə “Lragir”də yazdığı məqalədə Azərbaycanın aprelin ortalarında Ermənistandakı hakimiyyətsizlikdən istifadə edə biləcəyini iddiva edir. Naira Ayrumyan hətta Ermənistan ordusunun bu hücuma hazırlaşdığını iddia edir.
Ermənistanda vəziyyət gərgindir. Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın inaqurasiyasından sonra Serj Sarkisyan və rəhbərlik etdiyi hökumət səlahiyyətlərini itirdi. Ermənistan aprelin 17-də yeni baş nazir seçilənə qədər icra hakimiyyətsiz qaldı. Yəni bu gündən aprelin 17-ə kimi Ermənistanda heç bir nazirin, o cümlədən müdafiə naziri Vigen Sarkisyanın heç bir səlayihyyəti yoxdur və bu dəqiqələrdən vəzifələrini itirmiş sayırlar.
Parlamentdə təmsil olunan partiyalar aprelin 17-ə kimi baş nazir üçün öz namizədlərini müəyyən etməlidirlər. Aprelin 17-də parlamentdə baş nazir seçilməlidir və o, beş gün ərzində hökumətin gələcək üzvlərini səsvermə üçün təqdim edilməlidir. Yəni istər-istəməz Ermənistan 8 gün başsız və 13 gün hökumətsiz qalacaq. Dördüncü prezidenti Armen Sarksiyanın isə qanunla həlledici qərarlar qəbul etməyə icazəsi yoxdur. O, hətta ekstremal hallarda Təhlükəsizlik Şurasının iclasını da çağıra bilməz, çünki şuranın üzvü deyil. Qanuna görə, Təhlükəsizlik Şurasına baş nazir rəhbərlik edir.
Lakin erməniləri qorxudan bu məsələ deyil. Onları qorxudan əsas məsələ Ermənistandakı bu başsızlıq dövründə Qarabağda mühribənin başlamasıdır. Bu, Serj Sarkisyanın yenidən triumfla baş nazi kürsüsünə oturdulması demək olar. Hakim Respublika Partiyası “aşırımda atları dəyişmirlər" məntiqinə əsaslanaraq Serj Sarkisyanın yenidən baş nazir seçdirməyə nail olar.
Əslində, Azərbaycan ordusunun həmin günlərdə Dağlıq Qarabağ ətrafınadı bəzi rayonları - məsələn, Füzuli, Cəbrayıl Zəngilən, Qubdalı və Kəlbəcər rayonlarını nəzarətə götürməsi Serj Sarkisyan üçün çox əlverişli variant olar. O, özü vermədiyi və buna görə də ermənilər qarşısında torpaq verməyən prezident kimi qürrələnməyə imkan yaradan həmin variantda rayonların artıq Azərbaycanın əlində olmasını əsas götürərək Kazan variantı üzrə danışıqlara başlaya bilər. Bu isə Ermənistanın blokadadan və iqtisadi fəlakətdən xilas edilməsi olar ki, Sarkisyan ömrünün sonuna qədər hakimiyyətdə qalmaq şansı qazanar.
Cavid

Bu xəbər oxundu
- - -