Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“

12.04.18, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Təməli 1923-cü ilin may ayında qoyulan Qaradağ rayonu paytaxtımız Bakının ən böyük ərazi inzibati bölgüsü olmaqla yanaşı, həm də sənaye rayonu kimi məşhurdur. Vaxtı ilə neft və qaz çıxarma üzrə İttifaqda özünəməxsus yeri olan Qaradağ bu gün də özünün iqtisadiyyatı ilə təkcə ölkəmizdə yox, uzaq ölkələrdə də tanınır, bu rayonun iqtisadiyyatı ilə bağlı olmaq istəyən ölkələr investisiya yatırmaq üçün sanki yarışırlar. Elə bu yaxınlarda Çin Xalq Respublikasının Lyaodun əyalətinin Dalyan şəhərinin Sahibkarlar Asossasiyası ilə Qaradağ rayonu arasında Memorandum imzalandı. Bundan əlavə rəsmi şəxslərin qarşılıqlı görüşləri həyata keçirilib. Həmçinin Şenyan şəhərinin Regional İqtisadi Əməkdaşlıq Asossasiyası ilə də Memorandum imzalanıb.
Bütün bu uğurlar ölkə başçısı İlham Əliyevin Regionların İqtisadi İnkişafının surətlənməsinə və inverstisiyaların cəlb olunmasına dair imzaladığı Fərmanlar və Sərəncamların uğurlu nəticəsidir ki, bu gün Qaradağ rayonu günü gündən abadlaşaraq Azərbaycan iqtisadiyyatına öz töhvələrini verir. Prezident İlham Əliyev: “Mən dəfələrlə demişəm, biz öz istəyimizə nail olmaq üçün daha da güclü olmalıyıq”. Həqiqətən də bu sözlərin təsdiqi kimi təkcə Qaradağ rayonunun əldə etdiyi zəfərləri nəzərə alsaq, Prezident İlham Əliyevin Qaradağ rayonuna səfərləri nəticəsində yeni açılmış müəssisələrin siyahısından görünür ki, bu inkişaf daim ölkə başçısının diqqətindədir. Belə ki, İlham Əliyevin 2004-cü ildən Heydər Əliyev adına Dərin Özüllər Zavoduna səfərindən başlayaraq, 2017-ci ildə rayona 3 dəfə səfəri ilə Qaradağ rayonunun sosial-iqtisadi inkişafını diqqətdə saxlamışdır.
Rayonda ötən müddət ərzində digər sahələrlə yanaşı, abadlıq-quruculuq işləri də geniş vüsət almış, küçələr, parklar, məhəllələr gözəlliyə qərq olmuş, insanların asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılmışdır. Bu yüksəlişə paytaxtın Qaradağ rayonu da öz layiqli töhfələrini verməkdədir.
Rayon rəhbərliyi dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi götürmüş, qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələri, o cümlədən quruculuq-abadlıq layihələrini həyata keçirmək istiqamətində böyük addımlar atmışdır. Qaradağ rayonunda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülüb. Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Qaradağ rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub.
Qaradağ rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir. Son 15 il ərzində rayonda xeyli yeni daimi iş yerləri açılmışdır. Bundan əlavə Səhiyyə müəssisələri, o cümlədən xəstəxanalar - 7, xəstəxana tabeliyində olan poliklinikalar - 6, müstəqil poliklinikalar - 2, stomatoloji poliklinika - 1, özəl klinika – 1, uşaq sanatoriyası - 1, doğum evi – 1, təcili və təxirə salinmaz tibbi yardim stansiyasi - 2, Respublika Güzəm xəstəxanası, Ələt Dəmiryol xəstəxanası, sənaye müəssisələri – 90, o cümlədən 22 iri sənaye müəssisələri, mədəniyyət evləri , muzeylər, kitabxanalar, mədəniyyət və istirahət parkları, o cümlədən yerli əhəmiyyətli -10, respublika əhəmiyyətli -4, dünya əhəmiyyətli -1, dövlət qoruğu, mədəniyyət və tarixi abidələr sakinlərin istifadəsindədir.
Azərbaycan dünyəvi ölkə olsa da çox tolerantdır. Ölkəmizdə müxtəlif dinlərin daşıyıcıları üçün də hər cür şərait vardır. Qaradağ rayonunda da 10-a yaxın məscidlər, pirlər və ziyarətgahlar vardır.
Dinamik inkişaf edən hər bir regionun, şəhərin, rayonun uğur resepti olduğu kimi Qaradağın da özünə aid olan uğur resepti var. Bura innovasiyaların sürətlə tətbiqi, biznesin inkişafı üçün perspektivlərin yaradılması, böyük layihələrin reallaşdırılması və təbii ki, daşınmaz əmlaka xarici investisiyaların cəlb olunması daxildir. Ancaq buna qədər rayonun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün möhkəm iqtisadi təməl yaratmaq və onu gündən-günə möhkəmləndirmək zərurəti yaranıb. Məsələn, 2007-ci ildə Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan 300 meqavat gücündə modul tipli Səngəçal elektrik stansiyasının tikintisinə başlanılması bu özülün təməl daşlarından biri olub.
Səngəçal elektrik stansiyası 2008-ci il dekabrın 23-də istifadəyə veriləndən sonra Qaradağ sakinləri ilə görüşlərinin birində rayonun ümumi inkişafından razılığını bildirən Prezident İlham Əliyev haqlı olaraq deyib: “Rayonun bu sürətli inkişafını nəzərə alaraq, hələ bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qaradağ rayonunda böyük elektrik stansiyası tikilib istifadəyə verilib. Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki biz bilirdik ki, burada yaradılacaq yeni sənaye müəssisələri əlavə elektrik enerjisi tələb edəcəkdir”.
Həqiqətən, Səngəçal elektrik stansiyasının tikintisindən sonra, Qaradağda müasir Gəmiqayırma zavodunun, Beynəlxalq Dəniz Ticarəti Limanının, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən olan Metanol zavodunun, “Holcim-Azərbaycan” , “Norm” yeni sement zavodlarının və bir sıra digər sənaye obyektlərinin tikintisi reallaşdırılıb və bununla da dövlət başçısının düşündüyü tam yeni və müasir infrastruktura malik bir sənaye mərkəzinin yaradılmasının əsası qoyulub.
Əlbəttə, rayonun inkişafını təkcə sənaye məhsulu istehsalının sürətli artımı müəyyənləşdirmir. Yeni tikilən və istehsal gücü ilə rayonun iqtisadi potensialını artıran sənaye nəhəngləri ilə paralel olaraq Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulur və o, yaxın bir neçə onilliklərə qaradağlıların ehtiyaclarının ödənilməsinə hesablanır. Bu işlərə qapı açan isə Azərbaycan Prezidentinin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanan və artıq uğurla həyata keçirilən 2006-2007-ci və 2011-2013-cü illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı olub. Dövlətimizin başçısı çıxışlarında bu proqramların reallaşmasında Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayraq, bunu kompleks şəkildə həyata keçirməyi vacib hesab edir. Yəni tək Bakı deyil, ətraf rayon və qəsəbələr də bu məqsədlərə uyğun inkişaf etdirilməlidir. Məsələn, irəli sürülən layihələrdə paytaxtın əsas sənaye müəssisələrini Qaradağ rayonuna köçürülməklə, buranın sosial-iqtisadi mənzərəsinin, ümümi görkəminin, əhalisinin yaşayış səviyyəsinin də ən müasir standartlara cavab verməsi vəzifə olaraq qarşıya qoyulur.
Dövlət başçısının xüsusi nəzarətində olan əhalinin sağlamlığının qorunması, səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində Qaradağda görülən işlər bu sahənin də ümumi inkişaf dinamikasından geri qalmadığını göstərir. İndi istifadəyə verilən və müasir avadanlıqla təchiz edilən səhiyyə müəssisələri rayonda səhiyyənin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu deməyə əsas verir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı qeyd etmişdir ki, “hər il biz bu Proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyət üçün istiqamətlər müəyyən edilir. Bir sözlə, bu Proqramın icrası çox uğurlu addımımızdır və 2004-cü ildə birinci Proqram qəbul olunanda məsələ elə qoyulmuşdur ki, Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun”.
Bütün bu uğurların təsdiqi kimi Prezidrnt İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Mən ilin əvvəlində demişdim, əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun”.
Prezident İlham Əliyevin Qaradağ rayonuna çoxsaylı səfərləri zamanı söylədiyi “rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir, Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir,” sözlərindən ruhlanan rayon rəhbərliyi bu rayonun daha gözəl görkəm almasına çalışır.

Xəyalə Süleymanqızı

"Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Bu xəbər oxundu
- - -