Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya mediası: Bakı kimi müttəfiqi itirmək olmaz

12.04.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın aparıcı mətbuat orqanları və televiziya kanalları İlham Əliyevin prezident seçkilərində inamlı qələbə qazanmasını geniş işıqlandırıb. “Nezavisimaya qazeta” qəzeti yazır ki, hələlik seçkilərin son nəticələri barədə rəsmi məlumat açıqlanmasa da, İlham Əliyevin inamlı qələbəsi heç kimdə şübhə doğurmur. Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev qəzetə müsahibəsində bildirib ki, Moskva Azərbaycanda sabitliyin olmasında maraqlıdır. İki ölkə aqrar, energetika, nəqliyyat sahələrində uğurlu əməkdaşlıq edir, perspektivli sənaye layihələri həyata keçirilməyi planlaşdırır. Bundan əlavə, politoloq Azərbaycanın radikal dini cərəyanlar və “rəngli inqilablar”la mübarizədə Rusiyanın mühüm müttəfiqi olduğunu da nəzərdən qaçırmır. “Bu cür müttəfiqləri itirmək olmaz”, - deyə A.Karavayev qeyd edib.
Rusiyanın birinci televiziya kanalı Azərbaycanda prezident seçkilərindən hazırladığı süjetdə İlham Əlyevin böyük səs çoxluğu ilə qələbəsindən və xalqa müraciətindən söhbət açır. Süjetdə seçki məntəqələri bağlandıqdan sonra Bakı sakinlərinin İlham Əliyevin qələbəsini böyük coşqu ilə bayram etməsindən danışılır. Birinci kanalın müxbiri vurğulayıb ki, seçki məntəqələrində bülletenlərin hesablanması müşahidəçilərin nəzarəti altında aparılıb. Səsəvermənin gedişi xüsusi veb-kameralar vasitəsi ilə MSK-nın saytında yayımlanıb. Beynəlxalq müşahidəçilərin fikrincə, bu, seçkilərin qanun pozuntusu olmadan keçirilməsinə imkan verib.
“Mir” telekanalı da seçkilərin ilkin nəticələri elan olunduqdan sonra Azərbaycan paytaxtında İlham Əliyevin qələbəsinin bayram edilməsi barədə süjet yayımlayıb. Süjetdə bildirilir ki, bayram konserti və yürüş atəşfəşanlıqla başa çatıb. Bakı küçələrində öz namizədlərinin qələbəsini qeyd edən sakinlər telekanala müsahibələrində deyiblər ki, Azərbaycan xalqı uzaqgörən və güclü lideri ilə ölkənin qüdrətini yüksəltməkdə davam edəcək. Prezident İlham Əliyev 15 ildə böyük nailiyyətlər qazanıb və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əlindən gələni əsirgəmir. Azərbaycan xalqı İlham Əliyevi sevir və dəstəkləyir. İlham Əliyev növbəti prezidentlik müddətinə xalqın böyük etimadı ilə başlayır. Ölkə başçısı ötən dövr ərzində sübut edib ki, respublika inkişaf edə bilər və inkişaf etməlidir.
Rusiyanın digər federal telekanalları, o cümlədən “Rossiya 24”, “NTV”, “Beşinci kanal”, habelə TASS, “Ria Novosti” informasiya agentlikləri də Azərbaycanda prezident seçkilərinin gedişini və hazırkı Prezident İlham Əliyevin inamlı qələbəsini geniş işıqlandırıb, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan liderini təbrik etməsini diqqətə çatdırıblar.

Bu xəbər oxundu
- - -