Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Orxon-Yenisey abidələrində türk izləri...

13.04.18, 8:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qədim türklərin ətraf mühitə münasibəti

2-ci yazı

II əlyazmada nəsil qayğısına da diqqət yetirilir: “Nəsil verən xoşbəxt ayğıram. Qozağacı yaylağım, quşlu ağac qışlağım, orada durub zövq alıram, - deyir. Onu bilin yaxşıdır o”. Və ya “ilinə çatmışı (yaşı çatmışı, qocalmışı) ürütməyim, ayına çatmışı (az yaşlı) məhv etməyim, yaxşısı olsun, - deyir. Onu bilin, yaxşıdır o!” Göründüyü kimi, birinci misalda ayğır (erkək at) özünü xoşbəxt sayır, ona görə ki, döllü nəsl verə bilir. Burada ayğırın həyatında mövsümi dəyişikliklər öz əksini tapıb. Odur ki, qozağacı yaylağı, quşlu ağac qışlağından mükafatı var. İkinci misalda, qocalmışı ürütməmək - incitməmək, azyaşlını məhv etməmək - öldürməmək, yəni nəsil törətməsinə şərait yaratmaq, mane olmamaq tövsiyə edilir. Bundan ötrü yaxşısını seçmək - ovlanması nəsilvermə üçün problem yaratmayan, yaş dövrlərinə görə heyvanları seçmək qarşıya məqsəd qoyulur. Abidədə heyvanlara neqativ və pozitiv münasibətlər də öz əksini tapıb. Qədim türklər heyvanlara neqativ münasibətləri pisləyirdilər ki, biz buna abidə üzərində rast gəlirik. 37-38-ci səhifədə “İki öküzü bir boyunduruğa qoşmuş, hərəkət etməyi bacarmayaraq durur, - deyir. Onu bilin: pisdir o”. İki öküzün bir boyunduruğa qoşulması yaxın 50-60 il öncəyə qədər davam etsə də, bunun neqativ cəhətləri barədə təxminən 15-16 əsr əvvəl narahatçılıq ifadə olunurdu ki, bu da heyvanları incitməməklə bağlı idi. Qədim və orta əsr türkləri, eləcə də Azərbaycan türkləri gələcək nəsildə təbiətə qarşı müsbət emosiyalar yaratmaq, onları ətraf mühitə qağıkeş ruhda tərbiyə etmək üçün bu variantı seçiblər. Şübhəsiz, əhalidə ekoloji fikirlərin inkişafı baxımından bunun əhəmiyyəti olub.
Qədim türklərə heyvanlar xəstələnərkən istifadə etdikləri dərman bitkiləri də məlum idi. 25-ci səhifədə oxuyuruq: “Minik atı şərq günəşli yerdə arıqlayıb. Zəifləyib duraraq qalmış. Tanrı gücünə dağ üstündə bulaq, su görüb orman üstündə tər ot görüb qaçaraq getmiş, su içib, tər ot yeyib ölümdən xilas olmuş,-deyir. Onu bilin, yaxşıdır o.” Günəşli, isti yerlərdə, xüsusən yay aylarında, soyuq qış aylarına nisbətən oranizm zəifləyib arıqlayır. Ölümcül dərəcədə zəif düşmüş at şəfaverici sulardan içərək, otlardan yeyərək sağlamlığını bərpa edir. Artıq elmə məlumdur ki, xəstələnən heyvan şəfalı bitkiləri seçib yeməklə özünü müalicə edir. Görünür ki, o dövrdə əhali bəzi məlumatlara malik imişlər.
“Falnamə”də heyvanlar arasındakı münasibətlərə də rast gəlirik. “Ayılı donuzlu dağ keçidində qarşılaşıbmış. Ayının qarnı yarılmış, donuzun köpək dişi sınmış,- deyir. Onu bilin; pisdir o.” Qabanla ayı bir-birilə vaxtaşırı münasibətdə olan heyvanlardır. Z.Novruz “Vəhşilər arasında” adlı kitabında müşahidələrinə əsasən yazır ki, ”Adi şəraitdə ayı və qaban qonşu yaşayırlar. Bütün hallarda qonşuluq prinsipini ayı pozur.” Bu, ayının qaban ətini xoşlamasından irəli gəlir. “Qaban qılınc dişini işə salmağa imkan tapırsa, ona hücüm edən ayını öldürə bilir.” Bu, o halda baş verir ki, ayı qabanı yaralasın, yaxud balasını aparmaq istəsin. Yuxarıdakı misalda ayılı-donuzlu dağ kəndində qarşılaşıbmış cümləsindəki ”donuzlu” fikrimizcə, çöl donuzudur - qabandır. Yəni ayı ilə çöl donuzu - qaban dağ keçidində qrşılaşaraq köpək dişi ilə (ağzının yanlarından bayıra çıxmış bir cüt köpək dişləri qabanlarda olur. Qədim türklər bunu elmi cəhətdən düzgü müşahidə ediblər) ayının qarnını yirtmış. Nəticədə köpək dişi sınıb. Biotik əlaqənin qidalanma formalarına nümünədir. 12-ci səh-də faydalı xüsusiyyətlərinə görə canlı orqanizmlərin məhv olmasından bəhs edilir. “Qızıl başlı ilanam. Qızıl qursağımı qılıncla kəsib özümü tulladın, başımı evə göndər,- deyir. Onu bilin, pisdir o.”
Folklorda qızılbaş ilanının faydalı cəhəti barədə məlumat verilir. Xalq təbabətində ilanın başı, dərisi və qursağından müxtəlif dərmanlar hazırlandığı və müalicə vasitəsi kimi istifadə edildiyi məlumdur. “Qizilbaş ilanın” “qızıl qursağı”nın və başının kəsilib evə gətirilməsi, qalan orqanlarının kəsilib atılması göstərir ki, bu nəcib sürünən heyvana qarşı neqativ münasibət onun nəslinin kəsilməsi təhlükəsini yaratdığı üçün narhatlıq ifadə olunmuş və pislənmişdir. Çətin anlarda heyvanların insanlara kömək etməsi təkcə nağıllarda deyil (“Məlikməmməd”, ”Vəfalı at” və s.), real həyatda da rast gəldiyimiz hadisələrəndir. Məsələn, at, it ayı, dəvə, delfin və b. belə heyvanlardır. “İrk Bitik”in 52 və 53-cü səhifələrində maraqlı fikirlər çoxdur: “Ər qoşuna getmiş, yolda atı xəstələnmiş, ər qu quşu ilə qarşılaşmış, qu quşu qanadına vurub (alıb) onunla yuxarıya qalxaraq anasına, atasına çatdırmış. Anası, atası fərəhlənər, sevinər,-deyir. Onu bilin, o yaxşıdır.” Döyüş gedən igidin ati ağır vuruşlardan sonra xəstələnir (yaralanır). Sahibini mənzil başına çatdıra bilmir. Bu zaman onun köməyinə qu quşu gəlir. Igidi qanadına alıb valideynlərinə qovuşdurur və onları sevindirir. Bu bizə Məlikməmmədi işıqlı dünyaya çıxaran Zümrüd quşunu xatırladır. Hər ikisi - qu quşu da, zümrüd quşu da alleqorik obrazdır. Onlar təsvir olunan köməyi etmək gücündə deyillər, lakin əhalinin ekoloji tərbiyəsində bu cür fikirlər faydalı olub.
“Orxan-Yenisey abidələri”ndə ovçuluğun və müharibənin ətraf mühitə təsiri barədə maraq doğuran məlumatlara rast gəlirik. “Elegeş abidəsi”ndə: - “Yüz igid dostum güclü (olduğu) üçün, yüz ərən öküzə hücum etdiyi üçün ayrıldım” (tərcümə 2-ci sətr ). “Beqre abidəs”ndə: - “Yeddi canavar öldürdüm, bars, xallı maral öldürmədim” (sağ tərəf, tərcümə 10-cu sətr). ”Birinci Altın-Göl abidəsi”: - “Qızıl sona, cavan (körpə) keyiki (dağ keçisi) axtar, ağlat, hönkürt. Bacardığı üçün barsım (bəbirim) ayrılaraq getdi (öldü), əfsus” (sağ tərəf, tərcümə. 6-cı sətr). “Üçüncü Uybat abidəsi”ndə: - “Altı yaşımda atadan ayrıldım (atasız qaldım), tanınmadım. Üç böyük qardaşımdan, əfsus, ayrıldım. Ovçu...üç böyük qardaşıma ata mən idim, adım idi birlikdə” (arxa tərəf, tərcümə.16-cı sətr). “Kemçik-Cirğak abidəsi”də: - “Böyük qohumlarım, kiçik (cavan) qohumlarım, ilxım sizdən, ovda qurban verdiyim atım ağ...” (arxa tərəf. tərcümə. 7-ci sətir). “Kül Çor abidəsi”ndə: - “...idi. Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa rmlə (?) tək idi.” (Qərb tərəfi, tərcümə. 9-cu sətir).”Abakan abidəsi”ndə: - “Doğdu, dursun, artsın. Kuş ovlayan müdrik tutuk yox artsın (artmasın). Alp Kökşin oturdu.” (Qabaq tərəf, tərcümə. 5-ci sətir).
Qeyd etdiyimiz abidələr üzərindəki mətnlərdən verdiyimiz seçmələrə ekoloji baxımdan yanaşsaq görərik ki, qədim türklər ətraf mühitə ovçuluğun təsiri barədə məntiqi nəticəyəgəlməyi bacarıblar. “Yüz igid, güclü dost”unun “əlli öküzə hücum” edib öldürməsini faciə kimi qəbul edən türk bahadırı bu səbəbdən ondan ayrıldığını deyir. Yəni dostunun heyvanlara qarşı pis münasibəti xoşuna gəlmir (Elgeş abidəsi). Türk yeddi canavar öldürdüm deyir. Niyə məhz canavar, axı öldürmədiyi bars da yirtıcıdır. Deməli, ovun heç də insan üçün yırtıcı heyvan olması və qida kimi istifadəsi şərt deyil. Burda onu ən çox maraqlandıran təsərüfatına ziyan vuran heyvandır. Bu mənada insanın yaşayış məskənlərinə, ov heyvanlarına hücum edib zərər verdiyi üçün canavarı öldürür və buna fərəhlənir. Eyni zamanda demək istəyir ki, mən təkcə xallı maralı yox, bars kmi yırtıcını da öldürməmişəm. Əks halda, təbiət kompleks ziyan dəyərdi. Məqsədim canlı təbiəti məhv etmək olmayıb (Beqre abidəsi). Qəbul olunmuş ovçuluq qaydalarından biri də budur ki,boğaz və körpə heyvanları ovlamaq, onları öldürmək olmaz.. Bu, dində günah sayılır. Milli adət-ənənələrimizə də ziddir. N.Gəncəvinin “Yeddi gözəl” əsərində Bəhram şah gur ovlayarkən cavanlarına qıymır, boğaz gurları öldürmür. Azərbaycan və türk folklorunda, mifoloji ədəbiyyatlarda, tarixi qaynaqlarda belə misallara çox rast gəlmək olar. Burda dacavan keyiki ovladığı-“ağlatdığı”, “hönkürtdüyü” üçünbars ayrılaraq gedir” - ölür. Yəni dini baxımdan, körpə heyvanları öldürdüyünə görə günaha batır və özü də ölümə məruz qalır.. Əlbəttə, bars (bəbir) üçün bir yırtıcı kimi ovladığı heyvanın yaş fərqi yoxdur. Bars körpə keyiki “hönkürtməyi” bacardığı üçün ölür. Bununla barsın qidasını hansı heyvanların təşkil etdiyi bildirilir. Nədənsə tərcüməçilər keyiki mötərizədə dağ keçisi kimi veriblər. Bars isə həm bəbir, həm də pələng kimi tərcümə edilib (Birinci Altın-Göl abidəsi). Altı yaşında atasını itirən balaca bir uşaq erkən ovçuluq edərək özündən böyük üç qardaşına da “ata” olur. Yəni ov hesabına başsız qalmış ailənin dolanışığını təmin edir. Abidə üzərindəki təsvirdən belə çıxır ki, ovçu ov qaydalarına düzgün əməl etmədikdə, abqibəti pis olur. ”Üç böyük qardaşımdan, əfsus ayrıldım“ deməklə, elindən, oğlundan, hətta xanın mehriban nəvazişindən də doymayaraq nakam ayrıldığını qeyd edir (Üçüncü Uybat abidəsi). Əski qaynaqlarda türk xalqının döyüşkənliyi, cəsurluğu ilə bərabər, ova meyilliyi də təsvir edilir. “Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa tək idi”. (Kül Çor abidəsi)., yaxud “...ovda qurban verdiyim atım ağ...” (Kemçik-Circak abidəsi) kimi ifadələr bunu göstərir. Ancaq mətnlərdə qaydasız ovun acı nəticələri və onu doğuran səbəblərə münasibət də var. Quş balalayır, nəsil verir ki, artsın, amma “müdrik” adlandırılan bir valinin (tutuk-qoşunda rütbəli şəxs) silahına tuş gəlir. Onun bu hərəkəti pislənir. “Kuş ovlayan tutuk artmasın”. Yəni neqativ əməlinə görə ölsün, çünki təbii sərvəti məhv edir, çoxalmanın qarşısını alır (Abakan abidəsi).
“Gül Çor abidəsi”ndə də “Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa rmlə tək idi” sətrinin birinci hissəsində müharibənin, döyüşün ətraf mühitə təsiri əks olunub. Döyüşlərin baş verdiyi, qoşunların keçib getdiyi yerlər kütləvi insan ölümü ilə məhdudlaşmır, həm də ərazidəki mövcud bitki və heyvan növlərinin stabilliyi pozulur, tapdaq altında qalaraq sıradan çıxır, hərbi silahların qurbanı olur. Qoşunların və atların ayaqları, döyüş arabalarının təkərləri altında qalan əkin və biçənək torpaqları yararsız hala düşür. Təbiət və tarixi abidələr dağıdılır, faydalı qazıntılar qarət edilir.

Yusif Dirili

Bu xəbər oxundu
- - -