Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğan Trampla Putin arasında vasitəçilik edir?

13.04.18, 8:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə Suriya məsələsində ABŞ-la Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Çünki Türkiyə bölgədə sabitlik istəyir və bunun üçün də bu balansı qorumağa məcburdur.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığına münasibət bildirən Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, Türkiyə bölgədə öz siyasətini yürütməyə davam edir:
“Bu gün Suriyanın şimalındakı ABŞ-ın dəstəklədiyi və Türkiyənin terrorçu saydığı qruplar Türkiyə və ABŞ arasında kriz yaranmasına səbəb olur. Bu telefon danışığının əsas məqsədi ABŞ və Türkiyə arasındakı böhranının daha da dərinləşməməsi üçündür. Çünki əgər ABŞ bölgəyə müdaxilə etsə, Türkiyə kimi müttəfiqini itirmək ABŞ-a heç sərf etməz. Üstəlik belə bir hadisə Türkiyənin tamamilə Rusiya və İranla əməkdaşlığına səbəb olacaqdır. Eyni zamanda bu üç dövlətlə bölgədə mübarizə aparmaq ABŞ-ın heç də işinə yaramaz. Ona görə Amerika bu cəhətdən NATO üzvü olan Türkiyə ilə işbirliyini davam etdirmək istəyir”.
T.İsmayıl qeyd edib ki, Türkiyəyə də ABŞ-la əlaqələrin tamamilə pozulması sərf etmir:
“Çünki Türkiyə Rusiya və İranla Suriya məsələsində nə qədər işbirliyi etsə də, bəzi məqamlarda onlar arasında fikir ayrılıqları mövcuddur. Türkiyənin məqsədi Suriyada ərazi bütövlüyünün qorunması, Əsədin hakimiyyətdən getməsi və bu ərazidə daha demokratik və davamlı rejimin qurulmasıdır. Ona görə də Türkiyənin İran və Rusiya ilə bəzi məqamlarda fikirləri üst-üstə düşmür”.
Politoloqun sözlərinə görə, hazırda Bəşər Əsədin hakimiyyətdən getməsi təbii ki, Türkiyənin işinə yarayır:
“Digər tərəfdən, bunun müharibə yolu ilə edilməsi isə Türkiyə üçün əlverişli deyil. Çünki bölgədə yeni müharibə yeni iqtisadi böhran, yeni köç dalğası deməkdir. Bu zaman isə ağır yük yenə də Türkiyənin üzərinə düşəcək. İraq məsələsində olduğu kimi, bu gün də Türkiyə Suriyada hər hansı bir müharibənin olmasını dəstəkləmir”.
Toğrul İsmayıl ABŞ-la Rusiya arasında gərginliyi Suriyada Əsədin kimyəvi silahdan istifadə etmə məsələsinin pik həddə çatdırdığını vurğulayıb:
“Amma işin iç üzü göründüyü qədər bəsit deyil. Daha həssas və daha fərqli dinamitlər var. Çünki ABŞ-ın Suriyada raketlərdən istifadə etməsi, bölgədə açıq savaşın başlaması realdır. ABŞ-ın buna gücü də var. Rusiyanın bu hücuma cavab verməsi isə bölgədə vəziyyəti daha da kritikləşdirər. Ona görə də bu yaxın zamanın çox təhlükəli olduğunu deyə bilərəm”.
Qeyd edək ki, iki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Donald Tramp Suriya ətrafında yaranmış yeni böhran vəziyyətini müzakirə edib. Ötən gün isə Ərdoğan Rusiya lideri Putinlə bu mövzuda danışıb. Danışıqların təfərrüatı açıqlanmayıb.

Bu xəbər oxundu
- - -