Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ müharibəsinə görə dizinə döyən ermənilər

13.04.18, 8:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sovet illərində Rusiya ilə ümumi sərhədləri olmayan Ermənistan mərkəzlə əsasən Azərbaycan SSR ərazisi ilə əlaqə yaradırdı. Ancaq Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan özünü faktiki olaraq iqtisadi blokadaya atdı. Aydındır ki, blokadanın yarılması Ermənistana genişmiqyaslı iqtisadi layihələrə qoşulma imkanı verəcək, bunun nəticəsində respublika rifah yoluna girəcək.
Ərazi münaqişələrinin dəstəklənməsindən imtina etmək ideyasının həyata keçirilməsi qarşılıqlı faydalı iqtisadi layihələrin hazırlanması və həyata keçirilməsinə gətirib çıxaracaq, bu isə Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyaların artdığı bir şəraitdə xüsusilə vacibdir.
Bu sözlər “Vestnik Kavkaza”nın köşə yazarı Mamikon Babayanın Ermənistanı iqtisadi blokadadan çıxarmaq yolları haqda yazısındandır.
O qeyd edib ki, Ermənistan üçün Qarabağ müharibəsinin aydın nəticəsi respublikadakı mövcud vəziyyətə indi də mənfi təsir göstərən ağır iqtisadi vəziyyətdir:
“Münaqişə nəticəsində Ermənistan siyasəti təcrid vəziyyətinə düşdü. Ermənistan 4 ölkə ilə həmsərhəddir ki, onlardan ikisi ilə yumşaq dillə desək, münasibətləri uyğunlaşmır. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və sərhədləri əvvəlki kimi Ermənistan üçün qapalı saxlayır. 90-cı illərin əvvəlində SSRİ-nin süqutundan sonra Türkiyənin Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmasına baxmayaraq, diplomatik əlaqələrin qurulması və qarşılıqlı faydalı ticarət sazişlərinin bağlanması mümkün olmadı. İran Ermənistana qarşı dostluq siyasəti həyata keçirsə də, Qərblə düşmən münasibətindədir. Abxaziya və Osetiya problemlərinin həll olunmaması isə Gürcüstan və Ermənistan arasında əməkdaşlığa müəyyən məhdudiyyətlər gətirir.
Nəqliyyat təcridi müasir Ermənistan üçün vacib problemlərdəndir. Nəqliyyat blokadası özünü dəmir yolu nəqliyyatında da göstərir. Dağlıq Qarabağ münaqişə nəticəsində Naxçıvan MR ərazisindən keçdiyi üçün Meğri və Masis rayonlarını birləşdirən dəmiryolu xətti bağlandı. Bu gün Ermənistan da Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır.
Beləliklə, Ermənistanın cənubu dəmiryolu əlaqəsindən kəsilir, dəmiryolu şəbəkəsi yalnız ölkənin şimal rayonlarında fəaliyyət göstərə bilir. Ermənistanda Ermənistan-İran dəmiryolunun tikintisi ilə yol infrastrukturunun potensialını bərpa etməyə ümid edirlər, lakin layihə hələ də həyata keçirilməyib.
Dəmiryol xəttinin inkişafı üçün ikinci perspektivli sahə Abxaziyanın ərazisindən keçən Zaqafqaziya dəmiryolunun bir hissəsinin bərpası ola bilər. Bunda həmçinin Rusiya da maraqlıdır. Belə ki, 1991-ci ildən indiyə qədər Tiflis gürcü-abxaz münaqişəsinə görə Soçi-Suxumi-Tiflis-İrəvan marşrutu ilə dəmiryol əlaqəsini kəsib. Ötən 24 il ərzində isə həmin magistral tamamilə tənəzzülə başlayıb.
Ermənistanın iqtisadi blokadası postsovet məkanında inteqrasiya proseslərində iştirakının qarşısını aldı, təkbaşına isə Ermənistan üçün xarici borcu illik gəlirindən dəfələrlə çox olan ölkələrin siyahısında yer almamaq çətin olacaq. Ancaq ölkənin KTMT-da iştirakına baxmayaraq, respublikanın və bunun nəticəsi olaraq Dağlıq Qarabağın militarizasiyası İrəvanı orduya fəal şəkildə sərmayə qoymağa vadar edir. Bu isə insanların həyatına və respublikanın siyasi elitasının ritorikasına iz qoyur. Xalq daimi olaraq münaqişənin gərginləşməsi qorxusu ilə yaşayır və bu da həmçinin miqrasiya bəhanələrinə xidmət edir.
Sovet İttifaqının süqutundan əvvəl Ermənistan özünün xammal tələbatını müttəfiq respublikalardan idxal hesabına təmin edirdi. Beləliklə, Azərbaycan Ermənistana kimya və yanacaq sənayesi, maşınqayırma, tərəvəz məhsulları verirdi. Ermənistan isə əsasən hazır məhsullar – iş alətləri, kənd təsərrüfatı maşınları, avtomobillər, geyim və qablar göndərirdi. 1980-ci illərin sonunda Ermənistanın istehsal həcminin 70 faizi idxal olunan məhsullara əsaslanırdı. Eyni zamanda, istehsalın 60 faizi ixrac edilirdi. Müharibə səbəbindən Ermənistan təcili olaraq özü üçün alternativ karbohidrogen mənbələri axtarmağa məcbur qaldı. İran 90-cı illərin ortalarından etibarən əsas enerji idxalçısı və Ermənistanın enerji təhlükəsizliyinin təminatçısı oldu. Bu gün Ermənistan, deyilənə görə, yüksək qiymətlərlə satılan İran qazından asılıdır.
İqtisadi blokada Ermənistanda bir çox sənaye sahələrini məhv etdi. RAN İqtidadiyyat İnstitutunun (postsovet ölkələrinin sosial-iqtisadi inkişafı: iyirmi illiyin nəticələri) məlumatlarına görə, müharibədən sonra sənaye sahəsində işləyənlərin sayı 458 min nəfərdən 180 minədək (2.5 dəfə) azalıb ki, bu da öz növbəsində elektrik enerjisi, təbii qaz istehsalının və istehlakının azaldılmasına təsir göstərib. Eyni zamanda, kənd təsərrüfatında məşğulluq 389 min nəfərdən 567 min nəfərədək artıb (1.5 dəfə)
Bu gün Ermənistan informasiya texnologiyalarına sərmayə qoyur. Eyni zamanda, hər hansı bir inkişaf etməkdə olan sənaye sahəsində olduğu kimi, Ermənistanın start-apları da texnologiya dəyişikliyinə tez cavab vermək ehtiyacı ilə üzləşirlər. Sənaye miqyasında rəqabət qabiliyyətli məhsullar istehsal etmək üçün daha geniş bir auditoriya və qlobal investisiyaların cəlb edilməsi lazımdır ki, buna da həll olunmamış Qarabağ məsələsi maneə törədir.
Bu arada Ermənistanın sabiq prtezidenti Sərkisyan İtaliyanın “La Stampa” qəzetinə verdiyi müsahibəsində ATƏT-in Minsk Qrupunun sənədlərinin Dağlıq Qarabağa müstəqillik verməyəcəyini etiraf edib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, İtaliyanın “La Stampa” qəzetinə verdiyi müsahibədə Serj Sərkisyanın mövqeyi bir sıra prizmalardan xüsusi diqqət çəkir:
I. Bu, S.Sərkisyanın prezident qismində xarici mətbuata verdiyi son müsahibəsi idi.
II. La Stampa Cənubi Qafqaz regionunu, Dağlıq Qarabağ problemini o qədər də yaxşı bilmir. Ona görə S.Sərkisyanın yalanı iri addımlarla irəlilədi.
III. S.Sərkisyan Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdığını bəyan etdi: Əvvəlcə Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməlidir. Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunan kimi birinci elə Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq.
Burdan bir çox nəticələr çıxarmaq mümkündür. Amma ən vacib nəticə odur ki, S.Sərkisyanın özünün də on illik prezidentliyi dövründə ATƏT MQ-da hazırlanmış sənədlər Dağlıq Qarabağa müstəqillik vəd etmir. S.Sərkisyan bax bunu etiraf etdi.
S.Sərkisyan həm də hal-hazırda Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin da tutduğu mövqedən narazılığını bildirdi.
Digər arqumentlər də bunu deməyə əsas verir. S.Sərkisyanın partiyasına məxsus deputatlar Ermənistan parlamentində noyabrın 24-də Aİ-nin Brüssel sammitində imzalanmış müqavilənin ratifikasiyası zamanı Dağlıq Qarabağ mövzusuna xüsusi münasibət bildirdilər. Əslində sənəd hazırlanarkən Ermənistan rəhbərliyinə Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe çox əla bəlli idi. Aİ birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və 2017-ci ilin noyabrın 24-də Aİ-nin Brüssel sammitində imzalanan sənəddə də ərazi bütövlüyü, dövlət suverenliyinə dəstəkləməklə yanaşı Şərq Tərəfdaşlığı Proqramı məkanında olan münaqişələrə vahid yanaşma ortalığa qoydu; Gürcüstan, Moldova, Azərbaycan və Ukrayna ərazisindəki münaqişələr ərazi bütövlüyü və dövlət suverenliyi prinsipi əsasında tənzimlənməlidir. Amma bu vaxtadək Aİ Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələrə bir, Dağlıq Qarabağ münaqişəsinə isə fərqli mövqe nümayiş etdirib. Ermənistan rəhbərliyi bunu bilə-bilə sənədi imzaladı. Amma indi parlamentdə gedən müzakirələrdə isə Ermənistan rəhbərliyinin tutduğu mövqe Avropa İttifaqına qarşı bəhanə axtarmağa daha çox bənzəyir. Hər halda S.Sərkisyanın təhlükəsizliklə bağlı dediyindən digər nəticələri də çıxarmaq mümkündür. S.Sərkisyan özü etiraf edir ki, Dağlıq Qarabağ və ətraf rayonlara azərbaycanlılar qayıdacaq. ATƏT MQ həmsədrlərinin hazırladığı sənəddə bu birmənalı şəkildə göstərilib. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması şərti ilə S.Sərkisyanın özünün nəzərdə tutduğu təhlükəsizlik təminatı nə qaydada olacağı onun özünə də bəlli deyil. Çünki hələ ən azı azərbaycanlılar olmadan S.Sərkisyan artıq Dağlıq Qarabağda təhlükəsizliyi təmin edə bilmir, Dağlıq Qarabağ S.Sərkisyanın arzuladığı istiqamətdə getmir. Ətraf rayonların Azərbaycana qayıtması məcburi şərtdir.
Təhlükəsizliyi indiki vəziyyətdə saxlamaq Ermənistana qat-qat baha başa gələcək. Əhalisinin sayı azalan, iqtisadiyyatı getdikcə zəifləyən, vətəndaşlarının dövlətə inamı itmiş Ermənistanın bundan sonra güc toplayıb əlavə təhlükəsizlik tədbirləri görə bilməsi imkan xaricindədir.
S.Sərkisyanın dövründə ən ciddi dəyişikliklərdən biri də Ermənistanın diasporla az qala qarşıdurma vəziyyətində olmasıdır. Belə olan təqdirdə S.Sərkisyana xaricdən də dəstək gəlməyəcək. Ona görə ya S.Sərkisyan La Stampa müxbirinin məlumatsızlığından istifadə edib öz ağlına gələni danışıb və yaxud S.Sərkisyanın doğrudan da psixi problemləri var və yaxud da doğrudan da ola bilər S.Sərkisyan artıq hesab edir ki, ATƏT-in Minsk Qrupundan imtina etməklə yeni imitasiya resursu yaratmaq olar”.
Cavid

Bu xəbər oxundu
- - -