Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lənkəran və Masallıda əmək qanunvericiliyi ilə bağlı seminar-müşavirə keçirilib

13.04.18, 10:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-maarifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda təşkil edilən tədbir Lənkəran şəhər 2 nömrəli tam orta keçirilib. Seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və 9 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin, rayon polis şöbəsinin, Lənkəran, Lerik və Astara rayon təhsil şöbələrinin, Lənkəran şəhər Peşə Liseyinin, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin, həmin rayonlardakı ayrı-ayrı işəgötürənlərin nümayəndələri, bir sıra məktəblərin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Xidmətin sektor müdiri Emil Allahverdiyev uşaq əməyinə münasibətdə qanunvericilikdə əksini tapan prinsiplər barədə maarifləndirmənin aparılmasının əhəmiyyəti barədə məlumat verərək seminar-müşavirənin həmin məqsədlə keçirildiyini söyləyib.
Qeyd olunub ki, 2004-cü ilin yanvarından ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” 182 nömrəli Konvensiyasına qoşulub və uşaq əməyinə münasibətdə mütərəqqi beynəlxalq normalara uyğun qanunvericilik fəaliyyət göstərib. Bildirilib ki, BƏT-in məlumatına əsasən dünyada 246 milyondan çox 5 yaşından 14 yaşına qədər uşaq əmək fəaliyyəti ilə məşğuldur. Həmin uşaqlardan təxminən 180 milyonu təhlükəli şəraitdə çalışır və onların əməyindən qanunsuz istifadə edilir. Həmçinin onlardan 75 milyondan çoxu ibtidai təhsil almadan erkən yaşlarda əməyə cəlb edilmiş uşaqlardır. Ölkəmizdə aparılan fəal dövlət siyasəti, aidiyyəti qurumların həyata keçirdikləri birgə tədbirlər uşaq əməyinin istismarı hallarının minimuma enməsinə imkan verib.
Tədbirdə qanunvericilikdə uşaqların əmək hüquqları ilə bağlı müəyyən edilən prinsip və yanaşmalar, 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb. Masallı rayonunda Heydər Əliyev Mərkəzində “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda təşkil olunan seminar-müşavirədə isə yerli sahibkarlarla yanaşı Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri də iştirak edib. Tədbir zamanı iştirakçılara əmək normaları və onların tətbiqi, dəyişdirilməsi, yenidən baxılması, əməyin ödənilmə dərəcələri və s. barədə məlumatlar verilib. Hər iki tədbirdə müzakirə olunan mövzuları əhatə edən çap materialları paylanılıb.

Bu xəbər oxundu
- - -