Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il qeyri-neft sektoruna 1,5 mlrd. manat yönəldilib

13.04.18, 10:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2 mlrd. 869,2 mln. manat vəsaitin 1 mlrd. 456,2 mln. manatı və ya 50,8%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2% artıb. Dövlət Statistika Komitəsi xəbər verir ki, ümumi sərmayənin 74,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 75,8%-i məhsul istehsalı obyektlərinin, 18,2%-i xidmət sahələri üzrə obyektlərin, 6%-i isə ümumi sahəsi 383,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 51,7%ini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4%, bank kreditləri 13,7%, büdcə vəsaitləri 19,4%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,6%, sair vəsaitlər isə 0,5% təşkil edib. 2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.

Bu xəbər oxundu
- - -