Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın əlavə təhlükəsizlik tədbirləri görə bilməsi imkan xaricindədir”

13.04.18, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Serj Sərkisyan ATƏT-in Minsk Qrupunun sənədlərinin Dağlıq Qarabağa müstəqillik verməyəcəyini etiraf etdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, İtaliyanın “La Stampa” qəzetinə verdiyi müsahibədə Serj Sərkisyanın mövqeyi bir sıra prizmalardan xüsusi diqqət çəkir:
I. Bu, S.Sərkisyanın prezident qismində xarici mətbuata verdiyi son müsahibəsi idi.
II. La Stampa Cənubi Qafqaz regionunu, Dağlıq Qarabağ problemini o qədər də yaxşı bilmir. Ona görə S.Sərkisyanın yalanı iri addımlarla irəlilədi.
III. S.Sərkisyan Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdığını bəyan etdi: Əvvəlcə Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməlidir. Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunan kimi birinci elə Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq.
Burdan bir çox nəticələr çıxarmaq mümkündür. Amma ən vacib nəticə odur ki, S.Sərkisyanın özünün də on illik prezidentliyi dövründə ATƏT MQ-da hazırlanmış sənədlər Dağlıq Qarabağa müstəqillik vəd etmir. S.Sərkisyan bax bunu etiraf etdi.
S.Sərkisyan həm də hal-hazırda Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin da tutduğu mövqedən narazılığını bildirdi.
Digər arqumentlər də bunu deməyə əsas verir. S.Sərkisyanın partiyasına məxsus deputatlar Ermənistan parlamentində noyabrın 24-də Aİ-nin Brüssel sammitində imzalanmış müqavilənin ratifikasiyası zamanı Dağlıq Qarabağ mövzusuna xüsusi münasibət bildirdilər. Əslində sənəd hazırlanarkən Ermənistan rəhbərliyinə Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe çox əla bəlli idi. Aİ birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və 2017-ci ilin noyabrın 24-də Aİ-nin Brüssel sammitində imzalanan sənəddə də ərazi bütövlüyü, dövlət suverenliyinə dəstəkləməklə yanaşı Şərq Tərəfdaşlığı Proqramı məkanında olan münaqişələrə vahid yanaşma ortalığa qoydu; Gürcüstan, Moldova, Azərbaycan və Ukrayna ərazisindəki münaqişələr ərazi bütövlüyü və dövlət suverenliyi prinsipi əsasında tənzimlənməlidir. Amma bu vaxtadək Aİ Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələrə bir, Dağlıq Qarabağ münaqişəsinə isə fərqli mövqe nümayiş etdirib. Ermənistan rəhbərliyi bunu bilə-bilə sənədi imzaladı. Amma indi parlamentdə gedən müzakirələrdə isə Ermənistan rəhbərliyinin tutduğu mövqe Avropa İttifaqına qarşı bəhanə axtarmağa daha çox bənzəyir. Hər halda S.Sərkisyanın təhlükəsizliklə bağlı dediyindən digər nəticələri də çıxarmaq mümkündür. S.Sərkisyan özü etiraf edir ki, Dağlıq Qarabağ və ətraf rayonlara azərbaycanlılar qayıdacaq. ATƏT MQ həmsədrlərinin hazırladığı sənəddə bu birmənalı şəkildə göstərilib. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması şərti ilə S.Sərkisyanın özünün nəzərdə tutduğu təhlükəsizlik təminatı nə qaydada olacağı onun özünə də bəlli deyil. Çünki hələ ən azı azərbaycanlılar olmadan S.Sərkisyan artıq Dağlıq Qarabağda təhlükəsizliyi təmin edə bilmir, Dağlıq Qarabağ S.Sərkisyanın arzuladığı istiqamətdə getmir. Ətraf rayonların Azərbaycana qayıtması məcburi şərtdir.
Təhlükəsizliyi indiki vəziyyətdə saxlamaq Ermənistana qat-qat baha başa gələcək. Əhalisinin sayı azalan, iqtisadiyyatı getdikcə zəifləyən, vətəndaşlarının dövlətə inamı itmiş Ermənistanın bundan sonra güc toplayıb əlavə təhlükəsizlik tədbirləri görə bilməsi imkan xaricindədir.
S.Sərkisyanın dövründə ən ciddi dəyişikliklərdən biri də Ermənistanın diasporla az qala qarşıdurma vəziyyətində olmasıdır. Belə olan təqdirdə S.Sərkisyana xaricdən də dəstək gəlməyəcək. Ona görə ya S.Sərkisyan La Stampa müxbirinin məlumatsızlığından istifadə edib öz ağlına gələni danışıb və yaxud S.Sərkisyanın doğrudan da psixi problemləri var və yaxud da doğrudan da ola bilər S.Sərkisyan artıq hesab edir ki, ATƏT-in Minsk Qrupundan imtina etməklə yeni imitasiya resursu yaratmaq olar”.

Bu xəbər oxundu
- - -