Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

16.04.18, 7:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ərazicə Abşeron yarımadasının böyük bir hissəsində yerləşən, istər sosial–iqtisadi, istərsə də mədəni inkişaf baxımından son illər çox sürətlə tərəqqi edən Qaradağ rayonu günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir.
Qaradağ rayonu Azərbaycanın ən iri neft–qaz sənaye müəssisələrinin yerləşdiyi məkanlardandır. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının reallaşmasında Bakının Qaradağ rayonunun da müstəsna rolu var. Hələ ötən əsrin 80–ci illərində məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində Qaradağ rayonunda regionda analoqu olmayan və bu gün haqlı olaraq ulu öndərimizin adını daşıyan Dərin Dəniz Özülləri zavodunun istismara verilməsi, digər neft sənayesi müəssisələrinin inşası bu gün milli neft strategiyasını uğurla reallaşdırmağa imkan verir.
Bu gün Qaradağ rayonunda da böyük quruculuq və abadlıq işləri geniş vüsət alıb.
Prezident İlham Əliyevin 2012–ci il dekabrın 29–da imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir. Təsadüfi deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla reallaşmasında Qaradağ rayonu da mühüm rola malikdir. Qaradağ rayonunda Neft–Qaz və Neft–Kimya Kompleksinin yaradılması qlobal layihədir. 2013–cü ildə başlanan layihə 2020–ci ilin dekabrında neft emalı zavodunun tikintisi ilə sona çatacaqdır. Bu nəhəng layihə təxminən 14 milyard dollara başa gələcəkdir.
Ötən il rayonda həm də sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində də xeyli işlər görülüb. Belə ki, Putada “Xəzər–Boru” şirkətinin İstehsalat Bazasının və Metanol zavodunun, Səngəçalda “AAC” MMC–nin Qazobeton blokları və “As Kompani” MMC–nin Əhəng istehsalı müəssisələrinin tikintisi başa çatdırılıb. Sahil qəsəbəsinin inzibati ərazisində Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə “Holcim–Azərbaycan” ASC–nin yeni Sement Zavodunun və Qaradağ Metal Konstruksiyalar Zavodunun işə düşməsi ilə 350–yə yaxın yeni iş yeri açılıb.
İl ərzində rayon əhalisinin asudə vaxtının səmərəli təşkili, mədəni–məişət şəraitinin yaxşılaşdırılması üçün mövcud park, xiyaban, məhəllədaxili ərazilərdə, uşaq meydançalarında və avtomobil yollarında geniş abadlıq və quruculuq işləri aparılıb.
Bakı–Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi aparılıb. Hasarların qarşısında tamet döşənmiş, bordür düzülmüş, divarlar müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir. Həmin ərazidə ağac və bəzək kolları əkilib.
Rayon əhalisinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində də xeyli işlər görülüb.
Əhalinin təbii qaz, elektrik və istilik enerjisi, içməli su ilə təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülüb. Prezidentin imzaladığı müvafiq Dövlət Proqramının aparıcı istiqamətlərdən birini təşkil edən paytaxtətrafı qəsəbələrin su və kanalizasiya təchizatı sistemlərinin əsaslı şəkildə yenidənqurulması işlərinə başlanması Qaradağ rayonunun da bu sahələrdə mövcud olan problemlərin böyük əksəriyyətinin həll olunması ilə nəticələnəcəkdir.
Hazırda rayonda 15663 nəfər və ya 3614 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb. Onların yaşayış şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli rayon rəhbərliyinin daimi diqqətindədir. Ötən il Ümid qəsəbəsində kottec tipli fərdi yaşayış evlərinə qaz xətlərinin çəkilişi, xeyir–şər evinin əsaslı təmiri başa çatdırılıb.
Son illərdə olduğu kimi, 2017–ci ildə də humanitar sahələrdə dövlət siyasətinin layiqincə həyata keçirilməsi, rayonun təhsil, səhiyyə, mədəni–maarif müəssisələrinin tikintisi və təmiri ilə bağlı xeyli işlər görülüb. Dövlətimizin başçısının “Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial–iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 6 aprel 2011–ci il tarixli 1417 saylı sərəncamına uyğun olaraq Qobustan qəsəbəsində 800 şagird yerlik 330 nömrəli yeni müasir tipli ümumtəhsil məktəb binasının tikintisi başa çatıb. Müşfiqabad qəsəbəsindəki 67 nömrəli körpələr evi–uşaq bağçası əsaslı təmir olunduqdan sonra körpələrin istifadəsinə verilib. Ümumi sahəsi 2.389 kvadratmetr olan, 220 yerlik bağçada körpələrin təlim–tərbiyəsi üçün hər cür şərait nəzərə alınıb. Burada yeməkxana, həkim, musiqi və digər otaqlar vardır. Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılıb.
Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial–iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq Ələt qəsəbəsindəki 32 nömrəli köhnə poliklinika binası sökülərək, yerində müasir standartlara cavab verən, yeni avadanlıqlarla təchiz olunmuş iki mərtəbəli, sahəsi 1572 kvadratmetr olan 47 otaqdan ibarət, müasir işıq, istilik və yanğından mühafizə sistemi, su anbarı ilə təmin olunmuş yeni bina inşa edilib. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Çeyildağ qəsəbəsində Təcili Tibbi Yardım stansiyası və ümid qəsəbəsində tibb məntəqəsi tikilib istifadəyə verilib. Dövlət Proqramına uyğun olaraq Müşfiqabad qəsəbəsində yerləşən 13 nömrəli şəhər Poliklinikasında və Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb.
Rayon icra hakimiyyətinin başçı tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması yüksək səviyyədə təşkil olunur
Cari işlərdə müasir üslub və metodlardan istifadə edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və dövlət qulluğu ilə bağlı son qanunvericilik aktlarının icrasının təmin olunması Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Rayon icra hakimiyyəti başçısının yanında Şurada ölkə başçısının aidiyyəti üzrə sərəncamlarının, müvafiq dövlət proqramlarının rayonda icra vəziyyəti, rayonun sosial–iqtisadi inkişafı məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Rayonun sosial-iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf tempi 2017-ci il ərzində də saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olub. Sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil edib.
2017-ci ildə nəqliyyat sektorunda 76 milyon 503 min manat, rabitə müəssisələrində isə 3 milyon 464 min manat həcmində xidmət göstərilib.
Azərbaycan Prezidenti onun üçün hər zaman doğma olan Qaradağ rayonuna təkcə 2017-ci il ərzində üç dəfə səfər edib. Bu səfərlər çərçivəsində İlham Əliyev may ayının 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin Qaradağ rayonuna səfərləri hesabat dövrünün ən mühüm və yaddaqalan hadisələrindən olub.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir. Həyata keçirilmiş tədbirlərin davamı olaraq keçən ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mərasimdə iştirak edib.
Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.
Qaradağ rayonuna yatırılan investisiyanın həcmi ildən-ilə artır.Tək yerli iş adamları deyil, xarici investorlar da Qaradağ rayonuna investisiya yatırmaqda maraqlıdırlar. Rəsmi statistik rəqəmlərə əsasən, ötən il rayon iqtisadiyyatına 150,1 milyon manatlıq investisiya qoyulub. İnvestisiyanın 27,5 faizi, yəni 41,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Qaradağ rayonu ilə Rusiyanın Volqoqrad, Ukraynanın Kiyev vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri, Çinin Çunçinq şəhərinin Çuzulunpo, Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə, həmçinin, Koreyanın Seul şəhərinin Yonqsan rayonu ilə “Dostluq və əməkdaşlıq haqqında” Memorandum imzalanıb.
Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong saziş imzalayıblar.
...Qaradağ rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayonunlarından olduğunu desək, heç də səhv etmərik. Burada aparılan abadlıq–quruculuq işlərinin vüsəti, istifadəyə verilən və inşasına başlanılan sosiai–sənaye obyektlərinin miqyası o qədər böyükdür ki, bunların hamısını bir yazıda qeyd etmək mümkünsüzdür. Əminik ki, yaxın illərdə bu proses daha da güclənəcək və Qaradağ ölkəmizin ən aparıcı, ən inkişaf etmiş müasir diyarına çevriləcəkdir.
Cavid Şahverdiyev
Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)