Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarkisyan Qarabağ məsələsində acı məğlubiyyətə düçar olub

16.04.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanda işğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın baş nazir olmasına qarşı kütləvi aksiyalar davam edir. Qeyd edək ki, martın sonlarından Sərkisyanın baş nazir təyin olunmasına və beləliklə, hakimiyyəti zəbt etməsinə etriaz əlaməti olaraq Ermənistanın müxtəlif şəhərlərində yürüşlər keçirilir. İrəvandakı yürüş isə sonra Fransa meydanında böyük aksiya ilə nəticələnib.
Daha sonra İctimai Radionun binasını ələ keçirilib. Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan xalqı Serj Sərkisyana qarşı mübarizəyə səsləyib.
Erməni mediasının yazdığına görə, Sarkisyana qarşı etirazın kökündə həm də illərdir Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması dayanır. Yazılanlara görə, Sarkisyan hakimiyyətdə olduğu illərdə münaqişənin həllində dövlət maraqlarını müdafiə etməyib, əksinə tutduğu mövqe ölkənin iqtisadiyyatını daha da zəiflədib, üstəlik informasiya müharibəsində Azərbaycana uduzub. Medianın yazdığına görə, Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ölkəni uşuruma aparmaqla yanaşı əsgər ölümünün sayını da artırıb. Ona görə də cəmiyyət bu şəxsin baç nazir olub yenidən hakimiyyətə yiyələnməsini istəmir.
Politoloq Mirsamir Məmmədovun fikrincə, Sarksiyan baş nazir postuna rəsmi Kremlin razılığı ilə gətiriləcək: “Düzdür, Ermənistan ictimaiyyəti artıq dərk edib ki, Sarkisyan rejimi Dağlıq Qarabağ münaqişəsinin həllində irəli heç bir addım atmadı. Əksinə daxili auditoriyanı sakitləşdirmək məqsədilə verdiyi vədlərin hamısı zaman-zaman iflasa uğradı. Ermənilər gördülər ki, Sarkisyan yalnız bo vədlər verməklə xalqın başını aldadır. Ölkə iqtisadiyyatı dağılıb, orduda heç bir quruculuq işləri aparılmadı, vəziyyət getdikcə ağırlaşdı, əhali ölkəni tərk etmək məcburiyyətində qaldı, üstəlik əsgər ölümünün sayının artması, erməni analarının Sarkisyana qarşı etirazları sürətləndi. Azərbaycanın iri iqtisadi layihələrə qoşulması, beynəlxalq arenada güclənməsi, eyni zamanda, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətini yönləndirməsi, ordunu gücləndirməsi, iqtisadi inkişaf , ən başlıcası isə ordunu müasir silahlarla təchiz etməsi və s. amillər erməni ictimaiyyətinin Sarkisyan hakimiyyətinə nifrətini artırdı. Əhali ondan hesabat tələb etdi, amma o, bu vaxtadək bir dəfə də olsun geniş auditoriya qarşısında çıxış etməkdən çəkindi. Çünki, deyəcəyi, vəd edəcəyi sözü qalmamışdı”.
Politoloq onu da əlavə edib ki, Ermənistan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. Münaqişənin həll olunmaması işğalçı ölkənin diz çökməsinə səbəb olub: “Baxın, Yaxın və Orta Şərqdə Suriya məsələsi dünyanın hegemon dövlətlərini üz-üzə qoyub. ABŞ-Rusiya qarşıdurması, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi Ermənistanı da çökdürüb. Erməni mçətbuatı yazır ki, Rusiyada minlərlə erməni işsiz qalıb. Ermənistan bütün iqtisadi layihələrdən kənardadır, ölkədə istehsal yoxdur, Sarkisyan ölkəni elə bərbad günə salıb ki, xarici diaspor təşkilatları da artıq ona yardım etmir. Rusiyanın əli ilə hakimiyyətə gətirilən Sarkisyan Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya məğlub olduğundan xalqını dilənçi vəziyyətinə saldı. Bundan başqa Azərbaycanın Dağlıq Qarabağda müharibə edəcək ehtimalının tezliklə reallaşacağı, hətta rusiyalı generallar tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardım etməyəcəyi fikirləri artıq Qarabağ məsələsində Sarkisyanın acı məğlubiyyətə düçar olduğunu göstərdi. Ona görə də əhali yenidən Sarkisyan hakimiyyəti altında yaşamaq istəmədiyindən etiraz edir”.
Ekspert Elşən Həsənov isə bildirib ki, Ermənistan əhalisinin Sarkisyanın baş nazir olmasını istəməməsi heç bir nəticə verməyəcək: “Ermənistan Rusiyanın bir əyalətidir. Armen Sarkisyan prezident təyin edildi, Serj Sarkisyan isə baş nazir olacaq. Yenə də hakimiyyət sarkisyanların əlində cəmləşəcək və Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş müşahidə olunmayacaq. Azərbaycan ictimaiyyəti elə zənn edir ki, Sarkisyan baş nazir olmasa münaqişənin həllində irəliləyiş gözlənilə bilər. Bilirsiniz, Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiya nəzarət edir, Kreml istəsə on günə bu məsələ həll olunar. Elə ermənilər də bunu yaxşı dərk edirlər. Sadəcə Sarkisyana etiraz onun səhv siyasət yürütməsi, ölkə iqtisadiyyatını çökdürməsi ilə bağlıdır. Baş nazir olsa ölkəni eyni təfəkkürlə, eyni komanda ilə idarə edəcək. Yəni heç bir dəyişiklik olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində də yenilik olmayacaq. Çünki Rusiyanın sifarişlərini yerinə yetirəcək”.
Politoloq Fikrət Sadıqov Qarabağ danışıqlarında ciddi dəyişiklik olmayacağını bildirib: “Sarkisyan baş nazir seçilərsə, yenə də səlahiyyətlər onda olacaq. Çünki indiki prezident heç bir gücü olmayan nominal bir vəzifə sahibi olacaq. Real güc isə yenə də əvvəlki kimi Qarabağ klanının əlində cəmləşəcək”.
Fikrət Sadıqovun fikrincə, Qarabağ danışıqlarında irəliləmə olması üçün ermənilər Qarabağ klanı ilə vidalaşmalıdırlar:
“Klan hər vəchlə Dağlıq Qarabağ danışıqlarını dondurmağa çalışır, onlar Qarabağı işğal altında saxlamaq naminə Ermənistanı hər cür fəlakətə sürükləyib müstəqilliyini qurban verməyə hazırdırlar. Ermənistanın başına Levon Ter-Petrosyan kimi bir adam gəlməlidir, 1997-ci ildə o, danışıqlara - qoşunları çıxarıb, əraziləri işğaldan azad etməyə hazır idi. Nə qədər ki, Qarabağ klanı var, bu klan erməni xalqına yox, kənar qüvvələrə xidmət edəcək və münaqişənin həllində heç bir irəliləmə olmayacaq”.
Əslində, bu fikir bir sıra erməni siyasətçiləri tərəfindən də səslənir. Məsələn, Avropa Erməni Şuraları forumunun sədri Aşot Qriqoryan “1in.am”a müsahibəsində bildirib ki, Sarkisyanın hakimiyyətdə qalması Ermənistandan mühacirətin davam etməsi demək olacaq və bu da ermənilər üçün böyük fəlakətlə nəticələnəcək:
“Sistem Ermənistanın əhalisi 1 milyondan aşağı düşəndə mütləq dəyişəcək, onda biz yenidən qışqırmağa başlayacağıq”.
Ola bilər ki, nə vaxtsa bu cür düşünənlər doğrudanda da ictimai rəydə aparıcılıq edib Qarabağ klanının Ermənistanı düçar etdiyi fəlakətləri ermənilərə başa sala biləcəklər. Bəlkə də, Serj Sarkisyan reallıqla barışıb fərdi ambisiyalarını milli maraqlara qurban verəcək və indiyə kimi razılıq verdiyi həll variantlarının - Madrid prinsiplərinin, Kazan danışıqlarının gerçəkləşdirilməsinə şərait yaradacaq. Bu, Azərbaycan üçün müharibə etmədən Qarabağ problemini həll etməyə imkan yaratdığı kimi, Ermənistanı da labüd ölümdən xilas edə bilər.
Bu arada onu da qeyd edək ki, erməni mediasında Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll oluna biləcəyindən də bəhs edilib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Türkiyə Rusiya qarşısında Qarabağ münaqişəsinin həllini daha gur səslə gündəmə gətirməyə hazırdır. Ancaq bunun üçün Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir. Yəni rəsmi Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir.
E.Şahinoğlunun sözlərinə görə, görüşdüyü türkiyəli deputatlar Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədir:
“Rusiyasız bu münaqişəni həll etməyin mümkün olmadığını bildirirlər. Həmçinin, Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Millət vəkilləri Azərbaycanın gücləndiyi, Ermənistanın isə kasıblaşdığı, ayrıca bütün layihələrdən kənar qaldığı və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağı imkanını artırdığı fikrindədirlər”.
Analitik bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən yaxın deputatlardan birinin fikrincə, Azərbaycanın indiki siyasəti doğru yoldadır:
“O bildirdi ki, kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır.
Türkiyəli diplomatların ümumi fikrinə görə, Azərbaycan daha da güclənməlidir ki, Rusiya Azərbaycanın gücü ilə hesablaşsın”.
E.Şahinoğlu bildirib ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq:
“Yaxın aylarda bu 3 dövlətin prezidenti (Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Petro Poroşenko) bir araya gəlib üçlü mexanizmi işə salacaqlar. Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir. Ona görə də Ankarada düşünürlər ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da geri qalmaq istəməyəcək”.
"Moskva-Baku" portalına Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.
Qeyd olunur ki, bu prioritetlər Rusiyanın xarici siyasət konsepsiyasında əks olunub:
"Biz ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədrliyi, eləcə də üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərlikləri ilə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla vasitəçilik işlərini davam etdirəcəyik". Nazirlikdən həmçinin bildirilib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini davam etdirəcək: "İki qardaş xalq arasındakı əlaqələr zəngin tarixə malikdir. Biz Azərbaycanla siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrin hərtərəfli və səmərəli inkişafının tərəfdarıyıq. Əminik ki, Rusiya-Azərbaycan tərəfdaşlığı ölkələrimizin köklü maraqlarına cavab verir, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyə xidmət edir".
Cavid

Bu xəbər oxundu
- - -