Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarkisyan dalana dirənib

19.04.18, 9:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın yenidən hakimiyyəti qəsb etməsinə və baş nazir postunu ələ keçirməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan böyük etiraz hərəkatı ilə bağlı politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistanda aksiyaçılar tərəfindən hökumət binalarının, əsas magistral yolların bloklanması, aparıcı kütləvi informasiya vasitələrinin ələ keçirilməsi kimi hadisələri dövlət çevrilişinə cəhd və ya dinc inqilab kimi qiymətləndirmək olar. Aksiyaları təşkil edən Paşinyan özü də demişdi ki, burada məxməri inqilab baş verir və hədəfləri hakimiyyəti ələ keçirməkdir. Ölkədə siyasi hadisələr, xüsusilə hakimiyyətin mənimsənilməsi baş verdiyinə və Konstitusiyanın tələbləri pozulduğuna görə Paşinyanın rəhbərliyi ilə xalq etiraza qalxıb: “Ermənistanda baş verənlə Maydan hadisələri arasında oxşarlıq çoxdur. Eyni zamanda, bu hadisələrin Qərbdən dəstək alması, Qərb KİV-ində aksiyaların işıqlandırılması göstərir ki, Qərbdə Ermənistandakı vəziyyətin dəyişdirilməsini istəyən nüfuzlu qüvvələr var. Bu da Ukraynada gedən proseslərlə oxşarlıqdan xəbər verir.
Seçkilərindən öncə də bu aksiyanı təşkil edənlər parlamentdə qalib gəlmək və Sərkisyanın hakimiyyəti qəsb etməsinə mane olmaq üçün imkanlar axtarırdı. Amma bunu edə bilmədilər. Sərkisyan saxta seçkilərlə istəyini həyata keçirdi. Nikol Paşinyan isə qanuni yolla bu saxtakarlığın qarşısını ala bilməyəcəyini görüb, meydan üsuluna keçdi.
Nikol Paşinyan və onun ətrafındakılar hamısı Qərbdə yaşayan erməni diasporunun üzvləri ilə sıx təmasda olan, diaspordan dəstək alan insanlardır. Paşinyan özü də xaricdən maliyyələşdiyini dəfələrlə etiraf edib. Ukraynada baş verən hadisələrdən bu hadisələrin fərqi ondadır ki, Ukraynada Qərbin əsas siyasi qüvvələri meydanda olan insanlara hadisələrdə birbaşa dəstək verirdilər. Ermənistanda isə Qərb siyasətçiləri birbaşa yox, dolayı yolla aksiyaçılara dəstək göstərir”.
Serj Sərkisyanın Ermənistanın yeni baş naziri kimi təsdiqlənməsindən sonra yalnız Rusiya prezidenti Vladimir Putinin təbrik etməsinə münasibət bildirən politoloq qeyd edib ki, Putinin təbriki rus elitasının Sərkisyana siyasi dəstəyi deməkdir. Burada açıq-aşkar Rusiya siyasi elitası kimin tərəfində olduğunu göstərir: “Sərkisyana digər ölkələrdən təbrik gəlməməsinin səbəbi bu ölkələrin rəhbərlərinin Ermənistandakı hadisələrin necə inkişaf etməsini gözləməsi ilə əlaqəlidir. Digər ölkələr Ermənistanda gedən proseslərlə ciddi maraqlanır və nəticə barədə onlarda qəti fikir yoxdu. Çox güman ki, hamı proseslərin inkişaf edəcəyini ehtimal edir. Ermənistanda rəngli inqilab da baş tuta bilər. Amma çox güman ki, Ermənistan hökuməti yaxın günlərdə nümayişçilərə qarşı zorakılığa başlayacaq. Unutmayın ki, Sərkisyan 2008-ci ildə öz xalqının qanını tökərək hakimiyyətə gəlmişdi”.
Onu da qeyd edək ki, Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını Rusiyanın “Sputnik” agentliyinə şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan bildirib ki, əgər ciddi çaxnaşmalar olarsa, Azərbaycan bundan dərhal istifadə edəcək. Politoloq bunu tam spekulyativ bir təbliğat, manipulyasiya adlandırıb: “Azərbaycan hökumətinin Qarabağla bağlı öz proqramı var. Ermənistanın daxili siyasətinin bizə heç bir aidiyyəti yoxdur. Yəni Ermənistanda gedən proseslər daxili siyasi proseslərdir və Azərbaycan buna qarışmır, heç bir qüvvəyə dəstək vermək niyyətində deyil. Əlbəttə, Azərbaycan burada gedən proseslərlə maraqlanır. Amma bu proseslərə nə birbaşa, nə dolayı yolla müdaxilə etmək niyyətindədir”.

Bu xəbər oxundu
- - -