Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyan kimilər layiqli cəzalarına çatmalıdırlar”

20.04.18, 10:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Məmmədov: “Etiraz aksiyalarının daha da alovlanacağına inanıram”

Bəxtiyar Əliyev: “Ermənistanın hazırkı iqtidarı terroru dəstəkləyən, hakimiyyətə məhz terror vasitəsilə gələn siyasi qüvvədir”




Ermənistanda etiraz aksiyaları davam edir. Ermənistan KİV-i xəbər verir ki, Nikol Paşinyanın çağırışı ilə kütlə Yerevan-Abovyan yolunu bağlamağa cəhd göstərib. Onlar özləri və övladları ilə yolda oturaraq etiraz ediblər. Əraziyə gələn polis qüvvələri onlara müdaxilə edib.
Paşinyanın isə Yerevanın Komitas küçəsini bağlamağa cəhd göstərdiyi bildirilir. Şəhər polisindən verilən məlumata görə, aksiyalarda iştirak etdiyinə görə, 26 nəfəri saxladığını bildirib.
Serj Sarkisyan isə “Şant” telekanalına verdiyi müsahibəsində etiraz aksiyalarının perspektivsiz olduğunu bildirib.
Etiraz aksiyalarının başında duran müxalifət lideri Nikol Paşinyan Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın aksiyalarla bağlı dediklərinə isə kəskin reaksiya verib. O, erməni nazirin “bu aksiyalar ordunun döyüş qabiliyyətinə təsir göstərə bilər” açıqlamasına cavabında Ermənistan ordusunu ifşa edən fikirlər səsləndirib. “Qoy Vigen Sərkisyan əsgərlər üçün tuman və mayka alsın. Ermənistan ordusunda əsgərlər maykasız və tumansızdır, bax, döyüş qabiliyyətini təhdid edən bunlardır”-Paşinyan tutarlı cavab verib.
Qeyd edək ki, aprelin 13-dən etibarən İrəvanda S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir. Artıq etirazçılar hökümət binasını mühasirəyə alıblar.
Maraqlıdır, Ermənistanda baş verən bu proseslər siyasi hadisələrə yön verəcəkmi? Həmçinin Azərbaycan Qarabağ problemi ilə bağlı bu faktordan yararlana bilərmi?
Politoloq Qabil Hüseynli deyib ki, ümumiyyətlə ilk dəfədir Ermənistandakı mövcud hakimiyyətə qarşı bu cür kütləvi hərəkatlar baş verir: “Bu proses az qala ölkənin bütün hissələrini əhatə edib. Hakimiyyət az qala bütünlüklə müxalifətin əlindədir”. Onun sözlərinə görə, Serj Sarkisyanın yalnız bir ümidi var, o da Rusiyadır: “Rusiya proseslərə müdaxilə etməyi və güc yolu ilə prosesləri yatırmağı təklif edir. Amma hələlik Sarkisyanın buna cəsarəti çatmaz. Çünki bu böyükmiqyaslı toqquşmalara səbəb ola bilər. Bu səbəbdən də Sarkisyan çıxılmaz vəziyyətdə qalıb. Onun qarşısında iki yol var. Birincisi, ya Rusiyanın dediyinə riayət edib üsyançılara və yaxud da “məxməri inqilab” tərəfdarlarına qarşı kütləvi polis təqibləri və təzyiqlərinə başlasın. Digər tərəfdən isə hakimiyyəti tərk edərək üzü sulu hakimiyyətdən getsin. Sarkisyan ikinci yolu seçə bilməz. Çünki onun başının üzərində Rusiya var. Görünür son nəticədə gücə müraciət etmək zərurəti yaranacaq. Amma güc tətbiq edilərkən burada yəqinki rusların 102-ci briqadasının xüsusi təyinatlıları da iştirak edəcək. Bu da çox böyük qarşıdurmaya və qana səbəb olacaq. Böyük insan itkisindən və böyük qarşıdurmalardan sonra da Sarkisyanın hakimiyyətdə qalması məncə çox çətin olacaq bəlkə də heç mümkün olmayacaq. Hələki proseslər davam etməkdədir”.
Milli Məclisin deputatı Elman Məmmədov vurğulayıb ki, təkcə Ermənistanda olan ermənilər yox, bütün dünya erməniləri ayağa qalxmalı, Ermənistan xalqını, dövlətini bu rüsvayçılıqdan qurtarmaq üçün Sarkisyan və onun kimiləri, onun komandasını hakimiyyətdən uzaqlaşdırmalıdır. Onun sözlərinə görə, Sarkisyan kimilər layiqli cəzalarına çatmalıdırlar: “Ermənistanda etiraz aksiyalarının daha da alovlanacağına inanıram. Ermənistan cəmiyyətində hakimiyyətə qarşı etiraz aksiyaları çoxdan olmalı idi. Xalq inadından dönməməli, geri çəkilməməlidir. Ermənistan xalqı cəhd etməlidir ki, hakimiyyətdəki bu zir-zibili süpürüb atsın və Ermənistan Cənubi Qafqazda başqa dövlətlərlə əməkdaşlıq və tərəfdaşlıq şəraitində yaşasın”. E.Məmmədovun fikrincə, əgər Sarkisyan hakimiyyətini davam etdirsə, Ermənistan dövlətinin xəritədən silinməsi məsələsi ortaya çıxa bilər: “Çünki bu gün ermənilər imkan tapan kimi baş götürüb Ermənistandan qaçır. Ona görə də Ermənistan vətəndaşları bu aksiyaları davam etdirməli, hazırkı hakimiyyətdən xilas olmalıdır”.
Deputat Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, bu gün Ermənistan hakimiyyəti özünün işğalçılıq siyasəti, yarıtmaz fəaliyyəti ilə ölkəni tam dalana dirəyib: “Ermənistan xalqı da, dünya da artıq bu siyasətdən bezib”.
Düşmən ölkə iqtisadiyyatının dözülməz vəziyyətdə olduğunu dilə gətirən deputat söyləyib ki, insanlar yoxsulluq, səfalət içində yaşayırlar, əhali tam ümidsizliyə qapanıb və nəticə etibarı ilə nəhayət, xalq ayağa qalxıb: “Hər il yüzminlərlə insan Ermənistanı tərk edir. Çünki onların başqa çıxış yolu yoxdur. Ölkədə qalan insanlar da rejimdən yaxa qurtarmaq üçün son cəhdlərini göstərirlər. Hesab edirəm ki, hazırki rejim yaxın zamanlarda siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırılacaq, çünki bunu etməsələr, Ermənistanın gələcəyi yoxdur, Ermənistan heç bir mühüm böyük layihələrə qoşula bilməyəcək və bu gedişlə ölkə iqtisadiyyatı tamamilə çökəcək".
Bəxtiyar Əliyev əlavə edib ki, Ermənistanın hazırkı iqtidarı terroru dəstəkləyən, hakimiyyətə məhz terror vasitəsilə gələn bir siyasi qüvvədir. B.Əliyev bildirib ki, bu gün həmin hakimiyyət özünün işğalçılıq siyasəti, yarıtmaz fəaliyyəti ilə Ermənistanı tam dalana dirəyib: “Ermənistan xalqı da, dünya da artıq bu siyasətdən bezib. Ona görə də bu gün artıq o faşist rejimi heç cür Ermənistanda vəziyyətə nəzarət edə bilmir, nəhayət, xalq ayağa qalxıb. Ermənistandakı bu terrorçu qüvvə yəqin ki, yaxın zamanlarda siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırılacaq, çünki bunu etməsələr, Ermənistanın gələcəyi yoxdur, Ermənistan heç bir mühüm böyük layihələrə qoşula bilməyəcək və bu gedişlə ölkə iqtisadiyyatı tamamilə çökəcək”.
Millət vəkili vurğulayıb ki, bu gün Ermənistan iqtisadiyyatı dözülməz vəziyyətdədir, insanlar yoxsulluq, səfalət içində yaşayırlar, əhali tam ümidsizliyə qapanıb: “Ermənistanın özünün açıqladığı statistikaya görə, hər il 240-250 min insan ölkəni tərk edir və xaricdə sığınacaq əldə edir, çünki onların başqa çıxış yolu yoxdur. Ölkədə qalan insanlar da rejimdən yaxa qurtarmaq üçün son cəhdlərini göstərirlər”.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırıb ki, rəsmi Bakı Ermənistanda etiraz aksiyalarını diqqətlə izləməli, siyasi böhran baş verdikdə, ordumuz dərhal hücuma keçib, əlverişli şəraitdən istifadə edərək bir neçə rayonu işğaldan azad etməlidir. O, bildirib ki, 1990-cı illərdə rəsmi İrəvan Azərbaycana qarşı işğalçılıq siyasətini məhz ölkəmizdə siyasi böhrandan istifadə edərək həyata keçirmişdi: “Analoji addımı Azərbaycan atmalı, İrəvanda baş verən hadisələr fonunda erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurmalıdır. Rusiyanın beynəlxalq vəziyyətinin gərgin olduğunu və Türkiyə ilə strateji tərəfdaşlığını nəzərə alsaq, hazırkı durumda Rusiya ölkəmizə kəskin müdaxilə etməz. Həmçinin ABŞ-ın Suriyaya raket zərbələrindən sonra Rusiyanın siyasi imici və hərbi qüdrəti mifi darmadağın oldu. Azərbaycan üçün hazırda işğal olunmuş ərazilərini geri almaq üçün unikal şərait yaranıb. Füzuli, Cəbrayıl, Ağdam rayonları ilkin hücumla azad edilməli, sonrakı mərhələdə Ermənistan özü rayonları boşaldacaq”.
Hərbi ekspert Azad İsazadə deyib ki, İrəvanda gərginlik düşmən ordusuna mütləq təsir edəcək: “Təbii ki, istənilən ölkədə cəmiyyətə baş verən proseslər orduya da təsir edir. Əgər bu proseslər müsbətdirsə, o zaman müsbət təsir edir. Yox əgər mənfidirsə, o zaman orduya da mənfi təsir göstərir. Bu gün etirazlarda Serj Sərkisyan rejimindən daha radikal mövqe nümayiş etdirən qüvvələr də yer alır. Onlar müharibə tərəfdarı olan qüvvələrdir. Bu qüvvələr Sərkisyanı ittiham edirlər ki, o, aprel döyüşlərindən sonra ordunu gücləndirmək istiqamətində heç nə etməyib, əksinə, ordunu zəiflədib və s. Etirazçılar içərisində demokratik dəyişiklikləri də tələb edən qüvvələr var. Sözsüz ki, belə etirzlar ordunun psixoloji əhval-ruhiyyəsinə, döyüş qabiliyyətinə də öz mənfi təsirini göstərir”.

Əli

Bu xəbər oxundu
- - -