Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xalq ordunun, ordu xalqın dayağıdır

23.04.18, 7:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan xalqının məşhur bir məsəli var: ordum varsa, yurdum var! Biz bu deyimin nə qədər real olduğunu Azərbaycan ordusunun timsalında görürük.
Cəmiyyətdə Azərbaycan Ordusuna böyük güvən və ictimai inamın olması onu daha da gücləndirib. Azərbaycan ordusunun gücü, inkişafı, rəşadəti və üstəgəl ordunun ictimaiyyətlə münasibətlərinin şəffaflığı ordumuza olan inamı, güvəni möhkəmləndirib, artırıb. Elə bundan irəli gəlib ki, rəşadətli ordumuz xalqın dəstəyini yaxından hiss edərək mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənir.
Azərbaycan ordusunun ictimaiyyətlə sıx təmasda olduğunu əsaslandıran ən başlıca amil Ali Baş Komandanın özünün vətənpərvər olmağı, orduya yaxından bağlanmağı, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Ali Baş Komandan İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir, sərhəd zonasında yerləşən kəndlərimizə baş çəkir, ictimaiyyətlə sıx təmasda olur. Bax, onun bu şəkildə ordunun içərisində olması həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Ali Baş Komandanın bu mesajı ordunun ictimaiyyətlə münasibətlərinin möhkəmləndirməsinə stimul yaradıb. Görülən işlərin nəticəsidir ki, ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb!

***

Qeyd edək ki, Azərbaycanda ordu – ictimaiyyət münasibətləri qarşılıqlı hörmət, inam və dialoq prinsipi üzərində qurulub. Ordu qapıların insanların ali hakimiyyət orqanlarına seçdikləri nümayəndələrinə, insan hüquqları müvəkkilinə, KİV və müxtəlif QHT-lərə, əsgər valideynlərinin, bir sözlə ictimaiyyətin üzünə açıb. Bundan irəli gəlir ki, hərbi xidmətdə olan gənclər də cəmiyyətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını hiss edirlər.
Təkcə bu ilin ilk ayında Müdafiə Nazirliyi dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
KİV-də dərc olunması məqsədi ilə ay ərzində Müdafiə Nazirliyi tərəfindən 87 rəsmi məlumat, 53 foto, 8 video material hazırlanıb və media nümayəndələrinin 9 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 2 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri keçirilən 6 tədbirə dəvət olunublar.

***

Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə Müdafiə Nazirliyinin təşkilat səfərbərltk idarəsində «qaynar xətt» yaradılıb.
2017-ci il ərzində Müdafiə Nazirliyinə daxil olan müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi müdafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.
Azərbaycanın ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olan 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb..
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsi açılıb.
Vətəndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciətlərin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, hərbi qulluqçuların və digər vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub.

***

Son dövrlərdə Müdafiə Nazirliyi ilə KİV arasında əlaqələr də xeyli genişlənib.
Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının səmərəli əməkdaşlığının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq bu gün mediada ordu ilə bağlı obyektiv, qərəzsiz və dəqiqləşdirilən xəbərlər dərc olunur.
Bu gün ictimaiyyətə təqdim olunan məlumatlar ordudakı müsbət meyllərin üstünə kölgə salmır, milli təhlükəsizlik maraqlarına zidd deyil və odunun nüfuzuna xələl gətirmir. KİV nümayəndələri hərbi komandanlıq ilə münaqişə yox, əməkdaşlıq şəraitində öz xidməti vəzifələrini həyata keçirir.
Mütəmadi olaraq Müdafiə Nazirliyinin rəhbərliyi ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və media təmsilçiləri arasında görüşlər keçirilib.
Media mənsubları ilə hərbçi zabitlər arasında maraqlı müzakirələr, polemikalar gedib. Tərəflər hərbi mövzuların işıqlandırılmasına dair fikir mübadiləsi aparıblar. Müdafiə Nazirliyinin rəhbərliyi KİV rəhbərlərinin bütün sual və iradlarını cavablandırıb.

***

Deputatlar, ictimaiyyət, QHT və KİV nümayəndələrinin cəbhə bölgələrinə səfərləri təşkil edilir, onlar şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasını əyani surətdə görürlər. Bu səfərlər ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin, torpaqlarımızın etibarlı müdafiə olunmasının ictimaiyyətə düzgün çatdırılması və mətbuatda dərc olunması, Silahlı Qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlığı sahəsində əldə olunan nailiyyətlərin təbliğində öz müsbət rolunu oynayır.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda çox ciddi işlərin görüldüyü danılmazdır: “Artıq əsgərlərimizlə hər hansı ictimaiyyət nümayəndəsinin görüşündə heç bir problem yoxdur. Əsgərlərimizdə torpaqlarımızı işğaldan azad etmək əzmkarlığı var. Bu, artıq Azərbaycan ordusunda olan vətənpərvərlik ruhunun, Vətən sevgisinin və torpaqlarımızın işğaldan azad etmək ruhunun yüksəkdə olmasının təzahürüdür”.

***

Ordu ilə ictimaiyyət arasında münasibətlərin hansı səviyyədə şəffaf olduğunu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə keçirilən "Açıq qapı" günü kimi gərəkli tədbirlər də təsdiqləyir.
“Açıq qapı” günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak edirlər.
Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraitlə yaxından tanış olur, xidməti və inzibati binalarda, əsgər yataqxanaları, yeməkxanalarına baş çəkir, müxtəlif təlim nöqtələrində döyüş texnikası, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxır və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyirlər.
Ekspert, ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilovun sözlərinə görə, belə bir tədbirin təşkilini, ordunun qapılarını ictimaiyyətə açmasını istimaiyyət illərdir gözləyib.
“Fikrimcə bu çox dəyərli və lazımlı bir hadisədir. Azərbaycan Ordusunun cəmiyyətlə sıx əlaqəsi üçün atılan böyük addımdır. Ən əsası, hərbi hissələrdə, qoşun növlərində belə tədbirlər orduya ictimai nəzarət baxımından önəm kəsb edir. Valideynlər də öz övladlarının hansı şəraitdə xidmət etdiklərini görür, şəraitlə yerində tanış olurlar”.

***

Hərbi hissələrdə mütəmadi olaraq mədəni-əyləncəli tədbirlərin keçirilməsi də ordu-ictimaiyyət münasibətinin istiliyindən xəbər verir. Müdafiə Nazirliyi, mədəniyyət işçilərinin, musiqiçilərin, teatr-kino xadimlərinin, şairlərin, yazıçıların, ziyalıların hərbi hissələrə mütəmadi səfərlərinin təşkil olunmasına, müxtəlif səpkidə, xüsusilə də vətənpərvərlik janrında bədii və sənədli filmlərin nümayiş olunmasına, hərbi hissənin fəallarının iştirakı ilə müxtəlif əyləncəli-mədəni tədbirlərin təşkilinə böyük diqqət verir. Bütün bunlar həm əsgərlərin mədəni istirahətinə, həm də vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir.
Əməkdar artist Süleyman Zeynalov: “ Dəfələrlə müxtəlif hərbi hissələrdə konsert proqramları ilə çıxışlar etmişik. Bilirsiniz, mülki həyatda hər gün televiziya ekranlarından izlədiyi məşhurları hərbi hissədə görən, onlarla canlı ünsiyyətdə olan əsgərlər cəmiyyət tərəfindən unudulmadıqlarını, cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını, xalq tərəfində necə sevildiklərini anlayırlar”.
Bu gün zəngin milli-mənəvi dəyərlərimizi qoruyub-yaşatmaq, daha da zənginləşdirmək, babalarımızdan qalan döyüş və mübarizlik ənənələrini davam etdirmək indiki nəslin, xüsusilə də gənclərin qarşısında mühüm vəzifə olaraq qoyulub.
Silahlı Qüvvələrin şəxsi heyətinin Azərbaycanın görkəmli elm xadimləri, tanınmış tarixçilər, Böyük Vətən müharibəsi veteranları ilə görüşlərinin keçirilməsi də artıq ənənə halını alıb.
Hərbi qulluqçuların azərbaycançılıq ruhunda tərbiyə edilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin dərindən öyrənilməsi və təbliğ olunması məqsədi ilə tədbirlərin təşkilinə böyük önəm verilir.

***

Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fonduna da vəsaitin köşürülməsində ictimaiyyət nümayəndələri fəal iştirak edirlər. Qeyd edək ki, fondun yaradılmasında əsas məqsəd Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Fərəhləndirici haldır ki, ölkədə fəaliyyət göstərən bəzi sahibkarlar və müəssisələr, ayrı-ayrı imkanlı fərdlər, hətta gənclər orduya kömək etməyə, ordu quruculuğunda dövlətə dəstək olmağa və əsgərlərin bəzi problemlərinin həllində könüllü olaraq iştirak edirlər.

***

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi plana müvafiq keçirilən "Xalq ordunun, ordu xalqın dayağı", "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!", "Qarabağa yaz gələcək!", "Ordum - qürurum, xalqım - dayağım" kütləvi vətənpərvərlik tədbirləri də ictimaiyyətin orduya, ordunun ictimaiyyətə inamını, güvəncini artırmasına xidmət edir.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən "Bayrağım - varlığım, bəxtiyarlığım" kütləvi vətənpərvərlik tədbirində iştirak edən ictimaiyyət azərbaycançılıq məfkurəsini dəyərləndirib.
İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihələrdən biri də “Əsgərə məktub”dur. “Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.
Azərbaycan Prezidenti yanında Bilik Fondunun gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi “Vətən sənə oğul desə” adlı layihə də bu sıradandır. Fondun əməkdaşları layihə çərçivəsində ölkənin əksər hərbi hissələrində, hospitallarda, şəhid məzarlıqlarında olub, görüşlər, mühazirələr, tədbirlər, ziyarətlər təşkil ediblər.
...İctimaiyyət - ordu münasibətinə yanaşma həssaslıq, əsl vətəndaşlıq mövqeyi tələb edir. Unutmayaq ki, ordu müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

Bu xəbər oxundu
- - -