Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim təxribat xarakterli xəbərlər yayır”

23.04.18, 10:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müdafiə Nazirliyi: “Baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”

İlqar Vəlizadə: “Ermənistan hakimiyyəti daxili problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün tez-tez bu cür üsullara əl atır”

Fikrət Sadıqov: “Artıq düşmən ölkə təmas xəttində gərginlik yaratmağa cəhd edir”


İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salıblar.
Tibb Universitetinin, Dövlət Universitetinin tələbələri isə müxtəlif istiqamətlərdə yolları kəsməyə başlayıblar. Tələbələr mərkəzi küçələrlə hərəkət etməyə başlayıb. Bir sıra yollarda avtomobillərin hərəkəti tam dayandırılıb. İrəvandakı etirazların təşkilatçılarından biri olan Tiqran Avinyan haqqında həbs qərarı qəbul edilib. Avinyan kütləvi iğtişaşların təşkilində ittiham olunub.
Etirazlara “Armpoçt” dövlət şirkətinin işçiləri və Respublika Xəstəxanasının həkimləri də qoşularaq, Alabyan küçəsini bağlayıblar. Ermənistandakı aksiyalara hərbçilər də qoşulub.
Vigen Sərkisyan isə jurnalistlərə açıqlama verərək yenidən Azərbaycanı hər şeydə ittiham edib. O, qondarma Qarabağ rejiminin Azərbaycan ordusuyla bağlı yaydığı videonun həqiqət olduğunu bildirib. Ölkədəki vəziyyəti Azərbaycanın üzərinə yıxmağa çalışan Sərkisyan Bakının İrəvandakı vəziyyətdən istifadə edə biləcəyini açıqlayıb.
Ermənistan düşdüyü çətin durumdan xilas olmaq üçün təxribat xarakterli informasiyalar yayaraq ölkədəki gərginliyi bu yolla səngitməyə çalışır.
Qeyd edək ki, Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar müxtəlif videolar yayılmaqdadır.
Bu video ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb: “Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib. Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.
Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan mətbuatında yayılan təxribat xarakterli məlumatlar məqsədyönlüdür: “Biz bilirik ki, Ermənistan hakimiyyəti müntəzəm olaraq daxili problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün tez-tez bu cür üsullara əl atır”. Ermənistanın hazırkı şəraitdə cəbhədə təxribat etmək imkanına malik olmadığını deyən politoloq söyləyib ki, bu baxımdan düşmən ölkə hazırda müxtəlif dezinformasiyalar yaymaqla insanların fikirlərini yayındırmağa çalışır: “Ermənistan hakimiyyətinin indiki şəraitdə bu cür variantlardan istifadə etməsi çox gülüncdür. Çünki Ermənistanda vəziyyət o qədər mürəkkəbdir ki, artıq insanlar belə dezinformasiyalara fikir vermir. Onlar başa düşürlər ki, belə informasiyaların kökündə hansı məqsədlər dayanır”.
Onun sözlərinə görə, artıq 1 həftədən çoxdur ki, Ermənistanda davam edən etiraz aksiyalarına heç bir informasiya təsir edə bilməz: “Çünki, cəmiyyət Ermənistanın yalanların doyub və növbəti yalana inanmır. Vəziyyət o həddə çatıb ki, insanlar cəbhədəki vəziyyətlə bağlı yalanlara belə heç bir reaksiya vermir”.
Siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Serj Sərkisyanın özü ilə eyni soyadı daşıyan Armeni prezident kürsüsünə əyləşdirib baş nazir qismində ölkənin idarəetməsini ələ almasından sonra Ermənistanda daxili siyasi vəziyyət pisləşib: “Parlamentdə populist və tənqidi çıxışları ilə tanınan deputat Nikol Paşinyanın rəhbərliyi altında başlayan mitinqlər hər iki Sərkisyanı çətin vəziyyət qarşısında qoyub”.
O qeyd edib ki, A.Sərkisyan uzun illər Qərbdə çalışmış bir diplomatdır, cəmiyyətdə hörmət qazanmaq və ayırıcı deyil, birləşdirici dövlət başçısı imici yaratmaq istəyir: “Onun kütləvi etiraz aksiyalarının keçirildiyi yerə gedərək, müxalif liderlə üz-üzə durub danışması da bundan xəbər verir. Prezident həm də vəziyyətin nəzarətdən çıxa biləcəyindən və baş nazirin istefaya getməyə məcbur qalacağından ehtiyatlanır. O indi elə davranmalıdır ki, belə olan halda hakimiyyətə gələcək müxalifət onu vəzifəsindən etməsin. Digər tərəfdən, Armen Sərkisyanın Qərbə bağlı olduğu deyilir, Qərbdə geniş biznes şəbəkəsi var. Qərbin sanksiyaları da onu çəkindərə bilər”.
Z.Əmrəliyevin sözlərinə görə, S.Sərkisyanın narahatlığı daha böyükdür: “Çünki uçuruma gedən bu avtomobilin sükanı arxasında o əyləşib və baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Doğrudan da Sərkisyan bu etirazı gözləmirdi. Demək olar ki, bu üsyan ona heç gözləmədiyi yerdən gəldi. Sərkisyanın Paşinyanla görüşü isə tam bir şou idi və açıq şəkildə özünü biabır etdi. Əvvəla, prezident kimi cəsarət edib mitinq keçirilən yerə getmədi, Paşinyanı özünün nəzarətində olan hotelə gətirdi. Sora isə “jurnalistlərin qarşısında necə hər şeyi danışa biləcəyik?” deməklə çox mənasız bir görüntü yaratdı. Görəsən, Sərkisyanın xalqdan gizli nə işi var ki, mediadan belə çəkinirdi? Əslində, Sərkisyan Paşinyanla medianın iştirakı olmadan görüşməklə hansısa təkliflərlə onu öz tərəfinə çəkmək, bu alınmadıqda isə məsələni təhdid yolu ilə həll etmək istəyirdi. Görüşün sonunda baxdıqda adamın “heç gəlməsə bundan yaxşı idi” deməyi gəlir. Sərkisyan müxalifət liderinin qarşısından qorxaq kimi qaçdı və onu açıq-aşkar hədələdi”.
Ermənistanda bir neçə sənət adamının rəsmi addan imtina etdiyini xatırladan şərhçi son mitinqlərin N.Paşinyanı Ermənistan müxalifətinin birləşdirci simasına çevirdiyini vurğulayıb: “Aleksey Navalının Rusiyada oynadığı rolu indi də Nikol Paşinyan Ermənistanda təkrarlayır”. Z.Əmrəliyev onu da əlavə edib ki, S.Sərkisyan xalqın əhval-ruhiyyəsini dəyişdirmək üçün “Qarabağ kartı”ndan istifadə edə bilər: “O, hər zaman olduğu kimi bu dəfə də cəbhə xəttində təxribata əl ataraq bunu Azərbaycanın üzərinə ata, ümumi ab-havanı poza bilər. Müxalifət də ən çox Sərkisyanın bu oyunundan ehtiyat edir. Ancaq Sərkisyanın bu riskə gedəcəyi bir o qədər də inandırıcı görünmür. Çünki o yaxşı bilir ki, cəbhədə daha bir gərginlik onun təcavüzkar ordusu üçün böyük itkilərə səbəb olacaq. 2016-cı ilin aprel döyüşləri bunun əyani sübutudur. Cəbhədə daha bir uğursuzluq isə Sərkisyan hakimiyyətinin sonunu gətirəcək”.
Politoloq Fikrət Sadıqov bildirib ki, düşmən ölkənin yeni baş naziri Serj Sarkisyan elə düşünürdü ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra rahat şəkildə öz vəzifəsini icra edəcək: “Lakin buna nail ola bilmədi. Artıq Ermənistanda vəziyyət nəzarətdən çıxıb”. Etiraz aksiyalarının artıq kütləvi hala çevrildiyini deyən politoloq söyləyib ki, əgər bu hal bir neçə gün davam edərsə, o zaman Ermənistanda vəziyyət daha da ağırlaşacaq: “Bildiyiniz kimi etiraz aksiyaları İrəvandan başqa ərazilərdə də geniş yayılmaqdadır. Əgər bu aksiyalar bir neçə gün də davam etsə, o zaman düşünürəm ki, Sarkisyan nəzarəti tamamilə itirəcək. Belə olan halda, yeni baş nazirin taleyi də həll olunacaq”. Ermənistanda baş verənlərin cəbhədəki vəziyyətə təsirinə gəlincə, F. Sadıqov söyləyib ki, artıq düşmən ölkə təmas xəttində gərginlik yaratmağa cəhd edir. Politoloq qeyd edib ki, Ermənistanda baş verənlərin fonunda təmas xəttində gərginliyin yaradılması gözləniləndir: “Çünki, Ermənistan hakimiyyəti çətin vəziyyətlərə düşdükdə, belə vasitələrə əl atmaqla insanların fikrini yayındırmağa çalışır. Bu baxımdan hazırda Ermənistan hakimiyyəti etirazçılara sübut etməyə çalışır ki, guya onlarda hakimiyyət zəiflədikdə Azərbaycan onları atəşə tutur, onlara qarşı təxribatlar törədir. Bu onların təbliğat maşının tərkib hissəsidir. Bu baxımdan düşmən ölkə artıq bu istiqamətdə fəaliyyətə başlayıb”. Azərbaycan ordusunun bütün hadisələrə hazır olduğunu dilə gətirən F. Sadıqov əlavə edib ki, düşmən ölkənin təxribatlarının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür, adekvat addımlar atılır.

Əli

Bu xəbər oxundu
- - -