Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Elmin İnkişafı Fondu ilə “Elsevier” arasında memorandum imzalanıb

24.04.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 24-də Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın ən iri elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan tanınmış “ELSEVIER” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən verilən məlumata görə, memorandum Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Elesvier”in vitse-prezidenti Haest Feliks tərəfindən imzalanıb. Tədbirdə “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliya Ospanova da iştirak edib.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev elmin inkişafına dövlət qayğısından danışaraq bildirib ki, ölkə alimlərinin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub. Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şərait yaradılır: "Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu bu istiqamətdə öz töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurur. Bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir".
“Elesvier”in vitse-prezidenti Haest Feliks Elmin İnkişafı Fondu ilə əməkdaşlığın “Elsevier” şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb. O qeyd edib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş “Elsevier” sıralarında “ScienceDirect”, “Scopus”, “Elsevier Research Intelligence” və “Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir.
Memoranduma əsasən, tərəflər birgə təlimlər, müxtəlif xarakterli tədbirlər keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə yardımçı olacaq işlərin yerinə yetirilməsində səylərini birləşdirəcək, elmi ekspertiza işinin təşkili, elmi verilənlər bazasının yaradılması, sərgilərin təşkili kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan SCOPUS və aparıcı məlumat platforması sayılan SCİENCE DİRECT-dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirilmə və yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək, bu elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək, “Elsevier”in məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabatların müntəzəm olaraq hazırlanması, həmçinin son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumatların yayılması da tərəflər arasında razılaşdırılıb.

Bu xəbər oxundu
- - -