Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanda yeni hakimiyyətin formalaşması...”

25.04.18, 11:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlqar Vəlizadə: “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə müsbət təsir göstərməyəcək”

Rasim Musabəyov: “Bəhanə edərək danışıqlardan yayınacaqlar”

Piter Teys: “Beynəlxalq ictimaiyyət Ermənistanın indiki hökumətinə təzyiq göstərməlidir”

Ermənistanda baş verən proseslər Azərbaycanda da maraqla izlənilir. Bu da təbiidir. Ermənistan təcavüzkar ölkədir, Azərbaycan ərazilərini işğal edib. Cinayətkar rejimlə aparılan danışıqlar nəticə verməyib. Çünki işğalçı rejim status-kvonu saxlamaqda maraqlı olub və bunun üçün səy göstərib. Maraqlıdır priseslər bundan sonra nə vəd edir? Dağlıq Qarabağ münaqişəsnin həlli istiqamətində gözləntilər nədir?
Xatırladaq ki, aprelin 13-dən İrəvanda sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Aprelin 23-də isə Serj Sarkisyan istefa verib. Amma gərginlik bununla azalmayıb. Ekspertlər hesab edirlər ki, Sərkisyanın istefası əhalini sakitləşdirməyəcək və bu proses uzun sürəcək. Belə olan təqdirdə Dağlıq Qarabağ münaqişəsi ilə baklı danışılar prosesində maraqlı situasiya yaranır.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, Serj Sərkisyanın davranışı Ermənistanın müstəqillik dövründəki siyasəti və bu siyasətin Qərb tərəfindən qəbul olunması barədə kifayət qədər mühüm mənbə oldu:
“I. Serj Sərkisyan Nikol Paşinyanla görüşdə cəmi 3 dəqiqə duruş gətirə bildi. Bu onun özgə fikrə dözümsüzlüyünün bariz nümunəsidir.
II. S. Sərkisyan N. Paşinyanı 2008-ci ilin 1 mart qırğınlarından düzgün nəticə çıxarmamaqla hədələdi”.
O qeyd edib ki, N. Paşinyan 1 mart qırğınları zamanı həbs olunanlardan biri idi: “Xocalıda azərbaycanlıların soyqırımını törədən Serj Sərkisyan həm də 2008-ci ilin martında erməni xalqına da qırğın edib. Amma S. Sərkisyanın qırğınları 2008-ci ilin 1 martı ilə bitmədi. Serj Sərkisyanın dövründə həm qoşunların təmas xəttində, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Ermənistanın daxili siyasi proseslərində kifayət qədər erməni ölüb. Əgər AŞPA-dakı çıxışı zamanı Xocalı soyqırımını törətməsi ilə öyünən SerjSərkisyana vaxtilə avropalı siyasətçilər “dur” desəydilər bəlkə də ermənilərin əlavə ölümünün qarşısını ala bilərdilər”.
Politoloq bildirib ki, Serj Sərkisyan N. Paşinyanla görüşdən dərhal sonra onu və digər iki müxalifətçi deputatı həbs etdirməklə qan tökməyə hazırlaşdığını göstərdi: “Sadəcə qısa müddət ərzində mitinq iştirakçılarının sayı 5000 nəfərdən 100 minə çatması S. Sərkisyanı bu fikrindən daşındırdı. S.Sərkisyan kifayət qədər hirsli yaydığı müraciətdə özünün həm savadsızlığını, həm də ümumiyyətlə səviyyəsizliyini nümayiş etdirir. Amma eyni zamanda, o da bəlli olur ki, S. Sərkisyan yenidən hakimiyyətə qayıtmağa cəhd edəcək. Əgər parlament seçkiləri və s. ilə qanuni yollarla hakimiyyətə qayıda bilməsə də S. Sərkisyan Ermənistanda hökmən qeyri-formal hərbi qruplaşma yaradacaq. S. Sərkisyanın N. Paşinyanla görüşündən sonra baş verən hadisə S. Sərkisyanın daxili aləmini və öz ətrafında yaratdığı auranı çox yaxşı xarakterizə etdi. Ermənistan prezidenti Armen Sərkisyanın köməkçisi Asmik Poqosyan mətbuat üçün ayrıca bəyanat yaydı ki, guya N. Paşinyan prezident Armen Sərkisyanın sözünü baş nazir S. Sərkisyana olduğu kimi çatdırmayıb. Bəlkə də başqa vaxtda bu fikri müəyyən kinayə ilə qarşılamaq olardı. S. Sərkisyanın fikrincə, A. Sərkisyanın sözünü ona məhz N. Paşinyan çatdırmalıdır. Başqa sözlə, Ermənistan prezidenti yaşda S. Sərkisyandan böyük, savad, nəsil, kök və Qafqaz ənənələrinə görə S. Sərkisyandan qat-qat irəlidə olan prezident Armen Sərkisyan N. Paşinyanla apardığı danışığın mətninin mahiyyətini S. Sərkisyana çatdıra bilməyib”.
M. Əhmədoğlu əlavə edib ki, daha dramatik olan hissə odur ki, N. Paşinyan prezident Armen Sərkisyanla etdiyi bütün danışıqları mitinqdə səsləndirdi və bütün erməni mətbuatı da bunu yazdı: “N. Paşinyan açıq dedi ki, baş nazir S. Sərkisyanla görüşdə yalnız onun istefa vermə mexanizmini müzakirə edəcək. Belə alınır ki, S. Sərkisyan hətta mətbuatı da oxumur. S. Sərkisyanın ətrafındakı köməkçiləri də ölkədə baş verənlər barədə ona məlumat vermir. S. Sərkisyan öz savadsızlığı və səviyyəsizliyi, ətrafında yaratdığı izolyasiya mühiti ilə özünü bədbəxt elədi. Bu elə də böyük məsələ deyil. S. Sərkisyan elə bədbəxt idi. Müəyyən bir dövr xoşbəxt olmuşdu, yenidən öz layiq olduğu bədbəxtçilik kreslosuna qayıtdı. Amma iş də orasındadır ki, o erməni xalqını da bədbəxt edib. Ehtimal ki, Ermənistanda bundan sonra vəziyyət o qədər də yumşaq olmayacaq. Siyasi müstəvi kifayət qədər qəlizləşəcək. Çünki N. Paşinyan bütün siyasi məhbusların azad olunmasını tələb edir. Jirayr Sefilyan azadlığa çıxacaqsa bu artıq Ermənistandakı etirazlara həm Qarabağ məsələsini yenidən gətirəcək, həm də zor elementlərini daxil edəcək. N. Paşinyan baş nazirliyə əgər özünü təqdim edəcəksə bu da Ermənistanda əlavə gərginlik mənbəyi olacaqdır. Ən yaxşısı hal-hazırda S. Sərkisyanın erməni xalqı ilə səmimi olması, parlamentin son iclasında miqrasiyanın səbəbi ilə bağlı publik deyə bilmədiklərini və Dağlıq Qarabağ tənzimlənməsindəki real vəziyyəti erməni xalqına çatdırmasıdır”.
Politoloq İlqar Vəlizadə deyib ki, iqtidarı əvəz edən qrupun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var: "Ermənistanda gedən proseslər təkcə hakimiyyəti dəyişmədi". Politoloqun fikrincə, bu proseslər həm də yeni siyasi formatların yaranmasına gətirib çıxaracaq: "Çox güman ki, Ermənistanın yeni daxili siyasəti qurulacaq. Ancaq onu da demək lazımdır ki, iqtidarı əvəz edən qrup daha radikaldır. Biz bilirik ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var. Ona görə də düşünürəm ki, Ermənistanda yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə müsbət təsir göstərməyəcək. Ermənistanda yeni hakimiyyət formalaşandan sonra daha dəqiq demək olacaq ki, hansı müsbət gözləntilərə ümid etmək olar".
Politoloq Rasim Musabəyov diqqətə çatdırıb ki, Ermənistanda vəziyyət hələ ki, qeyri-müəyyəndir: “Serj Sarkisyan gedib. Ancaq hökumət formalaşmayıb və necə formalaşacağı hələ ki, sual altındadır. Paşinyanın bir tələbi var, Karapetyan ayrı fikirdədir. Kimin fikirlərinin önə keçəcəyi sonra bilinəcək”. O, bildirib ki, yaxın zaman üçün hakimiyyət formalaşması baş tutana qədər orada hakimiyyət boşluğu olacaq: “Ola bilsin ki, bunu bəhanə edərək danışıqlardan yayınacaqlar. Azərbaycanın belə bir vəziyyətə nə qədər səbir göstərəcəyi sual altındadır. Düşünmürəm ki, onlara uzun zaman veriləcək. Ya səlahiyyətli bir nümayəndə ilə danışıqlar davam etdiriləcək, ya da biz danışıqların dayanmasının yay aylarından o tərəfə keçməsini qəbul etməyərək güc tətbiq etməli olacağıq”.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib ki, Ermənistanın baş naziri Serj Sarkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir. O qeyd edib ki, Ermənistan xalqı 2018-ci ilin aprelin 23-nü uzun müddət xatırlayacaq, çünki bu gün ölkə daxilindəki demokratik qüvvələr ən zalım cinayətkarlardan biri, onillik hakimiyyəti dövründə ölkə iqtisadiyyatını xarabalığa çevirən Serj Sarkisyanı uzaqlaşdırdılar: “Ermənistanda S.Sarkisyanın baş nazir seçilməsinə qarşı genişmiqyaslı etirazlar nəticə verdi və bu Ermənistan xalqı müsbət dəyişikliklərə ümid edir. Daxili və xarici qüvvələr S.Sarkisyana güclü təzyiq göstərdi. Əminəm ki, o etirazların bu cür güclənəcəyini gözləmirdi”.
Amerikalı politoloq hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistanın indiki hökumətinə təzyiq göstərməlidir: “Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycan hökuməti ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməlidir”.

Əli

Bu xəbər oxundu
- - -