Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

26.04.18, 11:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hazırda ölkədə islahatların aparılması, yeni istehsal müəssisələrinin, iş yerlərinin yaradılması və digər proseslərin həyata keçirilməsi çox ciddi önəm daşıyır. Bu gün dünyada çox ciddi hərbi-siyasi proseslər müşahidə olunur ki. bu da hər bir ölkənin iqtisadi siyasi həyatına təsirsiz ötüşmür. Qlobal hərbi siyasi layihələr iqtisadi böhran tendensiası yaradır və bu bütün dünya dövlətlərinə təsir edir. Ona görə də, bu cür faktorlardan sığortalanmaq üçün iqtiadi dayanqlılıq əsas şərtdir.
Bəllidir ki, regionların sosial iqtisadi inmişafına xüsusi diqqət yetirilir, müxtəlif dövlət proqramları, layihəklər reallaşdırılır. Amma bütün bunlara rəğmən Bakı və ətraf rayonlar ölkə iqtisadiyyatında əhəmiyyətli rola malikdir. Bu səbəbdən də paytaxt rayonlarında iqtisadi inkişaf. Abadlıq-quruvuluq işləri, həyata keçirilən layihələrin effektivliyi və digər amillərə xüsui diqqət yetiri8lir.
Suraxanı rayonu da paytaxt rayonları arasında önəmli rola malikdir.
Suraxanı rayonu 1934-cü 3 noyabrın 3-də yaradılıb, 1990-cı il aprelin 18-dək isə Orconikidze rayonu adlanıb. Bülbülə, Əmircan, Qaraçuxur,Yeni Günəşli, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsi Suraxanıya aiddir.

İqtisadi göstəricilər

2017-ci ildə rayonda sənaye məhsulunun istehsalı 4,9 dəfə, tikinti-quraşdırma işləri 8,5 dəfə, nəqliyyat xidmətləri 9,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 1,7 dəfə, orta aylıq əməkhaqqı 8,3 dəfə artıb, daimi olmaqla 33174 yeni iş yeri açılıb.
Rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz, orta aylıq əməkhaqqı 110 faiz təşkil edib, nəqliyyat xidmətləri 3 dəfə artıb, əhaliyə 222 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb.
Rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub.
Hazırda Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu yenidən qurulur.
Yeri gəlmişkən, həmin küçələrin müəyyənləşdirilən yerlərində müasir tələblərə cavab verən 12 yeni avtobus dayanacağı quraşdırılıb, köhnə dayanacaqlar isə yeniləri ilə əvəzlənib.
Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.
2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət göstərən Prezident İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib.
Rayonun müxtəlif ərazilərində çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilib, Qaraçuxur qəsəbəsində əsaslı təmirinə başlanılan Neftçilər parkının cari ilin ikinci rübündə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Əsaslı təmir işləri

Ötən il rayonda 17,8 min poqonometr su və 832 poqonometr kanalizasiya xətləri çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub.
Qaraçuxur qəsəbəsində yerləşən “S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd 400 millimetr diametrli su xətti dəyişdirilib, 6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib. Ümumiyyətlə, reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchizatı yaxşılaşdırılıb.
19,2 kilometr yeni qaz kəməri çəkilib və ya əsaslı təmir olunub, 534 ədəd yeni sayğac quraşdırılıb, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 1 ədəd yeni KTM, 160 ədəd işıqlandırma dirəyi, 320 ədəd çilçıraq quraşdırılıb, 5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur.
Yeri gəlmişkən, kommunal xidmətlərin göstərilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət mərkəzi” mühüm rol oynayır. Mərkəzin müasir texniki avadanlıqlarla təchiz edilən xüsusi avtobusları vasitəsilə ötən ilin fevral-mart aylarında Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib. Bu il fevral ayının 1-dən Hövsanda yaşayan sakinlərə həmin xidmətlərin göstərilməsinə başlanılıb, fevral ayının 19-dan isə Zığ qəsəbəsində xidmətlərin göstərilməsi davam etdiriləcək.

İş yerləri

Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə vurğulayıb ki, cənab Prezidentin sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü mövcud iqtisadi şəraitdə əhalinin məşğulluq imkanlarının artırılmasında işə götürənlərin daha fəal iştirakına imkan yaradıb: “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına dair konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev “Hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, işçiləri ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir”- deyə bildirib. Dövlət başçısının bu təşəbbüsü Azərbaycanda sosial məsuliyyət prinsipinin daha geniş dairədə praktik gerçəkliyə çevrilməsinə, əmək və məşğulluq sahəsində mövcud olan sosial tərəfdaşlıq müstəvisində dövlət-işəgötürən münasibətlərini keyfiyyətcə yeni və işgüzar bir mərhələyə çıxmasına yol açıb. Qısa müddətdə işəgötürənlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına 60 minə yaxın vakansiya təqdim edilib ki, bu da mövcud iqtisadi şəraitdə sərbəstləşmiş işçi qüvvəsinin yenidən məşğulluğuna, ailə gəlirlərini bərpa etmələrinə imkan yaradıb. Bununla da həyata keçirilən kompleks təsirli tədbirlər nəticəsində Azərbaycanın əmək bazarında gərginlik, kütləvi işsizlik halı özünü göstərmədi, ailə gəlirlərinin azalmasına imkan verilmədi. Mərkəz direktoru məruzəsində həmçinin Özünüməşğulluq Proqramı haqqında da məlumat verib”.
Əlavə edək ki, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə diqqət artırılıb, aidiyyəti idarələr tərəfindən 8885 nəfərə sosial müavinət verilib, 1013 ailəyə ünvanlı sosial yardım təyin edilib. Rayon Məşğulluq Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş cəlb edilib.
Rayonda məşğulluq səviyyəsinin artırılmasında yeni iş yerlərinin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə sahibkarlığın inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, ötən il dekabr ayının 27-də 120 sahibkarın iştirakı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində RİH-in və Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilən 12-ci işgüzar forum çərçivəsində adıçəkilən fondun vəsaiti hesabına Hövsan qəsəbəsində yaradılan zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli kredit ayrılıb və 113 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı da Suraxanıda diqqət mərkəzində saxlanılıb. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə bu tədbirin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə komissiya yaradılıb, müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisindəki 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilib. Beləliklə, ötən il 15368 nəfər vətəndaşın və 138 kollektivin tibbi müayinəsi reallaşıb. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 87,24 faizini təşkil edir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, son 15 il ərzində dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını təmin edib: “Prezident İlham Əliyev rəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icra edilməsi üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik...”.

Əli Zülfüqaroğlu

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -