Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Antalyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi müzakirə olunur

26.04.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin Beynəlxalq Əməkdaşlıq Platformasının (Uluslararası İşbirliği Platformu) təşkilatçılığı ilə Antalyada “Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” mövzusunda konfrans keçirilir.
Antalya vilayətinin Bələk şəhərində keçirilən tədbirdə iki ölkə biznesinin tanınmış təmsilçiləri, siyasətçilər, rəsmi şəxslər və media nümayəndələri iştirak edir. İştirakçılar sırasında Türkiyə iqtisadiyyat nazirinin müavini Fatih Mətin, Antalya Böyükşəhər Bələdiyyəsinin başqanı Menderes Türel, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, son prezident seçkilərində namizəd olmuş Sergey Baburin, Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının sədri Ahmet Palankoev, politoloq Aleksandr Dugin, Türkiyənin SETA (Siyaset, Ekonomi ve Toplum Araştırmaları) Vəqfinin koordinatoru Bürhanəddin Duran, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Mahmud Erol Kılıç və digər şəxslər, o cümlədən Azərbaycan mediasının nümayəndələri də var.
Toplantıda Rusiya və Türkiyə arasında iqtisadiyyat, enerji, turizm, müdafiə sənayesi, bank-maliyyə, təhsil və digər sahələrdə münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunur.
Rusiya Xalq İttifaqı Partiyasının lideri, Beynəlxalq Slavyan Şurasının sədri, prezidentliyinə sabiq namizəd Sergey Baburin konfransda çıxış edib. O, inkişaf etməkdə olan Rusiya-Türkiyə münasibətlərini daha da dərinləşdirməyin zəruriliyini vurğulayıb. Natiq qeyd edib ki, Rusiya vətəndaşlarının türkləri, Türkiyə vətəndaşlarının isə rusları daha yaxşı başa düşməsi vacibdir: “Humanitar, mədəniyyət sahələrində əlaqələr, eləcə də iqtisadi-ticari əməkdaşlıq gücləndirilməlidir. Biz iki ölkə prezidentlərinin ölkələrimizin bir-birinə yaxınlaşdırılması istiqamətində atdıqları addımları yüksək qiymətləndiririk. Lakin üçüncü qüvvələr bizim əməkdaşlığımızda maraqlı deyillər”.
Baburin bildirib ki, dünyada ədalətli düzənin bərqərar edilməsi arzuolunandır: “Hər şey təbii ki, bu qədər sadə deyil. Ona görə də, qonşu ölkələrlə münasibətləri tənzimləmək lazımdır. Bu halda Rusiya və Türkiyə Avropa üçün birləşdirici xətt rolunu oynaya, Türkiyə sayəsində Rusiya üçün Avropa İttifaqı ilə olan anlaşılmazlıqları aradan qaldırmaq mümkün ola bilərdi”.
Baburin sonda konfransda iştirak edən sərmayədarlara, iqtisadçılara, rəsmilərə, Türkiyədə çalışan rusiyalılara uğurlar arzulayıb.
Sonra Rusiyada “avrasiyaçılıq” xəttinin ideoloqlarından biri sayılan tanınmış politoloq, ictimai xadim Aleksandr Duqin çıxış edib. O deyib ki, ümumən Rusiya ilə Avrasiya münasibətləri haqda danışanda təkcə pravoslav və slavyan dünyası nəzərdə tutulmur, burada bütün sivilizasiyalar öz əksini tapmalıdır: “Siyasətdə, iqtisadiyyatda anlaşma əldə etmək əsas deyil. Prezidentlər anlaşma nəticəsində buna nail olur. Amma cəmiyyətlər də bu əməkdaşlıqdan kənarda qalmamalıdır. Əks halda bu, bizim layihələrimizi uğursuz edər. Eyni məqam Azərbaycan üçün də keçərlidir. Hazırda Azərbaycan-Rusiya münasibətləri çox gözəl inkişaf edir”.
Duqin xatırladıb ki, tarix boyu türklər və ruslar Avrasiyanı təmsil etmək üçün rəqabət şəraitində olub: “Daha bir imperiya Qərblə Şərq arasında keçid olmaq istəmişdi. Bu da İran imperiyası idi. Və bu üç qüvvə - İran, Rusiya və Türkiyə öz aralarında Avrasiya üzərində nəzarəti təmin etmək üçün vuruşurdular. Nəticədə biz bu rəqabətdə uduzduq, amma Avropa qazandı”.

Bu xəbər oxundu
- - -