Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın bu günə qədər hərbi addım atmaması düzgün addım idi”

27.04.18, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Mehdiyev: “Yoxsa belə addım Sarkisyanın yeganə xilası olacaqdı”


“Serj Sarkisyan höküməti Qarabağdakı keçmiş terrorçulardan, başkəsənlərdən, hərbi cinayətkarlardan, Xocalıda insanlığa qarşı cinayət törədənlərdən ibarət bir qrupun iradəsi ilə idarə olunurdu. Bu adamlar həm parlament və hökümətdə, həm də güc strukturları - polis və kəşfiyyatda yerləşiblər. Əsasən də keçmiş Dağlıq Qarabağ vilayətindən olan adamlardır. Digərləri böyük həcmdə mülkiyyətə sahibdirlər. Pasinyan onları süpürüb atmaq istəyir. Onlar isə 20 ildən artıqdır ölkəyə nəzarət edirlər. Paşinyanın onlarla mübarizəsi heç də asan olmayacaq. Eyni zamanda Sarkisyanın adamları orduda da mühüm yerləri tuturlar. Bu baxımdan hələ orada çox hadisələr baş verəcək. Paşinyan yeni parlament seçkiləri tələb etməkdə israrlı görünür. Onun seçkilərə qədər baş nazir olması da indiki dönəmdə nömrəli məsələdir. Mövcud müvəqqəti baş nazir isə məsələni fırladıb yeni seçkilərə qədər baş nazir qalmaq üçün addımlar atır və rejimi xilas etməyə çalışır. Nəticədə Pasinyan hərəkatı indi Sarkisyanın partiyasının və Karapetyanın tamamilə hakimiyyətdən getməsini tələb edir. İndiki durum Sarkisyanın istefasından öncəki durumdan daha da təhlükəli mərhələyə girmişdir və Rusiya və Amerikanın orada canfəşanlığı da bununla bağlıdır. Hər iki dövlət daha çox Karen Karapetyana meyl edirlər, amma, sonucda Karapetyan da rüsvayçılıqla Rusiyaya qaçacaq”. Bu fikirləri konfliktoloq Elxan Mehdiyev səsləndirib. O bildirib ki, movcud vəziyyətdən çıxış yolu kimi Paşinyan özünün baş nazir olmasını görür: “Lakin onun da baş nazir olmasının həm müsbət və həm də, daha çox mənfi tərəfləri vardır. Mənfi odur ki,o baş nazir olarsa, o zaman köhnə klan onun işini sabotaj edib seçkilərə qədər nüfuzdan salmağa çalışacaq. Belə olduqda Paşinyan sərt tədbirlər görməsə irəliyə gedə bilməyəcək, amma onun demokratik şüarlarla gəlib sərt tədbirlər görməsi də çətin olacaq. Nəticədə onun nüfuzu azalacaq. Karen Karapetyan qalsa iki-hakimiyyətlilik olacaq və sonucda yenə də zəif hakimiyyət və talançılıq hökm sürəcək. Ona görə də Ermənistan hələ bir müddət qeyri-stabil mühitdə olacaq. Ermənistan müstəqillik qazandıqdan bəri ən ağır duruma düşüb və hakimiyyət daha da zəifləyəcək”.
O əlavə edib ki, Ermənilərin indiki durumda qorxduqları ancaq Azərbaycandır: “Azərbaycanın hücuma keçib torpaqları geri alması qorxusudur. Bəli, Azərbaycan üçün tarixi məqam yetişir. Bu məqamı da ermənilər özləri yetişdirir. Azərbaycanın bu günə qədər hərbi addım atmaması düzgün addım idi. Yoxsa belə addım Sarkisyanın yeganə xilası olacaqdı. Amma indi tarixi an yaxınlaşır və yetişir.Yeni hakimiyyət də özünə gələn kimi torpaqlardan çıxmamaq kursunu götürəcək. Necə ki, Sarkisyan 2016 Apreldən sonra belə etdi. Düşünürəm ki, Azərbaycanda hər kəs belə düşünür. Azərbaycanı burada nə Minsk Qrupu, nə Rusiya, nə Amerika ilgiləndirməli deyil. Azərbaycan ordusu, onun kəşfiyyat strukturları indi 24 saat çalışmalıdır. Qəti addım üçün tam hazır vəziyyətdə olmalıdır. Həmən addım vaxtında atılmasa Azərbaycan məğlub olacaq. 1993 –cü ildə ermənilər bizim torpaqları siyasi xaosdan istifadə edib tutdular, indi isə Ermənistanda həmən an yetişir. Tarix indi isə bizim üçün işləyir və o an yetişir”.

O, əlavə edib ki, Ermənistan qorxu içindədir: “Xarici işlər naziri Nalbandyan bütün xarici səfirlikləri nazirliyə yığıb yalvarır ki, onların ölkələri Azərbaycana təsir və təzyiq etsin. ATƏT həmsədrlərinə və Rusiyaya təcili teleqramlar göndərib. Aprelin 24-də baş nazir vəzifəsini icra edən Karapetyan da Ermənistandakı xarici səfirləri qəbul edib və eyni mesajları onlara vererək Azərbaycanı durdurmağa çağırır. Minsk Qrupu isə neçə illərdir onların başını sığallayır və bu bəyanat da oradan qaynaqlanır.
Minsk Qrupunun bəyanatı Azərbaycanı torpaqlarını azad etməkdən çəkindirməyə yönəlib. Buna həm də erməni ağzi ilə danışmaq deyirlər. Heç bir yoxlanmamış fakta arxalanmadan erməni videosu əsasında bu cür bəyənat vermək, guya ki, Azərbaycanı çəkindirməyə yönəlib. Azərbaycan rəhbərliyi bu həmsədrlərdən bir şeyi soruşmalıdır:yaxşı, erməınilər hücum edib bizim torpaqları tutsa,qalan kəndləri də xarabaya çevirsə, o zaman həmən həmsədrlər erməninin qarşısını alacaqlarmı? Onlarla döyüşəcəklərmi? Əksinə, Azərbaycan indiki dönəmdə təmas xəttinə daha böyük silah,sursat və texnika yığmalıdır və bunu açıq bəyan etməlidir. Çünki qarşı tərəfdə tam qeyri sabitlikdir, ordusunda qeyri-müəyyənlikdir və Azərbaycanın yaşayış məntəqələri tam da atəşkəs xəttinin yanındadır və əhalinin təhlükəsizliyi ən azından ehtiyat tədbirləri görməyi tələb edir...

Minsk qrupu yaranandan Azərbaycan torpaqlarının işğalı sürətləndi. 1993-cü ildə ermənilər Azərbaycanı işğal edəndə Minsk qrupu nə deyirdi. Sadəcə müşahidə edirdi və əksinə ermənilər torpaqları işğal etdikləri günlərdə Azərbaycanı danışıqlara salıb beynəlxalq ictimaiyyəti “ tərəflər danışırlar” deyərək aldadıb çaşdırır və işğalı pərdələyirdi”.
Onun fikrincə burada məsələnin iki tərəfi var: “Bir tərəfdən qatil Sarkisyanın getməsi vəziyyəti rasional olaraq kökündən dəyişir. Çünki hakimiyyət və hakimiyyətdəkilər bu caninin iradəsinə tabe idi və onların da torpaqlardan çıxmaq fikirləri yok idi. Danişiqlara getməklə də işğalı uzatmaq, işğal ərazilərini məskunlaşdırmaq və bu işi 25 il uzatdıqları kimi qeyri - müəyyənliyə qədər də uzatmaq və sonucda torpaqların əksər hissəsini və ən azı Kəlbəcər və Laçını da Ermənistana qatmaqdır. Sarkisyan butun bunları açıq söyləyirdi. O deyirdi ki,” həll məni maraqlandırmır, əsas məsələ odur ki, Qarabağ və bu qədər rayonlar bizim əlimizdədir”. “Biz bu məsələni həll etmişik və bu ərazilər bizim vətənimizdir”, - deyirdi. Sarkisyanın həyatda qalması ancaq işğalla bağlı idi. Bu onun şəxsi davası idi. Onun getməsi bir çirkab yuvasının Ermənistandan və bölgədən kəsilib atılmasına bənzəyir.
Mən heç də demirəm ki, Paşinyan sülh üçün özünü qurban verəcək əksinə hakimiyyətə gələrsə, bir dönəm daha da radikal mövqe sərgiləyəcək. Amma ölkəsinin gələcəyi və qurmaq istədiyi iqtisadiyyatı Türkiyə və Azərbaycanla münasibətlərdən asılıdır. Bunu Ter-Petrosyan açıq şəkildə deyir. Əgər o da bu yolu tutarsa, o zaman torpaqlardan çıxmalıdır. Belə etdiyi halda da daxili siyasətlə üzləşəcək, çünki erməni cəmiyyətinin Sarkisyan xəstəliyindən sağalması da çətindir. Məsələn, Nikol Pasinyan parlament seçkilərinə getsə və seçkiləri udsa da, parlamentdə koalisyon höküməti olacaq. Onun böyük siyasi təşkilatlanmış quvvəsi yoxdur ki, təkbaşına parlamenti idarə etsin ve güclü baş nazir olsun. Azad seçki nəticəsində cəmiyyətin bütün təbəqələri seçkiyə qoşulacaq və düşünürəm ki, gələcəkdə o baş nazir olsa da koalisiyalı olacaq. Bu zaman sülh danışıqları da davam edəcək və danışıqlar da parlament müzakirəsi mövzusu olacaq. Lap tutaq ki, Azərbaycanla razılığa gəldilər, o zaman o müqaviləni demokratik parlamentdən necə keçirəcək? Onun rəqibləri və indiki Sarkisyançılar (onsuz da o da birazdan güc toplayacaq) ayaga qalxıb: “bu satqin Qarabağı Azərbaycana satdı”- deyəcək və onu devirməyə çalışacaq və bu işdə də xalq da ona qarşı çıxacaq. Necə olacaq sülh müqaviləsi o zaman?. Əksinə onun işi daha çətin olacaq. Bizim torpaqlar da Ermənistanın artıq daxili siyasətinin məsələsinə çevriləcək, işğal davam edəcək. Digər tərəfdən,milli dövlət sistemi seçki yolu ilə dəyişən demokratik sayılan millətçi ölkələrdə bu cür məsələlər həll olunmur. Buna İsrail, Yunanıstan elə ən yaxın nümunədir.
Hadisələrin bu cür gedişinə həmən həmsədrlər və ya demokrtaik institutlar da normal yanaşacaq. Ermənistanda demokratik debatlar gedir- deyəcəklər. .Bu baxımdan şərəfinə sağlıq dediyimiz həmsədrlər də - “orası bir demokratik parlamentdir, razılıq olmalıdır”- deyib Azərbaycana daha da təzyiq edəcək və daha bir 20 il də belə sürüyəcəklər”.
E.Mehtiyev vurğulayıb ki, bu işlər o zaman normal istiqamətdə gedər ki, cəmiyyət dəyişsin, cəmiyyət demokratik dəyərlərin daşıyıcısı olsun. Amma, qarşıdakı 20 ildə bu cür dəyişiklik də mümkün deyil. Ermənistandakı indiki hərəkat demokratik yox, anti Sarkisyan hərəkatıdır və erməni cəmiyyəti də demokratik deyil, əksəriyyəti millətçilik, irqçılik, faşizm üzərində köklənmiş geniş kütlədən ibarətdir. Çünki onlar hələ də açıq şəkildə çıxıb “azərbaycanlılarla sülh olmalıdır”, “işğal bitməlidir”, “Xocalı pislənməlidir” deyə bilmirlərsə, orada demokratiyadan danışmaq mümkün deyil. Bu cür danışan ya öldürüləcək ya da yaxşı halda döyüləcək və cəmiyyətdən izolə olunacaq. İsrail höküməti bu cür qəddarlıqlar edir, amma on minlərlə yəhudi əhali çıxıb Fələstinliləri müdafilə edir, onlarla həmrəy olur. Çünki demokrtatik cəmiyyətdir, hüquq sistemi vardır, baxmayaraq ki, orda da tənəzzül gedir.
Ona görə də, yaxınlaşan bu tarixi məqamın hər dəqiqəsi bizim üçün həyati əhəmiyyət daşıyır və Azərbaycan diplomatiyası və onun ordusu həmahəng olaraq gedən prosesləri yaxından izləməli və zamanında qəti qərarını verib bu məsələni birdəfələik həll etməlidir. Vətənini işğaldan qurtarmalı və tarix yazmalıdır. Ondan sonra hər kəs Azərbaycanı dəstəkləyəcək”.

Əli

Bu xəbər oxundu
- - -