Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mirəli Seyidov - Azərbaycan türklərinin tarixinə kompleks yanaşan alim

30.04.18, 7:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaradıcılığının əsas dövrü sovet ideologiyasının meydan suladığı dövrə təsadüf edən tanınmış mifoloq-alim, professor Mirəli Seyidov bütün çətinliklərə, qadağalara baxmayaraq Azərbaycan mifik təfəkkürünün ilkin qatlarını özünəməxsus şəkildə, milli ruhun tələbləri səviyyəsində araşdırdı, gərəkli nəticələrə gəldi. Azərbaycan türkünün ilkin düşüncə sistemini bu sarıdan elmi aspektdə araşdırmaq olduqca çətin idi. M.Seyidov bu çətin işin öhdəsindən bacardığı qədər gələ, bu yöndə özül yarada bildi. O, 1918-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, ilk təhsilini də orada alıb. İrəvan Dövlət Pedaqoji İnstitutunda, Ermənistan Dövlət Universitetində təhsil alıb. Alim kimi Nizami adına Ədəbiyyat Muzeyində (1945-1969), Nizami adına Ədəbiyyat İnstitutunda (1960-1992) müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifələrində işləyib. 1970-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi, 1979-cu ildə professor adını alıb. Alimin yaradıcılığını gənc tədqiqatçı Emin Ağayev hərtərəfli araşdırıb. O, bildirir ki, professor M.Seyidov Azərbaycan mifologiya elminin inkişafında danılmaz xidmətləri olan görkəmli alim olub: "Onun çap olunmuş hər bir əsəri elmi ictimaiyyət, o cümlədən kütləvi oxucular tərəfindən çox böyük maraqla qarşılanırdı. M.Seyidovun elmi fəaliyyəti, o cümlədən mifoloji tədqiqatları barəsində Azərbaycan alimləri dəyərli fikirlər söyləyib, onun mifologiya elminin inkişafındakı rolunu səciyyələndirməyə çalışıblar".
M.Seyidovun "Azərbaycan mifik təfəkkürünün qaynaqları" monoqrafiyasına (1983) ön söz yazmış mərhum professor Əkbər Ağayevin fikrincə, onun elmi fəaliyyəti tarix, etnoqrafiya, toponimika, mifologiya, folklor, linqvistika, ədəbiyyat tarixi və digər sahələrlə bağlıdır: "Alimin yaradıcılığı ilə yaxından tanış olanlar bilir ki, yuxarıda sadalanan bağlılıqdan başqa M.Seyidova xas olan mühüm bir keyfiyyət də var. Bu da ondan ibarətdir ki, alimin özünəməxsus baxışlar sistemi, tarixə münasibəti, təhlil və ümumiləşdirmə metodu, orijinal elmi-fəlsəfi məntiqi var. M.Seyidov öz mifoloji araşdırmalarında etimologiyalara çox diqqət verib. Ümumiyyətlə, alimin heç kəsə bənzəməyən tədqiqat metodu olub. O, mifologiyanın, həmçinin xalqımızın tarixinin, etnogenezinin (milli mənşəyinin) tədqiqində ayrı-ayrı adların, sözlərin, anlayışların leksik təhlilinə, onların etimoloji yozumuna böyük üstünlük verib. M.Seyidov ayrı-ayrı mifoloji anlayışların, sözlərin etimoloji təhlil və izahını geniş mənalandıraraq belə hesab edir ki, həmin sözlərin, anlayışların böyük əksəriyyəti dil və mifoloji regionlarla bağlıdır və bir çox qonşu xalqlar, qəbilələr üçün müştərək mədəni irs sayılmalıdır. Məsələnin bu cür qoyuluşu daha doğrudur, çünki müəllifin araşdırdığı problemin özünün xarakteri, izah etdiyi söz və anlayışların məna tutumu tələb edir ki, təhlilin dairəsi genişlənsin, qarşıya qoyulmuş məsələlər xalqların mədəniyyətləri arasındakı tarixi əlaqələr baxımından və səviyyəsindən nəzərdən keçirilsin".
1989-cu ildə M.Seyidovun "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı kitabı işıq üzü gördü, elmi ictimaiyyət arasında böyük marağa səbəb oldu. Mirəli Seyidovun tədqiqatlarında problemə daha fundamental yanaşılır. Hər şeydən əvvəl mifoloq-alim mifin necə yaranmasına diqqəti çəkir: "Mifi nə təbiət, nə toplumsal (ictimai) fikir dünyası, nə də yarandığı gündən yaxşı gün-dirilik üzünə həsrət qalan insan təkbaşına yaratmayıb. İbtidai insan təbiətlə dost, eləcə də yağı kimi qarşılaşdıqca təbiətlə onun arasındakı ziddiyyətdən, anlaşmadan ilk inam və sonra ilk mif yaranmayıb».
Alimin tədqiqatlarında təbiət-insan vəhdətinin ilkin sirli-sehrli mərhələsinin mifik təsəvvürlərin yaranması üçün yaxşı bir əsas olduğu aydınlaşır: "Axı deyəsən, ilk yaxşı hiss, gözəllik hissi daha çox ibtidai insanın var olmaq, olum, ölüm hissi ilə bağlı olmuşdur. Onu yaşadan, yedirən (ağac, meyvə, quş, heyvan və s.) ehtimal etmək olar ki, onu aclığın, ölümün amansız pəncəsindən qurtaran həyat nemətləri, bu və başqa nəsnələr xoşagəlim, yaxşı-gözəl, ölümə aparan, ölüm gətirən nəsnələr isə pis, yaman sayılıb".
M.Seyidov folklorun bir çox janrlarında, o cümlədən əfsanələrdə qorunub qalan mifoloji düşüncə strukturları haqqında yazır ki, azərbaycanlıların bir sıra əfsanələrində nağıllarında, deyimlərində saxlanmış əski mif və ondan qabaqkı inamlarla səslənən görüşlər bu baxımdan diqqəti özünə çəkir. Alim hesab edir ki, miflər, xalq yaradıcılığı xalqın tarixən yol yoldaşı olmuş, uzun çağlar elə bil onun görüşlərinin, əxlaqi-etik prinsiplərinin, estetik zövqünün toplusuna çevrilib: "Oğuz boyları, Oğuzla bağlı mifik-tarixi əfsanələr, dastanlar əskidir və o, çağları keçdikcə az-çox dəyişilmiş, yeniləşib, gəncləşib. Bu baxımdan Oğuzun, özünün, uşaqlarının, nəslinin evlənməsi ayrıca maraq doğurur. Oğuz Kağanın iki xanımı olur. Birinci xanım göy şüanın içində göydən gələn, ikinci xanım isə gölün ortasındakı ağacdan çıxan xanımdır. Şüanın içində göydən gələn xanım Günəşin, gölün ortasındakı ağacın içindən çıxardığı Dünya ağacının insanlaşdırılmış obrazlarıdır. Oğuzun Günəşin bəlgəsi xanımından Gün xan, Ay xan, Ulduz xan, Dünya ağacının bəlgəsindən Gök xan, Teniz xan, Tağ xan adlı oğlanları olur. Günəşin bəlgəsi olan xanımdan doğulan üçəm qardaşlar kosmik aləmlə, günəşlə, odla, gölün ortasındakı ağacdan çıxarılan xanımdan doğulan üçəm qardaşlar başlıca olaraq yerlə, su ilə bağlıdır. Oğuzun işıq, gün, yer və su başlanğıcından yaranan övladları bir yerdə kainatı, yaradılışı (Gün, Ay, Ulduz, Göy, Dəniz, Yer) təmsil edirlər. Uşaqları üçəm qardaş verməklə mif, əfsanə yaradıcısı dual təşkilat quruluşunun iki pozulmaz qanununa - birliyə, ayrılığa işarə edib".
M.Seyidovun yuxarıdakı fikrindən aydın olur ki, Oğuz haqqında bizə gəlib çatmış əfsanələr öz kökləri etibarilə mifik dünyagörüşünə bağlanır. Həmin mətnlər uzun əsrlər ərzində poetik dəyişmələrə məruz qalsa da, onların mifik cövhəri sabit qalmışdır. Forma dəyişmiş, məzmun şəkildəyişmələrə uğramışsa da, məzmunun alt qatlarında yaşayan ilkin dünyagörüşü – mifik düşüncənin genetik substratı qorunaraq qalmaqda davam edib. Doğrudan da, mifologiya ilkin başlanğıcdır. Varlıq aləminin hər bir ünsürü öz təkamül və inkişafında heç vaxt ilkin başlanğıcından ayrılmır. Çünki ilkinlik – fiziki və mənəvi fitrətdir, bünövrədir. M.Seyidov da elə bir alim idi ki, bu ilkinliyi – mənəvi-cismani yöndəki fitri başlanğıcı, kökləri həm elmlə, həm də bir alim fəhmi ilə duyurdu. Ona görə də alimin öz intellekti və fəhmi ilə gəldiyi qənaətlər bu gün bizi əfsanələrə mifik görüşlərin öyrənilməsi baxımından inamlı yanaşmağa sövq edir.
Prof. M.Seyidov Azərbaycan əfsanələrində mifik düşüncəmizin təməl sütunlarına – ilkin stixiyalara xüsusi diqqət verib. Türkün mifoloji baxışlarında, ilkin dünyagörüşündə kifayət qədər izlərini qoymuş suya inam müqəddəsliyi ilə bağlı danışan alim qeyd edir ki, zaman-zaman mifik təfəkkürdən sonra yaranmış dünyagörüşlər, dinlər suya inamı Azərbaycan əfsanələrindən, rəvayətlərindən tamamilə silib ata bilməyib. Tədqiqatçı «Amudux piri" əfsanəsini misal gətirir.
M.Seyidov əfsanələrdə dağ obrazının əcdadlarımızın mifik təfəkkür sistemi ilə bağlılığına da xüsusi diqqət verib. O yazır ki, azərbaycanlıların qədim qəbilə birləşmələrində də dağa "ulu baba", "soyun başlanğıcı" kimi baxmaq inamı olub. Hətta indi də xalq arasında yaşayan mifik əfsanələrdə bu inam özünü göstərir. Elə buna görə də azərbaycanlılar Böyük Qafqaz dağlarından birinə "Babadağ" (Quba yaxınlığında) adı veriblər. Ermənistanda vaxtı ilə başlıca olaraq azərbaycanlıların yaşadıqları rayon "Ağbaba" (indiki Amasiya) adlanıb. Bu adda da dağa inam ("Başı qarlı dağa Ağbaba" da deyilirmiş) öz əksini tapıb".
Ümumiyyətlə, əfsanə janrı prof. M.Seyidovun yaradıcılığında mühüm yer tutub. O, əfsanələrə mifik görüşlərin öyrənilməsi baxımından çox ciddi mənbə kimi əhəmiyyət vermişdir. Alimin mifologiya haqqında çoxsaylı məqalə və kitablarında çoxlu miqdarda əfsanələrə müraciət olunub. Hətta bir qədər də irəli gedib demək olar ki, əfsanələr M.Seyidov üçün xalqımızın mifik görüşlərinin tədqiqi sahəsində bəlkə də, ən ilkin qaynaq rolunu oynayıb. Bu cəhətdən onun irsi «mif və əfsanə » probleminin qoyuluşu və tədqiqi üçün böyük və hərtərəfli əhəmiyyət daşıyır; istər konkret bir əfsanədə yaşayan mifik görüşün üzə çıxarılmasının bizə verə biləcəyi elmi təcrübə baxımından, istərsə də ümumən əfsanə janrının mifik görüşlərin öyrənilməsindəki rolu və əhəmiyyətinin dərki baxımından.
Alimin ölümündən sonra (1994) "Qam-Şaman və onun qaynaqlarına ümumi baxış" adlı kitabı çıxdı. Mifoloq-alim Seyfəddin Rzasoyun fikrincə, çağdaş Azərbaycan folklorşünaslığında vüsət götürmüş mifoloji tədqiqatların başlanğıcı, bir növ mərhum professor Mirəli Seyidovun tədqiqatlarına söykənir: "O, 70-ci illərin ortalarından başlayan mifoloji araşdırmaları ilə tez bir zamanda məşhurlaşdı və həm də elmin bu sahəsinə diqqəti fəallaşdırmış oldu. Heç təsadüfi deyil ki, alim etnogenez və mifologiya məsələlərini bir-birindən ayırmır, bir növ etnogenetik-mifoloji araşdırmalar aparırdı. Hər hansı bir mifoloji obrazın, yaxud etnik mədəniyyət üçün əhəmiyyətli olan kültür vahidinin nominativ işarəsinin (adının) linqvoetimoloji təhlilini aparmaq onun sevimli metodu idi. O, sözü götürür, onu leksemlərə, morfemlərə, fonemlərə qədər parçalayır, ümumtürk materialı əsasında leksik mənasını tapmağa cəhd edir və bundan sonra əldə etdiyi mənaları tarixi-müqayisəli kontekstdə etnik mədəniyyətin məlumatları əsasında dəyərləndirirdi. Bu baxımdan, onun tarixi-filoloji yanaşması türk kültürünün müxtəlif funksionallaşma qatları ilə bağlı informasiya ilə son dərəcə zəngindir. M.Seyidov Azərbaycan türklərinin tarixinə kompleks yanaşıb, onu tədqiq edərkən tarixi, etnogenetik, etnoqrafik, etnopsixoloji, kulturoloji, o cümlədən mifoloji yanaşma yönlərini birləşdirib. M.Seyidov mifoloji obrazların təhlili zamanı onların adlarının linqvistik etimologiyasına meylli olub. Bu, onun sevimli üsulu idi. M.Seyidov bu linqvistik etimologiyaları ilə ilk növbədə təhlili verilən sözün türk mənşəli olduğunu təsdiq edirdi. Bu, alimin apardığı araşdırmaların milli qayə və amacı baxımından çox vacib idi. Çünki Azərbaycan türklüyünün tarixi son dərəcə eybəcər şəkildə saxtalaşdırılmışdı. Alim milli tarix üçün əhəmiyyətli olan kültür vahidlərinin linqvistik mənşəyinin türkə məxsus olduğunu təsdiq etməklə öz tarixinin haqlı maraqlarını ona yönəlmiş çirkin hücumlardan qorumuş olurdu. Sözün türkmənşəli olması onun təmsil etdiyi mədəniyyətin türkə məxsusluğunu təsdiq edir, bu da öz növbəsində Azərbaycan türklüyünün öz halal torpağında yaşamaq haqqını əsaslandırmış olurdu. Bütövlükdə götürdükdə M.Seyidovun araşdırmaları əslində bugünkü faciələrimizin dünən əsasını qoyanlara qarşı yönəlmişdi".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)