Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İnsanların avtomobil sürmə tərzləri məni dəli edir”

01.05.18, 12:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintananın apasport.az saytına müsahibəsi
- Komandanız ardıcıl 5-ci, sizə isə 2-ci dəfə Azərbaycan çempionu oldunuz. Bu, necə hissdi?
- Çox gözəl. “Qarabağ” yenidən çempionatın qalibi oldu. Bu, bizim üçün böyük şeydi. Çünki gələn mövsüm yenidən Çempionlar Liqasında mübarizə apara biləcəyik.
- Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyinizi nəzərə alsaq, cari mövsümü karyeranız üçün xüsusi saymaq olarmı?
- Əlbəttə. Bu idman növü ilə məşğul olan hər kəs hələ uşaq olanda peşəkar futbolçu olmağın, Çempionlar Liqasında və dünya çempionatında iştirak etməyin xəyallarını qurur. Bunlar əldə ediləcək ən böyük nailiyyətlərdi. Biz də uzun illər gərgin çalışmanın bəhrəsini bu mövsüm gördük və Çempionlar Liqasının qrup mərhələsində iştirak etdik.
- Ancaq gələn mövsümdən format dəyişdiriləcək. Yenidən qrupa düşmək çətin olmayacaq?
- Bəli, bu, faktdı. Yeni mövsümdən 44 ölkə çempionu qrup mərhələsinə vəsiqə verən 4 yer uğrunda mübarizə aparacaq. Ancaq son 5 ildə Avropada topladığımız təcrübəyə əsasən əminəm ki, yenidən qrupa düşmək üçün mübarizə aparacağıq. Bundan ötrü əlimizdən gələni edəcəyik.
- Topaz Premyer Liqasının səviyyəsinin ildən-ilə zəiflədiyi faktı ilə razısınızmı?
- Bəzən düşünürəm ki, çempionatda daha çox komandanın iştirakı heç də pis olmazdı. Belədə fərqli futbolçulara qarşı oynaya bilirsən. Ancaq istənilən halda, çempionatın hər matçında qələbə qazanmaq çətindi.
- Komanda son 3 mövsümdə, demək olar ki, rəqabətsiz çempion olur. Bu amil sizin həm fərdi, həm də kollektiv şəkildə inkişafınıza mane olmur?
- “Qarabağ”da hər zaman oyununu inkişaf etdirmək və təkmilləşdirmək məcburiyyətindəsən. Bu, bizim sirrimizdi. Baş məşqçimiz Qurban Qurbanov futbolçuların bir an belə olsun arxayınlaşmağına və qeyri-peşəkar davranmağına imkan vermir.
- Artıq 3 ildi Azərbaycanda yaşayırsınız. Gəldikdən bəri ölkəmiz haqda düşüncələrinizdə dəyişiklik varmı?
- Azərbaycan barədə yalnız xoş sözlər deyə bilərəm. Gəldiyim ilk gündən burda çox xoşbəxtəm. Məndən Azərbaycan haqda soruşanda ağzımdan yalnız yaxşı sözlər çıxır. Bu ölkənin insanları məni və ailəmi özlərindən biri kimi qəbul etdilər. Buna görə də, hər zaman minnətdar olacağam.
- İspaniya, Polşa və Səudiyyə Ərəbistanında da yaşamısınız. Azərbaycanı onlardan nə fərqləndirir?
- Hesab edirəm ki, Azərbaycan Avropa ilə Yaxın Şərq arasındadı. Ancaq həyat tərzinə görə, Avropaya daha yaxındı.
- Bakıda heç cür uyğunlaşa bilmədiyiniz bir şey varmı?
- İnsanların avtomobil sürmə tərzləri bəzən məni dəli edir. Ancaq buna öyrəşəndən sonra heç fikir vermirsən.
- Buranın yeməkləri ilə aranız necədi?
- Düşünürəm ki, Azərbaycanın milli yeməkləri əsasən ət yeməklərindən ibarətdi. Amma ümumilikdə istədiyim hər şeyi yeyirəm. Yeməklər çoxdu. Həyat yoldaşım və dostlarımla birlikdə yaxşı vaxt keçirə biləcəyim gözəl restoranlar var.
- Azərbaycanda həyatınız boyu unutmayacağınız bir hadisə ilə rastlaşmısınızmı?
- Futbolda, əlbəttə ki, Çempionlar Liqası. “Çelsi” ilə tribunaları tam dolmuş stadionda keçirdiyimiz oyundakı atmosfer möhtəşəm idi.
- “Qarabağ”la anlaşmanız başa çatmaq üzrədi. Yeni müqavilə ilə bağlı danışıqlara start verilibmi?
- Bu məsələ ilə bağlı hazırda danışıqlar gedir. Ümid edirəm ki, ortaq məxrəcə gələcəyik və razılıq əldə olunacaq.

Bu xəbər oxundu
- - -