Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

1917-1918-ci illərdə Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət

02.05.18, 7:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı
Ümumqafqaz müsəlmanları qurultayının çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlanmışdı. Qurultayda çox mühüm məsələlər müsakirə olunmalı idi. Xüsusən ölkənin milli-dövlət quruculuğu məsələsi qurultayda əsas müzakirə obyekti olmalı idi. Həmin dövrün mətbuatında Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və Başqırdstanın milli-ərazi muxtariyyətinə nail olması məsələsi xüsusi olaraq vurğulanırdı (1917, 19-21aprel). Muxtariyyətlə bağlı Y.V.Çəmənzəminli yazırdı: “Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutmuş Osmanlı məmləkətinə qədər və Batumdam tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəfinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki bu şəhər bizə həmişə yol göstərib və bizə kömək əli uzadıb”.
1917-ci il aprelin 15-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı keçirilmişdi. Ə.M.Topçubaşovun sədr seçildiyi qurultayda müxtəlif ictimai təşkilatlardan təxminən 300 nümayəndə iştirak etmişdi. Qurultayda Gürcüstan, Şimali Qafqaz və Azərbaycanda yaşayan türk-müsləman xalqlarının nümayəndələri iştirak edirdi. Qafqaz müsəlmanlarının qurultayında qəbul edilən qətnamədə göstərilirdi ki, müsəlman xalqlarının maraqlarını Rusiya dövlət quruluşunun federativ-ərazi prinsipləri forması təmin edir. Qurultay nümayəndələri Rusiyada demokratik respublika quruluşunun olmasını arzulayırdılar. Qurultay Qafqazda Müsəlman Milli Komitələrini təşkil etmək məqsədilə, iki müvəqqəti Mərkəzi Büro yaradılmasını qərara alır. Onlardan biri Şimali Qafqaz və Dağıstanda, digəri isə Zaqafqaziyada olmalı idi. Sonuncunun mərkəzi Bakıda yerləşməli idi.
Qurultayda Azərbaycana ərazi muxtariyyəti verilməsi məsələsi də ortaya qoyulmuşdu. Bu qurultay bütövlükdə Qafqaz müsəlmanları üçün, xüsusən Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların, cəmiyyətlərin, demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən təşkilatlar isə Müsavat partiyası və Müsəlman Milli Şurası idi. Belə bir vaxtda Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət qiymətləndirilməlidir.
1917-ci il mayın 1-də Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı Moskva müsəlmanlarının mədəniyyət mərkəzinin dayağına çevrilmiş, kiçik Tatar döngəsindəki evdə keçirilmişdi. Həmin ev 1913-cü ildə Bakı milyonçusu və neft sənayeçisi Şəmsi Əsədullayevin vəsaiti hesabına tikilmişdi. Burada məktəb, musiqi zalı, zəngin kitabxana, kasıb və kimsəsizlər üçün internat yerləşirdi; Şərq və Avropa dilləri, tarixi, poeziyası, musiqisi öyrədilir; Moskva və başqa şəhərlərin alimlərinin iştirakı ilə aktual mövzular üzrə müzakirələr keçirilirdi.
1917-ci ilin yazında və yayında Azərbaycan, Tatarıstan və Türküstandakı milli hərəkatda Rusiyanın müsəlman əyalətlərinə muxtariyyət verilməsi barəsində iki meyl özünü göstərirdi. Bunlardan biri unitarizm meyli idi ki, onun tərəfdarları Rusiyada mərkəzləşdirilmiş hakimiyyətə malik, vahid burjua respublikası çərçivəsində müsəlmanlara yalnız mədəni-muxtariyyət verilməsini tələb edirdilər. İkinci meylin tərəfdarları isə, federalizmi arzulayırdılar. Onlar Rusiyada federativ-burjua respublikası çərçivəsində ərazi muxtariyyəti tərəfdarı idilər. Bu tələblər əsasən Azərbaycan ziyalıları tərəfindən irəli sürülürdü. Qurultayda çıxış edən M.Ə.Rəsulzadə Rusiya Federativ Respublikasının tərkibində Azərbaycan və Rusiyanın başqa müsəlman vilayətlərinə milli-ərazi muxtariyyətinin verilməsini tələb edirdi.
Qurultayda müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi zərurəti haqqında (717 səsdən 446 səslə) qətnamə də qəbul edilmişdi. Beləliklə, 1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayı Qafqazda, eləcə də, Rusiya imperiyasının başqa ərazilərində yaşayan türk-müsəlman xalqlarının siyasi baxımdan təşkilatlanmasında və onların mənəvi cəhətdən bir-birlərinə yaxınlaşmalarında mühüm rol oynamışdı. Fevral burjua inqilabının yaratdığı imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan “Müsavat” partiyası xalqın və torpağın müdafiəsini öz üzərinə götürmüş yeganə siyasi təşkilat idi. “Müsavat” partiyası hər hansı bir sinfin adından deyil, bütün millətin adından çıxış edirdi. Bu da partiyanın proqramda öz əksini tapmışdı. Orada deyilirdi ki, milli dövlət ancaq o vaxt həqiqi hesab edilir ki, o seçilmiş bir sinfin deyil, bütün xalqın maraqlarını müdafiə edir və qoruyur. “Müsavat” partiyasının siyasi həyatın başlıca qüvvəsinə çevrildiyini Bakı Sovetinə və Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərin nəticəsi də təsdiqləmişdi. 1917-ci ilin oktyabr ayının 22-də Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat” partiyası səslərin 40 faizini toplayaraq birincilik qazanmışdı. Səslər aşağıdakı şəkildə bölüşdürülmüşdü: Müsavat - 8147, bolşeviklər - 3883, eserlər-6305, menşeviklər - 687, daşnaksütyun - 5289.
Əhalinin tərkibi beynəlmiləl olan Bakı şəhərində belə bir qələbə “Müsavat” partiyasının hegemon qüvvə olduğunu sübut edirdi. Ziyalılarımız və onların yaratmış olduğu siyasi təşkilatlar, o cümlədən “Müsavat” partiyası xalqın önündə getməyi özünün vətəndaşlıq borcu hesab edirdi. Xalq da onlara inanırdı. Bütün bu hadisələr erməni təşkilatlarını, xüsusən S.Şaumyanı çox narahat edirdi. Bu narahatlığın da əsas səbəbi onların Azərbaycan torpağı hesabına Erməni dövləti yaratmaq, bütövlükdə Azərbaycanı Sovet imperiyasının ərazisinə qatmaq planlarına mane olması idi. Azərbaycan adlı bir dövlətin mövcudluğunu qəbul etmək istəməyən S.Şaumyan yazırdı: “Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan “Müsavat”, ikinci ilin başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi.
1918-ci ildə Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə arasında ciddi mübarizə gedirdi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər; ikinci qüvvəyə bolşeviklər və sol eserlər; üçüncü qüvvəyə isə müsəlman təşkilatları ilə ittifaqa girən “Müsavat” partiyası daxil idi. Lakin mübarizənin şiddətli bir vaxtında birinci iki qüvvə erməni-rus bolşeviklərin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdilər. Rus məmurlarına, rus, erməni fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser, kadet, daşnak və bolşevik olmaq üzrə müxtəlif siyasi firqələr ətrafında birləşən Azərbaycandakı ruslar “Müsavat”ın yaratdığı hərəkat qarşısında daxili mübahisə və mübarizələrini unudub “Müsavat”a qarşı vahid cəbhədə birləşdilər.
Bununla bağlı Ə.Topçubaşov yazırdı: “Ermənilərlə gürcülərin keçmiş rus ordusunun bütün yaraqlarını işlədə bilən əskərlərdən ibarət milli diviziyası olsa da, müsəlmanların öz ordusunu yaratmaqdakı ilk addımlarını başqaları, daha çox da bolşeviklər yağıcasına qarşıladılar”.
Bakı şəhərində çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər, martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərləri S.Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsin və onlara qarşı əsil müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar. S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu. Bolşeviklər 1918-ci il martında 30-da Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi yaratdılar. Onun tərkibinə S.Şaumyan, A.Çaparidze, N.Nərimanov, Q.Q.Korqanov, İ.Suxarsev, S.Saakyan, M.Yeremyan daxil idi. Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il matrın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəticələndi. Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi. Azərbaycanda qətliamlar Leninin direktiv göstərişləri və bolşevik-erməni hərbi birlikləri həyata keçirmişdi.
Erməni silahlı dəstələrində istifadə edən St.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı, Şamaxı, Quba, Cavad, Lənkəran və başqa qəzalarda müvəqqəti olsa da Bakı Sovetinin hakimiyyətini qura bilmişdi. Bu zaman minlərlə yaşayış məskənləri dağıdılmış, dinc insanlar amansızcasına qətlə yetirilmiş, onların əmlakları qarət olunmuş və həmin yerlərin mədəniyyət abidələri dağıdılmışdı.
Lakin S.Şaumyanın Bakıda qurmuş olduğu sovet hakimiyyətinin (BXKS) ömrü dörd ay davam etmiş və 1918-ci iyulun 31-də süqut etmişdi.
1920-1980-ci illərdə sovet tarixçilərinin yazmış olduqları əsərlərdə, 1918-ci ilin mart-iyul aylarında Şimali Azərbaycanın müxtəlif qəzalarında – Bakı, Şamaxı, Quba, Kürdəmir, Lənkəran və b. qəzalarda, Bakıdakı bolşevik hakimiyyəti dövründə, türk-müsəlman əhalisinə qarşı törədilən kütləvi qətliamların üstündən sükutla keçilmiş və ya həmin dövrdə baş vermiş tarixi hadisələr təhrif olunmuşdu. 1991-ci ildə Şimali Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1917-1918-ci illərdə baş vermiş tarixi hadisələrlə əlaqədar olaraq çağdaş vətən tarixçiləri tərəfindən yeni və obyektiv elmi tədqiqat işləri aparılmağa başlanılıb. Tarixi həqiqətləri bərpa etmək üçün bu gün də elmi tədqiqat işlərin yazılması davam etməkdədir. Beləliklə, 1917-1918-ci illərin siyasi vəziyyəti təhlil edilərkən gəlinən nəticə ondan ibarətdir ki, bəhs olunan illərdə Bakıda siyasi təşkilatların yaranması və mübarizəsinin aktivləşdiyi dövrüdür. Bu dövrdə Bakıda hakimiyyətə iddialı olan bir neçə orqanın – Müvəqqəti hökumətin hakimiyyətini təmsil edən İctimai Təşkilatların İcraiyyət Komitəsinin, şəhər Dumasının, fəhlə və hərbi deputatları Sovetinin, ayrı-ayrı millətləri təmsil edən Milli Şura və partiyaların mübarizə apardıqlarını görmək mümkündür. Digər tərəfdən, bolşevik Rusiyasının Alman bloku ilə Brest-Litovski müqaviləsi imzalaması və bunun nəticəsində Qafqaz cəbhəsindən rus qoşunlarının getməsi, burada Türkiyənin, istər siyasi, istərsə də hərbi mövqeyini möhkəmləndirmişdi. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin erməni silahlı dəstələri Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Salyan və başqa qəzalarında “Sovet hakimiyyəti” qurmaq adı altında türk-müsəlmanlara qarşı kütləvi qırğınlar törətmişdi. Bu qırğından sonra bolşeviklər Bakida RSFSR hökumətinin direktiv göstərişləri, hərbi və maliyyə yardımı ilə Bakı Xalq Komissarları Soveti qurulmuşdu.

Vaqif Abışov
tarix üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)