Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Siyasətin dili söyüş dili olmamalıdır“

02.05.18, 14:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın SİA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Fazil bəy, AŞPA - nın qərəzli hesabatından sonra bəzi yerli və xarici qüvvələr də dövlətimizə qarşı qarayaxma kampaniyasını genişləndiriblər. Demək olarmı ki, bu cür anti-təbliğat kampaniyası eyni mərkəzdən idarə olunur?
- Əlbəttə, Azərbaycana qarşı kampaniyanın aparılmasında mərkəzlər birgə hərəkət edirlər. Ayrıca fərdi insanların müəyyən addımları da istisna deyil. Hər halda, bu xoşagələn hal deyil. AŞPA - da elə bilirlər ki, Azərbaycan cəmiyyətində yaxşı qarşılanmayan hesabatlar yaymaqla hansısa demokratik proseslərə təkan vermiş olacaqlar. Halbuki bu, Azərbaycana bir təzyiq vasitəsi kimi düşünülən mexanizmdir. Əgər AŞPA, doğurdan da, narahatdırsa, elə Dağlıq Qarabağ məsələsindən daha çox narahat olmalıdır ki, orada minlərlə insanın taleyi ortada qalıb. Bu baxımdan da, bu qüvvələrin Azərbaycana qarşı yaydıqları hesabatların böyük əksəriyyəti planlı şəkildə həyata keçirilir. Əsasda, sabah Azərbaycan özünün dövlət maraqlarına uyğun hansısa məsələni gündəmə gətirsə, dərhal bəyan edəcəklər ki, aha, burda korrupsiya məsələsi var, burda başqa amillər var. Ona görə də, məncə, bu kimi məsələlərdə biz daha diqqətli olmalıyıq və bu qüvvələrə qarşı, ən azı, maarifçilik işini də unutmamalıyıq. Təkcə bunların qınanması ilə iş bitmir. Müəyyən dərəcədə onların davranışlarına qarşıda müəyyən aydınlaşdırıcı işlər də görülməlidir.
- Sizcə, maarifləndirici çıxışlarla xaricdəki "söyüş qrupu" hesab edilən, mühacirləri Azərbaycanın dövlət və milli maraqları çərçivəsində çıxış etməyə sövq etmək mümkündür?
- Əlbəttə ki, mümkünsüz heç nə yoxdur. Sadəcə, problemlərin müəyyən dərəcədə aydınladılmasına ehtiyac var. Avropada elə təsəvvür var ki, hansısa bir addımı atırsa, bu Azərbaycanda demokratiyaya kömək edəcəkdir. Əslində isə, bu addımlar Azərbaycandan nə isə qoparmaq, iqtisadi maraqlarını təmin etmək məsələsinə söykənir. Bunları da biz görmüşük. Onlar Liviyada, Suriyada və ya İraqda demokratiya qurdularmı? Demokratiya adı ilə girdilər ölkələrə, ancaq heç nə də qurmadılar. Eyni şeyi Azərbaycanda həyata keçirmək istəyirlər. Bu qüvvələrin əsas niyyəti budursa, biz bu məsələdə bir az ayıq - sayıq olmağa borcluyuq.
- Son vaxtlar ortaya çıxan Vidadi İsgəndərli, Leyla Yunus, Orduxan Temirxan və digərləri Azərbaycana qarşı söyüş, ittiham və təhqir elementlərindən istifadə edirlər. Sizcə, bu şəxslər niyə Azərbaycan dövlətinə qarşı bu dərəcədə qisasçılıq mövqeyi sərgiləyirlər?
- İnsanların psixoloji durumu ilə bağlı bir şey söyləməkdə çətinlik çəkirəm. Yəni bu, ola bilər ki, müəyyən narazılıqlarla və ya hansısa bir motivlə bağlıdır. Amma bütövlükdə, yanaşmam budur ki, bütün hallarda tənqidi mətnlərlə cəmiyyətə verə biləcəkləri faydanı heç vaxt söyüşlə verə bilməzlər. Bütün hallarda söyüşü proseslərin içindən çıxartmaq lazımdır. Çünki ölkəmiz üçün də müəyyən dərəcədə pis bir ənənə yaradır. Yəni siyasətin dili söyüş dili olmamalıdır. Siyasətin tənqid dili var, amma bu dilin faydasını bəşəriyyət daha çox yaşayır, görür və qəbul edibdir. Bu baxımdan da, bu cür addımlar qınanılası addımlardır yol verilməzdir.
- Ermənistanda baş verən məlum hadisələrdən müxalifət, eləcə də xarici qüvvələr bir növ ruhlanıblar. Niyə Ermənistan hadisələrindən bu dərəcədə nümunə götürmək yolu seçirlər?
- Niyəsini bu ruhlananların, bir müddət sonra hakimiyyətə gələ biləcəyi təqdirdə, Paşinyanın yeridəcəyi aqressiv siyasətinin nəticələri ilə tanış olandan sonra dərk edəcəklər. Çünki orda baş verənləri demokratik proses kimi göstərmək kobud yanlışlıqdır. Levon Ter-Petrosyan hakimiyyətə gəlməzdən qabaq onun da fəaliyyətini demokratik bir fəaliyyət kimi təqdim etməyə çalışırdılar. Amma sonunda Qarabağın işğalçısına çevrildi. Əsasən, Azərbaycan torpaqlarının bütün işğal məsələləri onun dövründə baş verdi. Bu, nə deməkdir? Bu, o, deməkdir ki, belə məsələlərdə hələ sevinməyə tələsməsinlər. Erməni vasitəsi ilə yenidən Azərbaycan üçün problem yaratmaq istəyən qüvvələrin kimliyinə baxmaq lazımdır. Bu qüvvələr Petorosyan dövründən daha kəskin bir yol izləməyə hazırdırlar. Bu, diqqətdən qaçırılmamalıdır.
- Bu, o anlamı yaratmır ki, məkrli hesab olunan qüvvələr şeytanla da əməkdaşlığa gedərlər, təki Azərbaycan hakimiyyətindən, dövlətindən qisas alsınlar?
- Hər halda, bu məsələdə insanlar ehtiyatı davranmalıdırlar. Özlərinin kinini, narazılığını, hansısa bir əsəbini dövlətin mahiyyətini zədələməyə yönəltməməlidirlər. Bunu edirlərsə, bu, təəssüf doğurur. Azərbaycanı hədəf seçənlər əvvəl-axır etdiklərinin peşmançılığını çəkəcəklər. Çünki öz dövlətini gözdən salmağa hesablanan iddialı çıxışlar etmək, təhqirlər və söyüşlər səsləndirmək yolverilməzdir.

Bu xəbər oxundu
- - -