Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qriqorçuku gözləyə bilmərik...”

04.05.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Dünən Qriqorçukla əlaqə saxladım. Onun yığmamızın “sükanı arxası”na keçib-keçməmə variantı ilə maraqlandım”. Latviya mətbuatının məlumatına görə, bu sözləri həmin ölkənin futbol federasiyasının prezidenti Kaspar Qorkş deyib. İyunun 9-da Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasına baş məşqçi axtarışı davam edir. Aleksandr Starkovun istefasından sonra namizədləri nəzərdən keçirən yerli federasiya dünən bununla bağlı toplantı keçirib.
Lakin 5 namizəddən heç biri ilə ortaq məxrəcə gəlinməyib. İclasda bu say 2-yə endirilib. Qurum rəhbəri onlarla üzbəüz görüşəcəyini və yalnız bundan sonra qərar verəcəklərini vurğulayıb. Qorkş bir nömrəli namizədlərinin “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk olduğunu gizlətməyib. O, sabiq çalışdırıcısı ilə dünən əlaqə saxladığını da etiraf edib: “Hazırda Qriqorçukun müqavilə ilə məxsus olduğu və çalışdırdığı klub var. Komandasından ona yeni anlaşma təklif olunub və ilkin razılaşma əldə edilib. Əgər onlar hansısa səbəbdən ortaq məxrəcə gələ bilməsələr, o zaman Qriqorçukla danışıqlara başlaya bilərik. Ukraynalı məşqçi mayın sonuna qədər hadisələrin necə cərəyan edəcəyini bilmir. Amma onu çox gözləyə də bilmərik. Latviya yığmasına uyğun məşqçi gətirməliyik. Bu üzdən tələsik qərar vermək istəmirik”.
Federasiya prezidenti Baltika Kubokunda Litva və Estoniya ilə matça, həmçinin Azərbaycanla yoldaşlıq görüşünə baş məşqçisiz çıxma ehtimallarını da istisna etməyib: “Baltika Kuboku turnirinə qədər yeni çalışdırıcını müəyyənləşdirmək yaxşı olardı. Ancaq yanlış seçim etmək istəmirik. Bu üzdən danışıqlarımız bir az uzun sürə bilər”.

Bu xəbər oxundu
- - -