Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XXI əsrin misirli qəhrəmanı – Məhəmməd Salah

07.05.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sıra halında qırmızı kərpicli evlər, toz basmış küçələr, dağınıq yollar və işıq saçan yaşıl sahələr – bura Salahın böyüyüb-başa çatdığı kənddi. Kəndin mərkəzindəki boş bir kofe mağazasında oturan Əhməd əl-Maseri balaca, divardan asılmış televizorda köhnə dostunun “Liverpul” forması ilə “Roma”ya qarşı nələr etdiyini izləyir. Ekranda onu göstərərək, “Onunla “PlayStation” oynayardıq” – deyir.
Salah hələ o zamanlar dostu ilə video-oyunlar oynayarkən belə, “Liverpul”u seçərmiş. İndi isə “Liverpul”u qolları ilə Çempionlar Liqasının finalına daşıyan həmin oğlanı mersisaydlılar özlərindən biri kimi qəbul edirlər. Azarkeşlər “Misir kralı”na qarşı sədaqətlidilər. Mahnıların birində belə bir misra keçir: “Qol vurmağa davam etsə, mən də müsəlman olacam”.
Naqriq əhalisinə görə, Salahın, iki avtobus və bir qatarın olduğu, əkinçilik üzrə ixtisaslaşan kənddən çıxıb, indiki nöqtəyə çatması inanılmazdı. 25 yaşlı futbolçu ildə bir dəfə doğma kəndinə gəlir. Əl-Maserinin dediyinə görə, şöhrət onu dəyişdirməyib: “Burda olanda heç avtomobil də sürmür. Hamı kimi, küçələrdə gəzir, onunla danışmaq istəyən hər kəslə hal-əhval tutur”.
Salah Britaniyada yüksəlişdə olan fiqurlardandı. Misirdə onun tərəqqisi uzun müddətdi ki, diqqətlə izlənilir. Onun məşhurluğunu şişirtməkdən söhbət gedə bilməz, çünki onun simasına hər yerdə rast gəlmək mümkündü. İstənilən kofe mağazasında Salahın posteri var. Paytaxtın harasına gedirsizsə gedin, Misir mədəniyyətini təmsil edən müğənni Ümmü Gülsüm, yazar Naqib Mahfuzla yanaşı, onun divar şəkilləri qarşınıza çıxır. O, bilbordlardan şəfəq saçır, şokoladdan içkiyə, mobil telefon xidmətlərindən bank hesablarına qədər – demək olar ki, hər şeyin marketinqi Salah üzərindən aparılır. Məhəmməd Salah brendinin təsir gücü o qədər böyükdü ki, o, dövlət tərəfindən maliyyələşdirilən narkotiklə mübarizə kampaniyasına dəstək verdiyini açıqladıqdan sonra qaynar xəttə gələn zənglərin sayında 400% artım olduğu açıqlanmışdı.
Misir mətbuatında Salahın xeyriyyə işlərinə geniş yer verilir. Tez-tez Məhəmmədin yeni evli cütlərə mebel dəsti bağışladığı, onları lazım olan hər şeylə təmin etdiyi barədə xəbərlər yayılır. Ancaq bu hədiyyələrin sahiblərindən biri belə, ictimaiyyət arasına çıxmayıb. Köşə yazarları, tolk-şou aparıcıları tez-tez Salahla bağlı bu tip hekayələr danışmaqdan həzz alırlar, ancaq əl-Maseri bu mövzuda skeptik olan azsaylı Naqriq sakinlərindən biridi. Deyir ki, danışılanların əksəriyyəti rəvayətdi. Ən məşhur hekayə Salahın atasına məxsus 30 min Misir funtun (1250 avro) oğurlanması ilə bağlıdı; oğru sonradan yaxalanır, Salahın ailəsi isə ondan şikayətçi olmur. Medianın yazdığına inansaq, Məhəmməd həmin adama iş tapmaqda köməklik edir. Hətta bir versiyaya görə, o, oğruya maddi dəstək də verir.

Əl-Maseri: “Media sadəcə Salah haqqında danışmaq istəyir: Salah, Salah, Salah... O, yaxşı insandı, hörmətlidi, ancaq barəsində deyilənlərin hamısı doğru deyil”.
İnsanların çoxu isə əl-Maserinin şübhələrini bölüşmür. Qahirədə 200 nəfərə yaxın insan kofe mağazasının kənarındakı səkiyə toplaşıb, “Liverpul”un Çempionlar Liqasının finalındakı yerini təmin etməsini izləyir. Onlardan biri – 29 yaşlı Ömər Səlim danışılan hekayələrin doğru olub-olmadığını önəmsəmədiyini deyir: “İnsanlar onun haqqında danışılanlara inanmaq istəyirlər. O qədər çox sevilir ki, həmin hekayələri inkar etmək ağıllarından belə, keçmir”.
İyul ayından öncə buralarda “Liverpul”u dəstəkləyən birini güclə tapardın. Mövsümün gedişatında isə hər şey dəyişdi, artıq insanlar “Liverpul”un hər matçını izləməyə çalışırlar. “Misirli birinin Çempionlar Liqasının qazanması əla olardı” – deyir Səlim. Səlimin sözlərinə görə, dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Konqo ilə oynanılan matç onun milli səviyyədə qəhrəmana çevrilməsinin başlanğıc nöqtəsi idi. Oyuna əlavə olunmuş 4-cü dəqiqədə Salah penaltini qola çevirərək, yığmasının 28 il sonra mundiala vəsiqəni təmin etməsinin səbəbkarı olmuşdu.
Səlim deyir ki, Salah insanların, onunla aralarında xüsusi bir bağ olduğunu düşündüyü ilk böyük misirli futbolçudu. “Hətta onun sürdüyü avtomobilin markasını belə, bilmirik” – deyə, Səlim davam edir. Əvəzində, Salahın hekayəsi belə nəql edilir: mətanəti və qətiyyəti sayəsində ölkəsini Avropanın “böyük liqalar”ında təmsil etmək şansı qazanan təvazökar yeniyetmə.
Ən azından, Naqriqdəki uşaqlar üçün Salahın hekayəsi daha realdı. Oxuduğu məktəbə adını veriblər. Orada təhsil alan uşaqlarla danışanda, Salahın hekayəsinin sanki tədris planının bir hissəsi olduğunu düşünürsən. Həmin şagirdlərdən biri – 13 yaşlı Osama Eyd Məhəmməd Salahın yüksəlişindən bəhs edən hekayəni əzbər danışır. Osama: “O, çox hörmətli, həmçinin mədəni biridi. Kasıblara yardım etmək üçün əlindən gələni edir”. Eydin dostlarına görə, o, aralarında ən yaxşı futbol oynayan uşaqdı. Ondan, “Bir gün Salah kimi olmaq istərdinmi?” - deyə soruşuram, düşünmədən cavab verir: “İnşallah” (Apasport.az).

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)