Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AZƏRBAYCAN MILLI İSTIQLAL MÜCADILƏSI

08.05.18, 9:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hüseyn Baykara

1-ci yazı

Ön söz
1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyəti ələ aldılar. Həmin il noyabrın 2 (15)-də “Rusiya xalqlarının hüquq bəyannaməsi” elan olundu. Bəyannamədə qeyd olunurdu: “Çarizm dövründə Rusiyada yaşayan xalqlar sistemli şəkildə bir-birilərinə qarşı vuruşdurulurdu. Bu siyasətin nəticəsi məlumdur: “Bir tərəfdən insan qırğını və talanlar, digər tərəfdən xalqların əsarəti”.
Xalq Komissarları Soveti bəyannamədə Rusiyada millətlərarası münasibətləri belə ifadə edirdi:
1. Rusiya xalqlarının bərabərliyi və suverenliyi.
2. Rusiyada yaşayan xalqlara azadlıq və muxtariyyət verilir. Onlar istədikləri vaxt Rusiyanın tərkibindən çıxa bilərlər.
3. Bütün milli və milli-dini imtiyazlar və milli məhdudiyyətlərin aradan qaldırılması.
4. Rusiyada yaşayan, milli azlıq təşkil edən millətlərin və etnik qrupların inkişafı.
1917-ci il dekabrın 16-da Sovet hökuməti Rusiya və Şərqin müsəlman zəhmətkeşlərinə müraciət edərək qərara alır: “Öz milli həyatınızı müstəqil və maneəsiz olaraq qurun. Bu sizin hüququnuzdur. Onu da bilin ki, sizin hüququnuz Rusiyanın bütün xalqlarının hüququ kimi inqilab və onun hakimiyyəti tərəfindən qorunacaq”.
Bəyannamənin V.İ.Lenin başda olmaqla Sovet höküməti imzalamışdı. V.İ.Lenin 1918-1919 və 1920-ci illərdə keçirilən müxtəlif konqreslərdə bu haqda dönə-dönə çıxış etmişdi (Dekretı Sovetskoy Vlasti, 1957-ci il, səh. 40. Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopediyi, 1972-ci il, səh. 7).
İnsanları aclığa düçar edən birinci dünya müharibəsinin qızğın çağında Lenin və yoldaşlarının bu yalançı bəyannaməsi milyonlarla çarəsiz və sadəlövh insanlara bir çıxış yolu kimi göründü. Bu yalançı vədlər Rusiya tarixində hələ görünməmiş və eşidilməmişdi. Lenin xalqının və əsarətdə yaşayan millətlərin keçirdikləri böhranlı vəziyyətlərindən çox yaxşı hali idi.
Rus ordusuna sülh vəd edildiyi halda ölkə daxilində dörd ildən artıq müharibə getmişdi. Kəndliyə torpaq vəd etdikləri halda “kolxoz” adlanan köləliyin yeni bir şəklini yaratdılar, fəhlələrə “fabrik və zavodların sahibi olacaqsınız” deyildiyi halda, onlar adi tətil hüququndan belə məhrum edilmişdilər. Bu şüarlar bolşevikləri hakimiyyətə gətirdi. İndi isə onlara hakimiyyətdə qalmaq üçün rusların əsarəti altında yaşayan millətləri ələ almaq lazım idi. Azadlıq, ədalət gözləyən əsir millətləri, bu vədlərlə bolşevik inqilabı aclığa, ölümə, sürgünə, kütlə halında qırğına aparacaq, milyonlarla insan məhv olacaqdı. Ancaq bütün bu zülm və terrorun adı, rus siyasi terminologiyasında “qurtuluş” olacaqdı...
Yaxın illərdə dünya ictimaiyyəti, rusların Şərqi Almaniyada, Macarıstanda, Çexoslovakiyada apardıqları “azadlıq mübarizəsinin”, rus tanklarının Polşanı yenidən, ikinci dəfə “azad etməsinin”, Berlin “divarı” hadisəsinin şahidi olacaqdı.
Bütün bunlar dünya ictimaiyyətinə yaxşı məlum olduğu üçün üzərində durmaq istəmirik. Amma bəzi hadisələri qısaca da olsa söyləmək lazım gəlir.
Rus yazıçılarından Tolstoy, Dostoyevski və onların müasirləri çar rejiminə üsyan bayrağı qaldırmış, istismar olunan xalqların hüquqlarını müdafiə ediblər. İndi isə Pasternak, Soljenitsın, Sinyavski və başqaları bolşeviklər tərəfindən haqsızlıqlara düçar olan sovet xalqlarının həyatını öz əsərlərində əks etdirirlər. Bu nəslin köhnə çar dövrü və kapitalist burjua quruluşu ilə heç bir əlaqəsi yoxdur. Onlar Sovet dövlətinin yetişdirmələridir. Onlara əhəmiyyətsiz bir nəsil kimi baxılmamalıdır. Bu yazıçılar tezliklə əsarət gətirən quruluşların ləğv olunacağını xəbər verən, yarım əsrdən daha az bir dövrün yetişdirdiyi və xalqın etiraz səsini əks etdirən fədailərdir. Başqa millətlərdən də öz haqqını, hüququnu müdafiə edən, bu yolda canını belə qurban verən fədailər az deyil. Ancaq onların səsi, şovinistlərin qurduğu “dəmir pərdəni” aşıb bizə və dünyaya çatmır.
Artıq əsarətdə yaşayan millətlər başa düşmüşlər ki, istər çar rejimi, istər bolşevik, istərsə də menşevik və ya eser olsun, onların heç birindən azadlıq, qurtuluş gözləmək olmaz. Plexanov və Martovun təmsil etdiyi rus sosial-demokrat partiyasının proqramında əsarətdə olan millətlərin heç bir hüququ tanınmır. 1906-cı ilin yanvarında eserlərin konqresi keçirilir. Onlar proqramlarında göstərirlər ki, başqa millətlərə bəzi güzəştlər veriləcək. Amma 1917-ci il fevral inqilabı zamanı Kerenski verdikləri vədləri tamamilə unudur. Qubnerin coğrafiya statistikası tablosuna görə 1925-ci ildə dünyada 68 müstəqil dövlət var idi.
Birləşmiş Millətlər Təşkilatının 25 illiyi qeyd olunduğu zaman müstəqil dövlətlərin sayı artaraq 130-a çatmışdı. Yarım əsr ərzində dünyada müstəqil dövlətlərin sayı çoxaldığı halda Rusiyada yaşayan xalqlar, o cümlədən türklər müstəqil dövlət yarada bilməyiblər.
Son illər daha çox aydın olur ki, Sovet İttifaqında yaşayan xalqların hüquqlarına hörmət olunmur. Nəşr etdirmək istədiyim “Azərbaycan istiqlal mübarizəsi tarixi” adını daşıyan bu kitab səkkiz illik zəhmətinin məhsuludur. “XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatları” adlı ilk kitabım 1966-cı ildə Türk Kültürünü Araşdırma İnstitutu tərəfindən nəşr olunub. Azərbaycan haqqında, Azərbaycandan kənarda bu mövzuda kitab yazmaq çox çətindir. Çünki bəzi kitabları, məlumatları əldə etmək lazımdır. Başqa maneələrdən isə danışmaq istəmirəm. Kitabımda bəzi qüsurların olduğuna da etiraz etmirəm. Ancaq onu demək istəyirəm ki, kitabı oxuyanlar Azərbaycan azadlıq mübarizəsi haqqında məlumat əldə edəcəklər. Kitabda misal gətirdiyim bəzi əsərlərin Sovet İttifaqında nəşr olunması qadağan edilib. Sovet İttifaqında çalışırlar ki, başqa millətlər öz keçmişini unutsunlar.
Demək olar ki, Azərbaycanın inqilabdan əvvəl keçdiyi yol heç də sovet tarixçiləri tərəfindən düzgün işıqlandırılmır. Mənim kitabda qeyd etdiyim bir çox hadisələr, sənədlər Azərbaycan tarixində öz əksini tapmayıb. Bütün nöqsanları ilə birlikdə nəşr etdirdiyim “Azərbaycan mədəniyyət tarixi” ilə “Azərbaycan istiqlal mübarizəsi tarixi” adlı kitablarım Azərbaycan azadlıq mübarizəsinin əlifbasıdır. Gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılacaq. Azərbaycan xalqının keçmişini, onun azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcək. O zaman gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcək? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər bunlardır.
Kitabı yazdığım zaman bəzi dostlarım məni qınayırdılar: “Bura bax, sən kiminlə mübarizə aparırsan? Görürsən, ABŞ-ın prezidenti Ford Vladivostoka Brejnevi ziyarətə gəlir”. Apardığım araşdırmalardan belə nəticəyə gəldim. Tarixdə gözlənilməyən hadisələr çox olur. Sabahın tarixində də belə hadisələr olacaq.
...Birinci Dünya müharibəsində alman baş qərargahı Leninin İsveçrəyə getməsinə yaxından köməklik göstərdi. İsveçrədən Rusiyaya geri dönən Lenin köhnə quruluşu yıxaraq yeni dövlət – Sovet dövləti yaratdı. Almanlarla rus xalqını təhqir edən Brest-Litovsk müqaviləsini imzaladı, almanlar elə zənn etdilər ki, istədiklərinə nail olublar. Lakin Leninin qurduğu Sovet dövləti Brest-Litovsk müqaviləsindən 25-26 il sonra nəhəng Almaniya dövlətini ikiyə, Berlini isə dörd hissəyə böldü.
Gördüyümüz kimi tarixin qəribə hadisələri olur. Sovet İttifaqında, əvvəlki kitabımızda qeyd etdiyimiz kimi 130 milyon əhali yaşayırdı. Hər halda bu qədər əhalinin hamısı sovet rejimindən razı ola bilməzdi. Hətta kommunistlərin içində də bu quruluşdan narazı olanlar var. Artıq xalq, əsasən gənclər kommunizmə inanmırlar. Leninin vəd etdiyi kommunist cənnəti iflasa uğramışdı. Bu gün Sovet İttifaqında yaşayan 250 milyon əhalinin hüquqları Moskvanın Kreml sarayında oturan şovinistlər tərəfindən kobudcasına pozulmaqdadır. Görəsən bu vəziyyət nə vaxta qədər davam edəcək? Bax, əsl məsələ budur...
Hər zaman söylədiyim və yazdığım kimi rus inqilabı bitməyib.Rus inqilabının səhnəsində yenə bir neçə əhəmiyyətli seans oynanılacaq.
...Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Azərbaycan azadlıq mübarizəsi İkinci Dünya müharibəsinə qədər gizli şəraitdə davam edib. Beləliklə, Azərbaycan xalqının 20 ildən artıq apardığı mübarizəyə heç bir dövlət kömək göstərmədi. Öz müasirləri ilə birlikdə mübarizədə iştirak edən bir istiqlalçı üçün xalqının köləlik tarixini yazmaq olduqca çətindir. Bununla belə o, xalqının müstəqillik əldə edəcəyinə ürəkdən inanır.
Bu kitabı yazıb başa çatdırmaq məndən çox böyük cəsarət və dözüm tələb edirdi. Çünki həm yaşım, həm də səhhətim buna imkan vermirdi. Kitabda olan bəzi nöqsanlar üçün heç kimi qınamıram. Kitabımı bitirərkən Azərbaycan azadlıq mübarizəsinin məlum olan və olmayan əziz şəhidlərinə ulu tanrıdan daha çox rəhmətlər arzulayıram. Əziz və müqəddəs şəhidlər, mübarizəmiz bundan sonra da davam edəcək.

ŞİŞLİ – İSTANBUL, 28.05.1975

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)