Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağ problemi nəhayət, öz həllini tapmalıdır”

10.05.18, 12:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Zülfüqarov: “Danışıqlar olmayan yerdə yeganə vasitə BMT nizamnaməsinə uyğun olaraq işğalçıya cavab verilməsidir”

Azər Həsrət: “Nikol Paşinyan naşıdır, dərin zəka sahib deyil, sadəcə macərapərəstdir”

Ermənistanın yeni baş naziri Nikol Paşinyan gözlənildiyi kimi, Dağlıq Qarabağla bağlı konstruktiv mövqe nümayiş etdirməyəcək. O Xankəndinə səfəri zamanı bəyan edib ki, Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil: “Güzəştlər, kompromislər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar”.
Bu açıqlamadan görünür ki, Paşinyanla müzakirə aparmağn heç bir mənası yoxdur. Daha sərt mövqedən çıxış edən Paşinyan separatizmi dəstəkləməklə, status-kvonun davam etməsinə çalışacaq. Bundan sonra danışıqların hansı məcrada davam etdiriləcəyi maraq doğurur.
Politoloq Tofiq Zülfüqarov bildirib ki, Paşinyanın bu bəyanatının danışıqlar prosesinə və xarici siyasətə aidiyyəti yoxdur: “Bu bəyanatlar daxili siyasətə hesablanıb. Paşinyan indi istəyir ki, daxili siyasətdə öz mövqelərini gücləndirsin və erməni cəmiyyətində Qarabağla bağlı narahatçılığı aradan götürsün. Ondan ayrı bəyanatlar gözləməyə də ehtiyac yoxdur.
İkincisi, Paşinyan faktiki olaraq Sərkisyanın və ondan əvvəlki prezident Koçariyanın mövqeyini təkrar edir. Əgər, onlar bu mövqe ilə danışıqlara çıxmaq istəyirsə, bu zaman danışıqların formatı bir o qədər əhəmiyyət kəsb etmir. Yəni Azərbaycanın nə marağı var ki, bu danışıqları aparsın? Ermənilər sadəcə danışıqlara ciddi yanaşmırlar və ondan vaxtı uzatmaq kimi istifadə edirlər. Bir daha qeyd edirəm ki, Azərbaycan üçün Paşinyanın bəyanatları bir o qədər əhəmiyyət kəsb etmir. Və inanmıram ki, bu yanaşma danışıqlar üçün hansısa maraq doğura bilsin”.
O əlavə edib ki, Paşinyanın bəyanatına Minsk Qrupunun həmsədrlərindən hansısa bəyanat gözləmək doğru olmazdı: “Amma istənilən halda Dağlıq Qarabağa aid məsələdə onlar öz mövqelərini bildirməlidir. Və bu mövqe beynəlxalq hüquq prinsiplərinə uyğun olmalıdır. Amma təcrübəyə əsasən təəssüflə demək olar ki, Minsk Qrupunun təcrübəli diplomatları daima ciddi bəyanatlardan uzaq dururlar və ümumiyyətlə, öz vəzifələrini yerinə yetirmirlər. Bu yeni məsələ deyil. ATƏT-in Minsk Qrupunun diplomatlarının bu davranışı Paşinyandan əvvəl də olub, hesab edirəm ki, Paşinyandan sonra da olacaq. İlk növbədə o mövqedə durmalıyıq ki, bizim tutduğumuz yanaşma beynəlxalq qanunlara uyğundur və Qarabağa aid hər bir məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
Müharibə ehtimalına gəlincə, T.Zülfüqarov diqqətə çatdsırıb ki, əslinə qalsa, Dağlıq Qarabağ problemi nəhayət, öz həllini tapmalıdır: “Bununla bağlı danışıqlar olmayan yerdə yeganə vasitə BMT nizamnaməsinə uyğun olaraq işğalçıya cavab verilməsidir. Bu cavab zamanı hər bir vasitədən istifadə olunmalıdır. O cümlədən də hərbi imkanlardan. Bu baxımdan müharibənin reallığı gündəmdədir və görünür. Paşinyanın real əsaslara söykənməyən bu cür bəyanatları sözsüz ki, müharibə reallığını gündəmə gətirir”
O bildirib ki, Ermənistan-Rusiya münasibətlərində hansısa dəyişikliklər baş verir: “Artıq Rusiya Ermənistan “yükündən” azad olmağa çalışır. Əslinə qalsa, bu “dostluq” hərbi, siyasi və iqtisadi baxımdan Rusiyanın xeyrinə deyil, əksinə ona ziyan gətirir. Reallığı nəzərə alaraq, istisna etmirəm ki, Rusiya Ermənistandan çəkilmə prosesinə başlasın. Əgər, bu baş versə, Ermənistan istər-istəməz öz imkanlarını və gücünü nəzərə alaraq addımlar atmalı olacaq. Bu zaman sözsüz ki, Ermənistan daha real siyasət həyata keçirməyə məcbur olar. Bu əslində gec və ya tez baş verəcək. Hesab edirəm ki, əslində bu proseslərə artıq start verilib.
Ermənistan istəyir ki, Rusiya onların təhlükəsizliyini təmin etsin, rəsmi İrəvan da Avropa və qərblə iqtisadi münasibətlərini inkişaf etdirsin. Bu onların istəyidir. Amma mən Qərbin Rusiya tərəfindən təhlükəsizliyi qorunan Ermənistanla iqtisadi münasibətlərini dərinləşdirməyə maraq göstərəcəyinə əsas görmürəm. Bu baxımdan belə istək yoxdur. İnandırıcı deyil ki, NATO Ermənistanı özünə üzv etməkdə maraqlı olsun. İndi Ermənistan böhran qarşısındadır. Paşinyanın bəyanatlarına qayıdaraq deyim ki, ermənilər öz siyasətləri ilə əslində özləri üçün çərçivə cızıblar və bu çərçivədən kənara çıxa bilmirlər. Qarabağ onlar üçün ən böyük problemdir. Əslində qalsa, Qarabağ münaqişəsi Ermənistanın inkişafını dayandıran amildir. Ermənistan qonşuları ilə yaxşı əlaqələr qurmadan öz gələcəyini təhlükə altına qoyub. Bu proses davam edəcək”.
Onun sözlərinə görə, Ermənistanda qarşıdurmalar davam edəcək: “Paşinyan hakimiyyətə gəlməklə birinci mərhələni başa çatdırıb. İndi ikinci mərhələ gəlir. Bu mərhələ kadr təyinatları ilə bağlıdır. Paşinyan bəyan edib ki, kadr islahatları, təmizləmə işləri aparacaq. Təbii ki, bu daxili konflikti gücləndirəcək, gərginliyi inkişaf etdirəcək. Paşinyan Qarabağa səfər etməklə əslində prosesləri qabaqlamaq məqsədi də güdüb. Nəzərə alın ki, İrəvanda Qarabağ klanı kimi təqdim edilən klan əslində Dağlıq Qarabağdan çıxıb. Paşinyan isə kadr islahatları aparmaq niyyətindədir. Bu islahatlarda Qarabağ klanı vurulmalıdır. Paşinyan Qarabağa getməklə narazılığı aradan qaldırmaq istəyir. O bəyan edib ki, Sərkisyan evsiz və işsiz qalmayacaq. Bu proses gedəcək. Hakimiyyət məsələsində iqtisadi maraqlar mühümdür. Paşinyanın hakimiyyətə gətirilməsinin bir səbəbi də iqtisadi məsələlərlə bağlıdır. Onu hakimiyyətə gətirən, arxasında duran Ermənistanın digər elitaları bundan sonra iqtisadi imtiyazlara malik olmaq istəyir”.
Siyasi şərhçi Azər Həsrət deyib ki, Nikol Paşinyan naşıdır, dərin zəka sahib deyil, sadəcə macərapərəstdir: “Ona görə də bu şəxsin hakimiyyəti uzun sürməyəcək”. Onun sözlərinə görə, Nikol Paşinyanı bəh-bəhlə baş nazir seçdirən ermənilər bir müddət sonra vəzifədən endirməli olacaqlar: “Çünki Paşinyan obyektiv gerçəkliyi nəzərə almayaraq xeyli vədlər verib. O vədlərin yerinə yetirilməsi isə Ermənistan kimi acınacaqlı durumda olan bir ölkədə sadəcə mümkün deyil. Xalq isə ona inanıb, baş nazir vəzifəsinə gəlməsinə şərait yaratdı. Bir müddət sonra görəndə ki, verilən vədlər yerinə yetirilmir, elə həmin xalq da ona qarşı ayağa qalxacaq. Yəni Paşinyan hakimiyyəti müvəqqətidir, biz ondan sonra kimin hakimiyyətə gələcəyi haqqında bilgi toplamağa çalışmalıyıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanda 10 dənə prezident və baş nazir dəyişsə də seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq: “Birinci Xankəndinə gələcək, sonra Moskvaya ağalarının yanına uçacaq”.Onun sözlərinə görə, təəssüf ki, Ermənistanda bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur: “Ancaq bunu bilə-bilə biz də əllərimizi sallayıb Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik. XİN-nin hadisə baş verəndən sonrakı bəyanatları ilə uzağa gedə bilməyəcəyik, başqa addımlar lazımdır. Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Bu səbəbi biz yaratmalıyıq. Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümünə səbəb olur. Bundan sonra "bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidir”.

Əli

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)