Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ erməniləri danışıq masasına yalnız Qarabağ azərbaycanlıları ilə birlikdə qayıdacaq”

11.05.18, 8:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Beynəlxalq aləm Dağlıq Qarabağ azərbaycanlılarının deportasiyasına hüquqi don geydirə bilməz”

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilk səfərini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa etməsi Gürcüstan mediasında da yer alıb. Gürcüstanın "kavkazplus" portalı bu səfəri "Paşinyan ilk olaraq Azərbaycana gəldi", - deyə təqdim edib və bildirib ki, Qarabağ erməni hərbi birləşmələrinin işğalında olsa da, bura beynəlxalq hüquqda Azərbaycan sərhədlərinə daxil olan ərazilər olaraq qəbul edilir. Deməli, Paşinyan ilk səfərini Azərbaycana etdi.
Portal Paşinyanın Qarabağ səfəri ilə bağlı başqa versiya irəli sürür və tezliklə münaqişə zonasında hərbi toqquşmaların başlayacağını yazır.
"Paşinyan Qarabağdakı separatçı hakimiyyəti dəyişməyi çox istəyərdi, lakin qondarma "DQR"-in Ermənistandan ayrı təqdim edilməsi onun əl-qolunu bağlayır. Lakin əsas səbəb Bako Saakyanın rəhbərlik etdiyi separatçı hakimiyyətin Qarabağdakı erməni hərbi birləşmələr üzərində böyük təsirə malik olmasıdır. Ermənistan ordusunun döyüş bacarığı olan əsas hissəsi məhz Qarabağa yerləşdirilib. Meydan hərəkatının köməyi ilə "Qarabağ klanı" hakimiyyətdən uzaqlaşdırılsa da, onların əsas bazası Azərbaycanın işğal edilmiş ərazilərində qalır. Bako Saakyan da faktiki olaraq, Sarkisyan qədər Paşinyanın düşmənidir. Digər tərəfdən, Rusiya ordusu rəsmi şəkildə Qarabağda olmasa da, qeyri-rəsmi şəkildə təmsil olunurlar və Moskvanın Qarabağdakı orduda böyük gücü mövcuddur. Bu baxımdan, Paşinyan Ermənistanının tamamilə Qərb tərəfinə keçməsinin qarşısını almaq üçün Qarabağda təxribata əl atmaq olduqca asandır", - deyə portal yazır.
Məqalədə bildirilir ki, hətta Azərbaycanla müharibədə erməni ordusu məğlub olsa və geriyə qaçsa belə, "Qarabağ klanı" üçün belə bir toqquşma lazımdır. "Onlar bununla "Paşinyan Qarabağı verdi", - deyərək, Ermənistanda hakimiyyətə qayıtmağı planlaşdırırlar".
Portal yazır ki, geosiyasi güclər - ABŞ və Rusiya da regiondakı vəziyyəti ələ almaq üçün "Qarabağ kartı"ndan istifadə edəcəklər.
"Paşinyanı hakimiyyətə gətirən Amerika üçün Qarabağda vəziyyətin kəskinləşdirilməsi prinsip etibarilə sərfəlidir. Toqquşmada erməni ordusunun qaçılmaz məğlubiyyəti Rusiyanın "belinə yüklənəcək" və erməni cəmiyyətində "günahkar Moskva" obrazı gücləndiriləcək. Digər tərəfdən, Rusiyanın köməyilə "Qarabağ klanı" müharibəyə gedərsə, erməni ordusu məğlub olacaq və Azərbaycan əraziləri qaytaracaq. Vaşinqton situasiyadan istifadə edərək, Qarabağda İrana qarşı Amerika bazası qura bilər. Beləliklə, yaxın vaxtlarda Qarabağda gözlənilməz təxribatlar müşahidə oluna bilər və bu müharibə regionda geosiyasi vəziyyəti dəyişdirəcək", - deyə məqalədə bildirilir.
Portal amerikalıların açıq-aydın tələsməyə başladığını qeyd edir: "Paşinyanın Qarabağa səfərindən sonra ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxdıqlarını elan etməsi də diqqət çəkir. Mayın 10-da İsrail Suriyada İran hərbiçilərini vurdu. İrana qarşı müharibə ehtimalı hər keçən gün artır və İranın sərhədində müharibə meydanı yaratmaq amerikalılara son dərəcədə lazımdır. Vaşinqton Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb, bu müharibə meydanını ala bilər. Belə "sıxışdırma" Qarabağda şüurlu təxribatla ola bilər. Sonra Rusiyanı Azərbaycana silah satmaqla ittiham edərək, erməni cəmiyyətində mövcud olan bu əhval-ruhiyyəni qaldıracaqlar. "Qarabağ klanı" da hakimiyyətə gəlmək üçün bu oyunda rol oynaya bilər. Çünki bu klanın içində Rusiya və ABŞ arasında "ikili agent" olan nümayəndələr çoxdur".
Bundan sonra proseslərin hansı məcrada davam edəcəyi, danışıqlar prosesinin gələcəyi maraq doğurur. Onu da əlavə edək ki, Paşinyanın Qarabağa səfəri ilə yanaşı Türkiyə ilə bağlı bəyənatı da diqqət çəkir.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, Dağlıq Qarabağda olarkən davranışı və verdiyi bəyanatlar Nikol Paşinyanın münaqişənin tənzimlənməsinin gedişi barədə tam məlumatsız olduğunu göstərdi: “Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 10 il çalışdı, amma Dağlıq Qarabağ ermənilərini danışıqlar masası arxasına qaytara bilmədi. Dağlıq Qarabağ erməniləri danışıqmasasına yalnız Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə qayıdacaq. Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları olmadan heç bir zaman Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcək". Politoloq bildirib ki, N.Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlcə rəsmən məlumatlansaydı, daha düzgün olardı: "Beynəlxalq aləm Dağlıq Qarabağ azərbaycanlılarının deportasiyasına hüquqi don geydirə bilməz. N.Paşinyan bunu dərk etməlidir. Dağlıq Qarabağ danışıqlarının iki əsas və iki maraqlı tərəfi var; Ermənistan və Azərbaycan əsas tərəflər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflərdir. N.Paşinyanın ağlı dərk etsəydi, başa düşərdi ki, Serj Sərkisyan və E.Nalbandyan 10 il ərzində yalnız Dağlıq Qarabağın statusunun müəyyən olunması və Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması barədə yalnız şərti, gələcək zamana xitabən danışıblar.
N.Paşinyanın bəyanatları Serj Sərkisyanın dediklərinin təkrarıdır. Amma N.Paşinyan Serj Sərkisyan deyil. S.Sərkisyan 10 il prezidentliyi dövründə tədricən aktyora çevrildi. S.Sərkisyanın yalançılıq qabiliyyəti prezidentliyinin 5-6 ilində effekt verməyə başladı. Yalnız 7-8 il prezident işlədikdən sonra S.Sərkisyan yalanı geosiyasi parametrə çevirə bildi. N.Paşinyan isə düşünür ki, o indi yalanı geosiyasi parametrə çevirə biləcək. Serj Sərkisyan hakimiyyətə gələrkən ilk dövrdə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində tam fərqli mövqedə idi: O, Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa, Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə dəvət etdi. N.Paşinyanın savadı olsaydı, 2008-ci ildə S.Sərkisyanın Bi-Bi-Si radiosuna verdiyi müsahibəni oxuyardı. 10 il bundan qabaq Azərbaycanla Ermənistan arasında hərbi, iqtisadi baxımdan fərq az idi. İndi Ermənistanla Azərbaycan arasındakı fərq hədsiz böyükdür. Ermənistan bütün parametrlər üzrə sürətlə geriləyir. Azərbaycan irəliləyir. Ermənistanın geriləmə sürətinin yüksək olması Ermənistanla Azərbaycan arasındakı fərqi uçuruma çevirən ən əsas faktordur. N.Paşinyan bu məsələ barədə düşünsə yaxşı olardı. Erməni xalqı S.Sərkisyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı danışdığı 10 illik yalanlardan bezdi və təxminən 2 yüz minlik mitinqlə N.Paşinyanı müdafiə etdi. N.Paşinyan S.Sərkisyanın yalanlarına sahib çıxır. Ermənilər N.Paşinyana 10 il vaxt verməyəcəklər. N.Paşinyanın davranışından verdiyi bəyanatlardan bəlli olur ki, Ermənistan ordusunun problemləri artıq ona bəllidir. Bu günədək Vigen Sərkisyan, E.Nalbandyan və Serj Sərkisyan Ermənistan ordusu barədə blef danışırdılar. Ermənistan ordusu barədə yalnız 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün keçmiş həqiqəti dedilər. Sonradan yenidən Ermənistan ordusunun vəziyyəti ilə bağlı blef danışmağa başladılar.
Talehi hakimiyyəti onun əlinə salıb və Ermənistanda proseslərin necə davam edəcəyi həqiqətən N.Paşinyandan asılıdır:
ı. N.Paşinyan Ermənistanda tez-tez hakimiyyətin dəyişilməsinin bünövrəsini qoya bilər.
ıı. N.Paşinyan mitinqlərin ruhunu Ermənistanda yeni sağlam, miflərdən azad, sabitləşmiş cəmiyyət quruculuğuna yönəldə bilər.
Bu kontekstdən onun qarşısında 4 yol var:
ı. Ermənistanın bütün 4 qonşusu ilə normal münasibət qurmaqla erməni tarixində yeni istiqamət müəyyənləşdirə bilər.
ıı. Cənubi Qafqazın sabitliyi və davamlı inkişafını prioritetə çevirməklə həm də Ermənistanın uğurlu perspektivini müəyyənləşdirə bilər.
ııı. Qarabağ klanının məyyənləşdirdiyi kursu- həm Ermənistanı, həm də Dağlıq Qarabağ ermənilərini fəlakətə aparan, diasporu nüfuzdan salan kursu davam etdirə bilər.
ıv. N.Paşinyanın inqilabı dövründə RF ekspertləri erməni xalqının təhlükəsizliyinin təmini üçün Ermənistanın Rusiyaya birləşməsini variant kimi aktuallaşdırıblar. S.Sərkisyanın hakimiyyətinin son 2 ilində Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı artıb. Ermənistan referendum keçirərək Kalininqrad statusu ilə Rusiyanın tərkibinə birləşə bilər.
Erməni xalqı, ordusu heç vaxt Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Azərbaycanın torpaqlarının işğalının ən birinci faktoru Azərbaycanın daxilindəki xaos, hakimiyyətlərin tez-tez dəyişilməsi idi. İndi N.Paşinyan artıq Ermənistanda hakimiyyətlərin dəyişilməsini siyasi oyunların dəsti-xəttinə çevirir".
M.Əhmədoğlu qeyd edib ki, İran da, onun Ermənistana və Azərbaycana münasibəti də 10 il bundan əvvəlki kimi deyil: "Rusiya ilə münasibətlərin yalnız müsbət tərəfə inkişaf etdiyini bildirən N.Paşinyan bu məsələdə əvvəlki liderləri üstələyə bilər. Serj Sərkisyan Rusiyanı aldatmaqla, riyakarlıqla məşğul idi. Ermənistanla RF arasında sərfəli və etibarlı kommunikasiya olan Mehri dəmiryolunun açılmasına imkan vermədi. N.Paşinyan özünün yeniyetməlik dövrünə, İcevana qayıtmalıdır. N.Paşinyan Ermənistan-Azərbaycan sərhədində yerləşən ən böyük dəmir yolu qovşağlarından birində yaşayıb. Qohumları həmin dəmir yolundan pul qazanıblar. SSRİ vaxtında Moskva-Tehran dəmir yolu Mehridən keçirdi. Rusiya ilə əlaqələri inkişaf etdirmək istəyirsə, hökmən ən sərfəli, etibarlı və ən özünü doğruldan Mehri və İcevan dəmiryollarını açmalıdır".
Siyasi şərhçi Elxan Ələsgərov isə deyib ki, Paşinyanın Türkiyə ilə bağlı bəyanatı erməni diasporundan maliyyə dəstəyi qoparmağa hesablanıb.
Ekspert bildirib ki, Paşinyan üçün dərin iqtisadi, siyasi və hərbi böhran yaşayan Ermənistana başçılıq etmək asan olmayacaq: “Ermənistanın baş nazirinin ilkin şərtlər olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirməsi bir növ Sürix protokolunun davamı istiqamətində atılan bir addımdır. Əslində, bunun səbəbləri aydındır. Paşinyan Ermənistanın gələcəyi ilə bağlı eyni siyasi kursu davam etdirsə, ölkədə heç nə dəyişməyəcək. Yəni Sərkisyan dönəmindəki kimi Ermənistanda miqrasiya problemi və iqtisadi böhran daha da dərinləşəcək. Görünür, qərbyönümlü siyasət seçmək istəyən Ermənistan NATO üzvü olan Türkiyə ilə həmsərhəd olmaqla qardaş ölkədən iqtisadi, siyasi dividentlər əldə etmək istəyir. Lakin Türkiyənin Qarabağla bağlı siyasəti aydındır”.
Politoloq bildirib ki, Paşinyanın son addımı onun Qarabağ mövzusunda hansısa uzlaşmaya hazır olmadığını göstərir:
“Böyük ehtimalla, onun bu bəyanatları həm də erməni diasporundan maliyyə dəstəyi qoparmağa hesablanıb. Bu fonda İrəvanın Türkiyə ilə intriqa yaratmaq cəhdləri baş tutmayacaq. Ermənistan çox böyük strateji səhvə yol verərək hansısa formada problemi həll etmək üçün Azərbaycanla masa arxasına oturmadı. İndi də Sürix protokolu yenidən Ermənistan parlamentində gündəmə gətirilə bilər. Ancaq Paşinyanın Türkiyəni Qarabağ məsələsindən ayırmaq cəhdləri uğursuzluğa düçar olacaq. Türkiyə heç vaxt Ermənistanla razılaşmayacaq. Paşinyan Azərbaycanla uzlaşmaq imkanını artıq əldən verir. O üzdən hesab edirəm ki, Paşinyanın son bəyanatı onun Qarabağla bağlı açıqlamasından sonra ikinci strateji səhvi idi”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Türkiyə isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bildirib.

Əli

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)