Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın bundan başqa yolu yoxdur”

15.05.18, 9:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Abbasov: “Azərbaycan torpaqlarını azad etməli, öz ordusunu bu torpaqlardan çıxartmalıdır”

Ermənistanın paytaxtında gərginlik davam edir. Qiyamçı deputat Nikol Paşinyan Serj Sərkisyanı və onun rəhbərlik etdiyi “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırsa da, o, bu ərköyün davranışının cavabını ağır şəkildə alacaq. Çünki Sərkisyanın indiki məqamda hakimiyyətdən uzaqlaşdırılması Rusiyanın maraqlarına uyğun deyildi. Kremlin baş ideoloqları bunu Rusiyanın Yaxın Şərq və Ukraynadakı böhranlara başının qarışmasından Qərbin fürsət kimi istifadə etdiklərini iddia edirlər. Ermənistan KİV-i keçmiş prezident Serj Sərkisyanın Rusiyanın köməyilə Paşinyana qarşı qiyam hazırladığını iddia edirlər. Bununla bağlı Moskvadan təlimat alan keçmiş prezidentin hərəkətə keçmək tapşırığı gözlədiyi iddia edilir. Qeyd edilir ki, Soçidə bağlı qapılar arxasında Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra da, özünəxas ritorikasıyla heç kəsə bağlı olmadığını nümayiş etdirməyə çalışan Nikol Paşinyan bir qədər gərgin görünsə də, “Kremlin mətbəxində onun üçün qaynadılan qazan”dan xəbərsizdir. Ehtimal edilir ki, Putinlə görüşdən keçən bir neçə həftə ərzində Paşinyan könüllü şəkildə hakimiyyətdən getdiyini elan etməsə, bu, ona baha başa gələck. Erməni mənbələri onun bununla bağlı Moskvadan dolayı yolla xəbərdarlıq aldığını iddia edirlər. Yaxın günlərdə Xarici İşlər naziri Sergey Lavrovun İrəvana gələcəyi ilə bağlı yayılmış qeyri-rəsmi məlumat da bunu təsdiq edir. İddiaya görə, Lavrovun səfəri Moskvanın Paşinyana öz xoşuyla hakimiyyətdən getməsi üçün verəcəyi sonuncu şans olacaq.
Moskva Beynəlxalq Əlaqələr İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin eksperti Mixail Alkesandrov isə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla Soçidə ilk görüşlərini keçirdilər. Görüşdə səslənən fikirlər əksər ekspertlərin fikrincə gözlənilən idi. Onun fikrincə, Paşinyan Moskvaya sərf edir: “Mənim üçün gözlənilməz olan Putinin Paşinyanın baş nazir seçilməsinə belə tez reaksiya verməsi oldu. Bunu gözləmirdim. Görüşdə tərəflərin səsləndirdiyi fikirlər isə gözlənilməz deyildi. Görünən odur ki, Rusiya rəsmiləri, Yerevana gedən deputat qrupu Putinə yeni baş nazirlə bağlı xeyli məlumat ötürmüşdü. Buna görə Putin Paşinyanın ona sərf etdiyini anlamışdı”.
Bütün bu proseslər fonunda Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi aktuallığını saxlayır.
Politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan işğaldakı Azərbaycan torpaqlarını azad etməli, öz ordusunu bu torpaqlardan çıxartmalıdır. Ermənistanın bundan başqa yolu yoxdur. Onun sözlərinə görə, əks-təqdirdə heç bir dövlətin Ermənistana yardımı Azərbaycanın bu torpaqlara yürüşünü əngəlləyə bilməyəcək: “Azərbaycan hələ ki, bir növ Ermənistana möhlət verib. Gözləyirik ki, Ermənistan daxilindəki bu böhran və qarşıdurma nə ilə nəticələnəcək. Ancaq istənilən halda Ermənistanın nicat yolu Qarabağ probleminin həllindən keçir. Ermənistanı iflic vəziyyətə salan da məhz bu problemdir. Onların bunu nə dərəcədə etiraf edib-etməməsindən asılı olmayaraq bu bir reallıqdır. Ermənistan bu məsələdə güzəştə getməyəcəyi təqdirdə hərbi kampaniyanın ikinci fazası qaçılmaz olacaq”.
Newtimes.az isə yazır ki, müxtəlif "beyin mərkəzləri" dünyada baş verən ciddi geosiyasi proseslər haqqında təhlillər aparır və proqnozlar verməyə çalışırlar. Bu cür yazılarda müəyyən faydalı fikirlər ifadə edilir. Lakin bir sıra hallarda bəzi dairələr öz niyyətlərini obyektiv reallıq kimi qələmə verməklə insanları çaşdırmağa cəhd edirlər. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabat-məruzə də bu qəbildəndir. Orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenaridən bəhs edir. İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan məruzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Çünki Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmaq kimi bir məqsədin olduğunu duyuruq.
Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra analitik mərkəzlər Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı müxtəlif proqnozlar verməyə çalışırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yarana biləcək yeni situasiyanı xarakterizə etməyə cəhd edirlər. Kütləvi informasiya vasitələri bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun (BBQ) təhlil və proqnozları haqqında məlumatlar yayıb (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018).
Öncə vurğulayaq ki, BBQ müstəqil, qeyri-kommersiya və çoxmillətli təşkilat kimi təqdim olunur. Onun 5 qitədə 80-dən çox əməkdaşının olduğu bildirilir. Təşkilat yerlərdə situasiyanın analizi və aktiv surətdə hüquq müdafiəsi işləri ilə məşğuldur. Bununla təhlükəli münaqişələrin qarşısını almağa çalışır. Fəaliyyətində BBQ həm də analitik materiallar dərc etməyi nəzərdə tutur, hətta siyasi qərarlar qəbul edən liderlərə belə praktiki tövsiyələr göndərməyə cəsarət edir.
Ancaq bütün bunlar məsələnin, necə deyərlər, rəsmi tərəfidir. BBQ heç də həmişə obyektiv və dərin məqamlara toxunan təşkilat təsiri bağışlamır. Bir sıra hallarda qərəzli və subyektiv mövqe ortaya qoyur. O cümlədən Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarında xeyli dərəcədə sünilik özünü göstərib. Buna baxmayaraq, BBQ Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar zaman-zaman geniş material dərc edir ki, orada müəyyən proqnostik məqamlar da yer alır. Deyək ki, 2013-cü ilin sentyabr ayının 26-da bu təşkilat "Azərbaycan və Ermənistan: risklər mövsümü" adlı hesabat-məruzə hazırlamışdı (bax: Armenia and Azerbaijan: A Season of Risks / Crisis Group Europe Briefing №71, 26 September 2013, 13 p.).
Bu məruzədə müəlliflər əsaslandırmağa çalışıblar ki, münaqişə riskli, həssas və təhlükəli bir mərhələyə daxil olub. Əsas səbəblər tərəflərin öz mövqelərində qalmaları, 2011-ci ildən başlayaraq danışıqların faktiki olaraq dalana dirənməsi və ATƏT-in Minsk qrupunun lazımi səviyyədə səmərəli fəaliyyət göstərməməsi ilə bağlıdır (bax: əvvəlki mənbəyə, s. 2-5). Bunlara məruzə müəllifləri Ermənistan və Azərbaycanın daxili siyasi vəziyyətini də əlavə edirlər.
Göstərməyə çalışırlar ki, ölkələrdən hər hansında daxili situasiyanın qeyri-müəyyənliyə meylliliyi Dağlıq Qarabağ məsələsinə hiss ediləcək təsir göstərə bilər. Məsələn, Ermənistanda siyasi vəziyyət kəskinləşdiyi halda müəyyən siyasi qüvvələr Dağlıq Qarabağ faktorundan öz xeyrinə yararlanmağa çalışa bilərlər. Azərbaycanla bağlı bunu deyə bilmirlər, çünki burada daxili siyasi vəziyyət kifayət qədər sabit və dayanıqlıdır.
Əvəzində başqa məqamı qabartmağa cəhd edirlər. Onlar Azərbaycanın güclənməsinin Ermənistan tərəfindən işğal edilmiş torpaqların hərbi yolla azad olunmasına təkan verəcəyindən bəhs edirlər. Başlıca diqqət yetiriləsi məqam da məhz bundan ibarətdir. Çünki BBQ də daxil olmaqla, "beyin mərkəzləri" və beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsi variantını qəbul etmək istəmirlər. Bunu sanki aksiom kimi qafalarına yerləşdiriblər.
Məqsəd isə aydındır: Ermənistanın işğal etdiyi əraziləri ermənilərin xeyrinə müxtəlif üsullarla və dolayısı ilə qanuniləşdirmək, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməmək! Bu məqsədi fərqli yollarla ört-basdır etməyə çalışsalar da, reallıqdır. Beynəlxalq Böhran Qrupu da risklərdən danışarkən, daha çox Azərbaycanın öz torpaqlarını azad etməsi "riski"nin artdığını nəzərdə tutur. Sübut üçün bu təşkilatın son hesabat-məruzəsindəki üç "proqnoz"un məzmununa baxaq.
Maqdalena Qrono yazır ki, birinci proqnoza görə, Dağlıq Qarabağdakı separatçılar (o, bu termini işlətmir, zira, reallıq budur) önləyici zərbə vura bilərlər. Niyə? Çünki Azərbaycanın hərbi əməliyyatlara başlamasından ehtiyat edirlər. Onlar 2016-cı ilin Aprel döyüşlərində itirdikləri əraziləri geri qaytarmağa çalışarlar. Belə çıxır ki, 2016-cı ildə Azərbaycan ermənilərin işğal etdiyi ərazilərinin bir qismini azad etməyib, separatçılar torpaq itiriblərmiş! Onda günahkar Azərbaycandır ki, döyüşüb ərazisinin bir qismini azad edib. Bu, birinci risk.
İkinci proqnoza görə, Azərbaycan özü yeni döyüşə başlaya bilər. Səbəb? Ermənistanda siyasi vəziyyətin qarışıqlığı! Guya Azərbaycan rəhbərliyi Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasından istifadə edib, qondarma "dqr"-ə hücum edə bilər. Bu, qərəzli, sadəlövh və proqnoz xatirinə irəli sürülən növbəti cəfəngiyatdır. Əvvəla, Azərbaycanın istənilən situasiyada öz ərazi bütövlüyünü bərpa etmək haqqı var. Bu, BMT-nin Nizamnaməsinin uyğun maddəsində də dəqiq təsbit edilib.
İkincisi, Azərbaycanın bu məqsədə çatması üçün Ermənistandakı daxili siyasi vəziyyətin necə olmasının elə bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ermənistandan bütün parametrlər üzrə dəfələrlə güclüdür və onu qısa müddətdə milçək kimi əzər. Azərbaycan üçün problemi son nəticədə Ermənistanın böyük dövlətlər arasında olan havadarları yaradırlar. Bu, açıq etiraf edilməyən konkret reallıqdır.
Üçüncüsü, diqqət edin, məruzə müəllifi pərdəarxası Ermənistanı məsum və mümkün təcavüzün potensial qurbanı kimi təqdim etməyə çalışır. Yəni, Azərbaycan hər hansı hərbi əməliyyata başlasa, bu, özlüyündə risk və vəziyyəti sabitlikdən çıxarmaqdır. Əslində isə risk və vəziyyəti sabitlikdən çıxaran Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda və onun ətrafında olan Azərbaycan rayonlarında yerləşməsidir. Bunun beynəlxalq hüquqda adı təcavüz və işğaldır ki, ona qarşı da atılan istənilən addım risk deyil, mövcud riski aradan qaldırmaqdır. Məsələn, Suriyada, yaxud İraqda beynəlxalq koalisiya adı altında Qərbin minlərlə insanı məhv etməsinin adını necə qoyurlar: terrorla mübarizə! Dünyanı İŞİD-dən xilas etmək! Halbuki onlar beynəlxalq hüququ kobudcasına pozaraq, başqa ölkələrin ərazisində hələ də kimliyi bilinməyən silahlı qruplara qarşı hərbi əməliyyatlar aparırlar və orada milyonlarla insan didərgin düşür, yüz minlərlə insan isə məhv edilir!
Bütün bunlar dura-dura, BBQ və ona bənzər təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etmək cəhdlərini risk adlandırmağa çalışırlar. Budurmu obyektiv, müstəqil analiz? Yaxud proqnoz? Əsla elə deyil, sadəcə, növbəti dəfə təcavüzə haqq qazandırmaq və münaqişənin ədalətli həllini ləngitmək üçün növbəti beyin hücumu ediblər. Üçüncü "proqnoz"dan da bu, aydın hiss edilir.
Orada yazılır ki, "bütün tərəflər gərginlik yarada biləcək hər hansı addımlardan qaçmalıdırlar" (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018). "Bütün tərəflər" dedikdə, Dağlıq Qarabağdakı separatçılar da tərəf kimi nəzərdə tutulur. Əlavə olaraq, yenə də təcavüzkar Ermənistan "günahsız"dır, Azərbaycan isə vəziyyəti nəzarətdən çıxara biləcək addım ata bilər. Axı, öncəki iki "proqnoz"da qeyri-sabitliyi Azərbaycanın hücumlarının yarada biləcəyi sətiraltı olaraq vurğulanıb, Ermənistanın işğalçılığı haqqında bir söz belə deyilməyib!
Belə çıxır ki, yenə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olanlar vardır. Onlar hər nə olsa da, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini istəmir və bunun üçün bütün vasitələrdən yararlanmağa cəhd göstərirlər. Yəni Azərbaycan, əslində, yalnız Ermənistanla mübarizə aparmır, əsas onun arxasında dayanan qüvvələrdir. Beynəlxalq Böhran Qrupunun "proqnoz"ları da məhz həmin qüvvələrin növbəti oyunbazlığıdır.

Əli

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)