Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nüfuz və məcburiyyət “savaşı”

15.05.18, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Liqasında (AL) 2017-18 mövsümünə yekun vurulur. Mayın 16-da turnirin final qarşılaşması baş tutacaq. Həlledici oyun “Atletiko” “Marsel”lə üz-üzə gələcək. Görüş Lionda keçiriləcəyindən, “Marsel”i bir növ ev sahibi də saymaq olar. Komandalar finala qədər fərqli yol qət ediblər. Mübarizəyə ÇL-də qoşulan “Atletiko” qrupda “Qarabağ”la görüşlərdə itirdiyi xallar üzündən 3-cü yeri tutaraq, AL-ə yuvarlanmışdı. Bu turnirin pley-off mərhələlərində Dieqo Simeonenin kollektivi müvafiq olaraq “Kopenhagen”, “Lokomotiv” (Rusiya), “Sportinq” və “Arsenal”ı mübarizədən kənarlaşdırıb. Həmin görüşlərin cəmi 1-də yenilən madridlilər 6 matçda qələbə qazanıb, 1-də isə heç-heçə edib.
O ki qaldı “Marsel”ə, Rudi Qarsiyanın yetirmələri Avropa Liqasının III təsnifat mərhələsindən bəri bir çox komandanı turnirdən kənarlaşdırıb. Qrup səddini ikinci kimi başa vuran fransızlar ardından növbə ilə “Braqa”, “Atletik”, “Leyptsiq” və “Zalsburq”a sürpriz imkanı verməyib. Byörn Kuypersin idarə edəcəyi qarşılaşmaya “Atletiko” titul və nüfuz üçün meydana çıxacaqsa, “Marsel”in üzərində təzyiq daha çox olacaq. Çünki Fransa çempionatında sona bir tur qalmış 4-cü pillədə qərarlaşan komandanın Çempionlar Liqasına vəsiqə şansı öz əlində deyil. Bu səbəbdən Rudi Qarsiyanın kollektivi işi möcüzəyə buraxmamaq üçün qələbə qazanmağa məcburdu.
6 ildi titul üzünə həsrət qalan “Marsel” eyni zamanda bu tilsimi qırmağa və tarixində ilk dəfə Avropa Liqasının (əvvəlki UEFA Kubokunun) qalibi olmağa çalışacaq. Yaxın keçmişdə iki dəfə Çempionlar Liqasının finalında yenilən “Atletiko” isə final sindromunu qırmaq, həmçinin bu turnirin kubokunu 3-cü dəfə muzeyinə aparmaq əzmindədi. Heyətlərə nəzər yetirdikdə “Atletiko”nun matça itkisiz hazırlaşdığını demək olar. Lakin qarşı tərəfdə vəziyyət heç də ideal deyil. Rudi Qarsiya sabah iki aparıcı müdafiəçinin xidmətindən məhrum olacaq. Adil Rami vərəqə limitini doldurduğu, Rolando isə zədəli olduğu üçün final görüşünü buraxacaq.

Bu xəbər oxundu
- - -