Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistandakı inqilabların kökündə Qarabağ münaqişəsi dayanır”

16.05.18, 11:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanda baş verən inqilabların kökündə Dağlıq Qarabağ münaqişəsi dayanır. Eks-prezident Serj Sarkisyan bu məsələdə normal mövqe nümayiş etdirsəydi, indi ermənilər daha yaxşı yaşayırdılar”.
Bu sözləri politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, eks-prezident Levon Ter-Petrosyan bu məsələdə fərqli münasibət sərgiləyirdi: “Amma mən onun əleyhinə idim. Çünki o, ağıllı adamdır və nə istədiyini bildirdi. Hazırda baş verən proseslərdə də aparıcı element Dağlıq Qarabağ münaqişəsidir. Gedişat Nikol Paşinyanın davranışları belə deməyə əsas verir ki, Ermənistanda vəziyyət sabitləşməyəcək”.
Mübariz Əhmədoğlu deyib ki, Dağlıq Qarabağa ilk səfəri zamanı Paşinyanın verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib: “Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaratdı. Özünü aldatmağı xoşlayan ekspert mühiti Paşinyanın səsləndirdiyi fikirlərdə bəzi tonallıqları görmək istəmədilər. Onun səsləndirdiyi fikirlərdən bəziləri sensasiyadır”.
O, qeyd edib ki, Paşinyan Azərbaycanla danışıqları yalnız Ermənistanın adından aparacağını bildirib: “Paşinyanın fikrincə, Dağlıq Qarabağ danışıqlar prosesinə ayrıca qoşulmalıdır. Əslində, Paşinyanın belə mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına uyğundur. Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakının fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib hissəsinə malikdir. Birincisi, Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan problemlər - bura Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması və buna müvafiq olaraq, Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtmasına şərait yaratmaq daxildir”.
Politoloqun fikrincə, Dağlıq Qarabağ problemində ikinci hissə ilkin mərhələdə 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılmasıdır: “Sonra isə tədricən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması. Dağlıq Qarabağdakı ermənilər 1923-cü ildə olduğu kimi yenidən Azərbaycanın tərkibində qalmağı seçə bilərlər. Paşinyan özünün mərhələli həll variantını təklif edir. Əvvəlcə Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu, mümkündür. İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır”.

Bu xəbər oxundu
- - -