Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

105 nəfər immun çatışmazlığı sindromundan əziyyət çəkir

16.05.18, 12:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İmmunitet insan orqanizmini ətraf mühitdən daxil olan genetik yad maddələrdən, özünəməxsus “qocalmış”, zədələnmiş hüceyrələrdən, şiş hüceyrələrindən və s. amillərdən qoruyur. İmmun sisteminin iştirakı olmadan orqanizmdə heç bir patoloji proses baş verə bilməz. İmmun sistemin anadangəlmə patologiyası uşaqlarda daha çox müşahidə olunur və ağır fəsadlar verir. İmmun sisteminin genetik mutasiya ilə əlaqədar pozğunluğu birincili immun çatışmazlığı sindromu adlandırılır. Bu patologiya nadir olsa da, bütün dünyada rast gəlinir.
Dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də 2011-ci ildən etibarən belə xəstələrin aşkarlanması, erkən diaqnostikası və müalicəsi həyata keçirilir. Bununla Azərbaycan Tibb Universitetinin (ATU) bir qrup professor və müəllimi məşğuldur. Buna baxmayaraq, anadangəlmə immun çatışmazlığı olanların sayı hər il artmaqda davam edir. Qeyd etmək lazımdır ki, respublikamızda həmin xəstələrin qeydiyyatı və monitorinqi təşkil olunub və hazırda 105 uşaq və yaşlı xəstə nəzarət altındadır.
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, artıq beşinci ildir ki, ölkəmizdə Dünya Birincili İmmun Çatışmazlığı həftəsi qeyd edilir. Builki tədbir ATU-nun elmi-tədqiqat immunologiya laboratoriyasının, allerqologiya və immunologiya kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə keçirilib. Tədbirdə professorlar Gülnarə Nəsrullayeva, Amaliya Əyyubova, Lalə Allahverdiyeva, dosent və müəllimlər xəstələrin valideynləri ilə söhbət edib, onların suallarını cavablandırıblar.
Görüşdə iştirak edən həkimlər birincili immun çatışmazlığı sindromundan əziyyət çəkənlərin həyat tərzi və müalicəsi haqqında yeni məlumatlar verib, problemin erkən aşkarlanmasında müasir diaqnostikanın mühüm rola malik olduğunu bildiriblər. Qeyd edilib ki, xəstələr mütəmadi olaraq müayinədən keçirilir, alınan nəticələr təhlil olunur. Görüşdə iştirak edən uşaqlara xüsusi hədiyyələr verilib, şənlik təşkil olunub.

Bu xəbər oxundu
- - -