Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dəyişən şərait yeni imkanlar açır”

17.05.18, 14:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Dəyişən iqtisadi şərait qarşımızda yeni imkanlar açır. Məsələn, Azərbaycan Rusiya üçün ixracı Yaxın və Uzaq Şərq ölkələrinə qədər genişləndirmək baxımından körpü ola bilər".
Bunu "Report"un Rusiya bürosuna müsahibəsində Azərbaycanın Rusiyadakı yeni ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, Respublikanın xaricdəki ticarət nümayəndəlikləri institutu Azərbaycanın qeyri-neft sektorunun qabaqcıl inkişafının reallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi üzrə həvəsləndirmə, o cümlədən "Made in Azerbaijan" brendi altında məhsulların təşviqi üçün nəzərdə tutulub: "Ölkəmizdə Rusiya kapitallı 500-dən çox şirkət fəaliyyət göstərir. Bunun nəticəsi olaraq ölkənin ixrac potensialı da artır. Bu gün Azərbaycan iqtisadiyyatının həcmlərin artırılmasına, eləcə də ixrac tədarüklərinin nomenklaturasının və coğrafiyasının genişləndirilməsinə ehtiyacı var".
Ticarət nümayəndəliyi tərəfindən görülən işlərdən bəhs edən Ruslan Əliyev Azərbaycan ixracatçılarının Rusiya regionlarında təmsil olunması üzrə işlər aparıldığını vurğulayıb: "Məsələn, 2017-ci ilin noyabr ayında Sankt-Peterburqda keçirilən "Piterfud" sərgisində bir neçə müqavilə imzalanıb. Soçidəki Rusiya İnvestisiya Forumunda və Krasnoyarsk İqtisadi Forumunda iştirakımız da səmərəli oldu. Belə tədbirlərdə iştirakımız zəruri olan informasiyanı ilk əldən almaq, faydalı əlaqələr qurmaq, Rusiya tərəfini Azərbaycanın ixrac potensialı və investisiya imkanları barədə məlumatlandırmaq baxımından yaxşı fürsət yaradır. Rusiya-Azərbaycan Regionlararası Forumu da işimiz üşün yaxşı meydandır. Ötən dövrün mühüm hadisələrdən biri də 2017-ci il sentyabrın 28-də Stavropolda 8-ci Rusiya-Azərbaycan Regionlararası Forumu oldu. Bu ilin sentyabr ayında sayca 9-cu Forumun Azərbaycanın Gəncə şəhərində keçirilməsi planlaşdırılır".
O qeyd edib ki, Rusiya regionları ilə əlaqələrin inkişafı kontekstində keçən il Sankt-Peterburq, Yekaterinburq, Tümen, Tobolsk, Çeboksarıya səfər ediblər: "Bu il isə mayın 24-dən 26-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməyi planlaşdırırıq. Forumdan sonra isə Biznes klub çərçivəsində Rusiyanın iqtisadiyyatının müxtəlif sahələrinin nümayəndələri üçün Azərbaycanın investisiya potensialı və investisiya yatırılmasına həvəsləndirmə üzrə tədbirlər barədə tanıdıcı seminarlara başlamaq niyyətindəyik. 2018-ci ildəki fəaliyyətimizlə bağlı konkret planımız var".
O, Azərbaycanın yalnız neft-qaz sektoruna yox, həm də iqtisadiyyatın kənd təsərrüfatı, emal və yüngül sənaye, qara və əlvan metallurgiya, maşınqayırma, əczaçılıq sənayesi, tikinti materialları istehsalı və bir çox başqa sahələrinə investisiyalar yatırılması üçün cəlbedici ölkə olduğunu qeyd edib: "Hələ sovetlər dövründə Rusiya məhsullarına Azərbaycan bazarında tələbat vardı və bu gün də var. Rusiya ət-süd məhsullarına, qənnadı məmulatlarına həmişə yüksək tələbat olub. İsveçrə şokoladlarını nə qədər reklam etsələr də, Rusiya istehsalı olan şokoladlar çox sevilir. Bu gün Rusiyanın Azərbaycana ixracının əsas hissəsini həmçinin buğda, ağac məhsulları, tütün məhsulları, bitki yağı, metallurgiya sənayesinin məhsulları təşkil edir".
Onun sözlərinə görə, Azərbaycan tərəfi isə Rusiyaya ən çox meyvə-tərəvəz, fındıq, eləcə də kimya sənayesi, rəngli və qara metalurgiya məhsulları ixrac edir.

Bu xəbər oxundu
- - -