Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İrəvan münaqişəli vəziyyəti normallaşdırmaq ideyasından çox uzaqdır”

22.05.18, 10:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Abbasov: “Bütün planları qarşıdurmanı daha da dərinləşdirməkdən ibarətdir”

Ermənistan silahlı qüvvələrinin Naxçıvanda təxribat törətməsinin pərdəarxası məqamları ilə bağlı müxtəlif fikirlər səsələndirilir. Lakin əksər ekspertlər hesab edirlər ki, burada məqsəd erməni ictimaiyyətinin fikrini daxili gərginlikdən yayındırmaqdır.
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Politoloq Tofiq Abbasov deyib ki, Ermənistan son hərəkətləri ilə Qarabağ məsələsinin həllində sülh planından uzaq olduğunu təsdiqləyir. Politoloqun sözlərinə görə, işğalçının təhrikçi və təxribatçı siyasəti İrəvanın münaqişəli vəziyyəti normallaşdırmaq ideyasından çox uzaq olduğunu göstərir: “Ermənistanın bütün planları qarşıdurmanı daha da dərinləşdirməkdən ibarətdir. Bu həqiqətən də Azərbaycanın sağlam ruhda olmasına ermənisayağı bir cavabdır. Burada Nikol Paşinyanın Serj Sərkisyanın mənfur siyasətinin davam etdirməsinin şahidi oluruq. Belə getsə, istənilən məqamda Dağlıq Qarabağ və onun ətrafında vəziyyət odlu-qanlı müharibə kampaniyasının başlanması ilə nəticələnə bilər. Artıq proses demək olar ki, buna doğru gedir”. Politoloq bildirib ki, sülh istəyən tərəf danışığa hazır olduğunu hər zaman müvafiq bir tərzdə nümayiş etdirir: “Ermənistanın hərəkətlərində isə risk dolu hazırlıqlar müşahidə olunur. Hesab edirəm ki, Ermənistan artıq Paşinyan dövrünün seçimini nümayiş etdirir və bu seçimdən yaxşı bir şey gözləmə dəyməz”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov sərhədin Naxçıvan hissəsi müəyyən dərəcədə sabitliyin hökm sürdüyü istiqamət kimi tanınırdı: “Əvvəla, bu, dövlət sərhədidir. Yəni, Qarabağ bölgəsi, yaxud işğal olunmuş digər rayonlar deyil. İndiyədək bizim hamımızın diqqəti daha çox Qarabağ və digər işğal olunmuş rayonlara yönəlmişdi. Sözsüz ki, Naxçıvanın təhlükəsizliyinin təmin olunması üçün son illərdə çox mühüm işlər görülüb, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu günlərdə Naxçıvana səfəri zamanı bildirdi ki, alınan müasir texnikanın demək olar, bütün növləri, yaxud əksər növləri Naxçıvana göndərilir.
Ali Baş Komandan onu da bildirdi ki, Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnika göndərilir, bu gün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər. Eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər.
Bilirik ki, Ermənistanın yeni müdafiə və xarici işlər nazirləri – David Tonoyanın və Zoqrab Mnatsakanyanın Naxçıvanla sərhədə baş çəkməsindən sonra bu təxribat baş verib. Görünür, onlar Ali Baş Komandanın Naxçıvana səfərindən sonra əndişələniblər və bu təxribatı törədiblər.
Ancaq məlum təxribat bir günün içində yaranan niyyət deyil. Naxçıvanla bağlı onların niyyəti 100 il əvvəldən var. Düzdür, Naxçıvan istiqaməti qeyd etdiyim kimi sabit istiqamət idi. Ermənistanda yeni hakimiyyət formalaşandan, Paşinyan baş nazir olandan sonra Naxçıvan faktoruna prioritet istiqamət kimi baxmaq lazımdır”.
Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanatına gəlincə Ş.Ramaldanov vurğulayıb ki, Azərbaycan Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi bu, ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və onu ört-basdır etmək məqsədi güdür: “Təmas xəttində hərbi qulluqçuların fəaliyyətindən biri də mühəndis-istehkam işləri ilə bağlı olur. Çünki qışdan çıxmışıq, səngərləri, mövqeləri möhkəmləndirməyə zərurət duyulur. Ermənistanla sərhəddə, xüsusilə Naxçıvanla sərhəddə bu işlər aparıldığı zaman, üstəlik müdafiə naziri Tonoyanın orda olub təxribat xarakterli tapşırığı veriləndən sonra snayper tərəfindən izlənib və bizim əsgərimiz şəhid olub.
Ancaq bu insidentin arxasında başqa məqamlar dayanır. Mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının orda hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir. Bununla bağlı müəyyən məlumatlar da var.
Bu məlumatlar əsasında Ermənistanda gələcəkdə baş verə biləcək gərginliyə dair proqnozlar irəli sürmək mümkündür. Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular.
Çünki Qarabağ faktoru artıq Ermənistanın sağlam cəmiyyətini qıcıqlandırır. Onlar dəfələrlə keçmiş rəhbərlik qarşısında bu məsələni qaldırıblar. Deyiblər ki, Dağlıq Qarabağ bu günədək Ermənistana heç nə verməyib. Dağlıq Qarabağ Ermənistanın iqtisadiyyatını bu günkü çətin vəziyyətə salıb. İşğal olunmuş ərazini Ermənistan özü inkişaf etdirə bilmir, başqa heç kim də ora investisiya qoymur.
Dağlıq Qarabağı heç Ermənistan özü də tanıya bilmir. Dağlıq Qarabağ Ermənistana ancaq meyitlər verib, Ermənistanın pulunu silah-sursat almağa sovurur. Ermənistanın iqtisadiyyatını Rusiyanın təsiri altına daha çox salır. Ona görə ki, müəyyən kreditlə silah-sursat almağa məcbur olan Ermənistan istər-istəməz büdcənin müəyyən hissəsini bu istiqamətə yönəltməli olur. Bu da sosial problemlərin gərginləşməsinə, camaatın vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır.
Bu baxımdan Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənsitan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Yenə də Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək”.
O həmçinin əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) faktoru dəfələrlə üzər çıxıb və bu gün həmin təşkilatın baş katibi də Ermənistan ordusunun general-polkovnikidir: “Bilirsiniz ki, KTMT faktorundan istifadə Sərkisyanın hakimiyyətinin son dövrlərində vaxtaşırı səslənirdi. Ancaq onu da bilmək lazımdır ki, Ermənistan istisna olmaqla KTMT-nin digər bütün üzvləri ilə Azərbaycanla sıx əlaqələri var. Onlar bizim strateji tərəfdaşlarımızdır. Həmin ölkələrin dövlət başçıları ilə Prezident İlham Əliyev arasında çox səmimi münasibətlər var. KTMT-nin üzvləri bu məsələyə öz münasibətlərini bildiriblər və Qarabağ məsələsində hətta Azərbaycan öz torpaqlarını azad etməyə başlayacağı təqdirdə belə Ermənistana yardımçı olmayacaqlarını açıqlayıblar.
Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər. Azərbaycanın o ərazidə aktiv mühəndis işləri apardığını bildirirərək bundan bəhanə kimi istifadə etməyə çalışırlar. Bir daha deyirəm, qışdan çıxmış səngərlərdir, mühəndis-istehkam işləri həmişə aparılır, atış mövqeləri möhkəmləndirilir. Ancaq bütün bu işlər Azərbaycan ərazisində aparılır. Biz Ermənistanın ərazisinə keçmirik. Əgər orda hansısa möhkəmləndirmə işləri aparılırsa, bu, müdafiə xarakteri daşıyır və hücüm əməliyyatını düşünməyə əsas yoxdur.
Ancaq Ermənistan təxribatçı adımlarından əl çəkməsə Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür”.
Onun fikrincə bu təxribatların ardı gələcək: “Biz Ermənistandan hər an istənilən istiqamətdə istənilən təxribatı gözləməli və bunun qarşısnı almaq üçün lazımı tədbirlər görməliyik. Ermənistanın rəhbərliyinə kim gəlir gəlsin, bu ölkənin siyasəti dəyişməzdir. Ermənistan siyasətinin dəyişməsi yalnız işğal olunmuş torpaqları azad etməyimizdən sonra mümkündür”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, rəsmi İrəvan müntəzəm sürətdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar yayır: “Bir il bundan qabaq həftə ərzində 1500-2000 dəfə atəşkəs rejimi pozulurdu. Son bir ildə bu rəqəm 200-300–dək xeyli azalıb”. Mərkəz sədrinin sözlərinə görə, Ermənistanda mitinq günlərində atəşkəs rejiminin pozulmasının sayı ilə bağlı rəsmi Yerevanın yaydığı məlumatda da trend azalma istiqamətində idi: “Rəsmi İrəvanın məlumatına görə son həftə ərazində atəşkəs rejimi 50 dəfə pozulub. Atəşkəs rejimi ilə bağlı dinamikanın müqayisəli təhlili vəziyyətin tam sabit olduğunu göstərir. Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejimi Ermənistanın da üzv olduğu KTMT-nin bəzi dövlətləri arasındakı atəşkəs rejiminə nisbətən daha sabitdir. Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunlarının təmas xəttində atəşkəs rejiminin bərqərar olması tam aydındır. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Mink Qrupu həmsədrləri ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşik də təsdiqlədi. Yeni müdafiə naziri David Tonoyan isə Kaspşiklə görüşü zamanı ona bunun tərsini sübut etmək istəyirdi. Atəşkəs rejimi barədə məlumatı rəhbərlik etdiyi qurumun yaydığını unutdu. Ermənilər bu vaxtadək iddia edirdilər ki, məhz atəşkəs rejiminin tez-tez pozulması sülh danışıqlarına maneçilik törədir. İndi atəşkəs rejimi bərqərar olub. Amma Ermənistan yenə sülh danışıqlarının başlamamasına və uğurla nəticələnməməsinə bəhanə axtarır. D.Tonoyandan bir az öncə Nikol Paşinyanın Dağlıq Qarabağda səsləndirdiyi fikirlərin ümumi konteksti və Ermənistan Xarici İşlər Nazirliyinin 3 bəyanatı göstərir ki, ermənilər danışıqlara hazır deyillər. Amma danışıqlara hazır olmamalarını atəşkəs rejiminin pozulması adı altında gizlətmək niyyətindədirlər. Sadəcə Ermənistan rəsmiləri analitik ağılı inkar etdikləri üçün düşünürlər ki, bütün dünya da eynilə belə düşünür. Məhz beynəlxalq ictimaiyyətin narahatlığıdır ki, Ermənistanda hələ inqilab dövrlərində olunan müraciətlərdə də Dağlıq Qarabağ tənzimlənməsi ön plana çıxarılırdı. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə təmsilçisi Moqerinin Nikol Paşinyana göndərdiyi müraciət və yaxud ABŞ prezidenti D.Trampın göndərdiyi məktubdakı Dağlıq Qarabağa dair hissə bunu aydın göstərir. Rusiya tərəfinin də mövqeyində Dağlıq Qarabağ tənzimlənməsi ön plandadır”.

Əli

Bu xəbər oxundu
- - -