Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığının inzibati ərazi quruluşu və idarəçilik sistemi

22.05.18, 11:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Kəbirli mahalını iki nəfər idarə edirdi. Mahalın minbaşı divanbəyi Məhəmmədəli bəyin idarə etdiyi hissəsində, 1822-ci ilə olan məlumata əsasən, 18 oymaqda cəmi 535 (261 vergi ödəyən, 274 ödəməyən) ailə yaşayırdı. Bir oymağın - Gürcüstan kürdü oymağının bütün sakinləri Şuşada yaşayırdılar, buna görə də şəhər siyahısında qeydə alınmışdılar. Mahal sakinləri maldarlıq və taxılçılıqla məşğul olur, buğda və arpa yetişdirirdilər. Ərazinin minbaşı Məhəmmədəli bəyin idarə etdiyi hissəsindən xəzinə ildə 366 əşrəfi və 3085 manat 83 qəpik (366 rubl 83 qəpik) gəlir götürürdü. Qeyd edək ki, mahal əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, yalnız bircə kənddə - Siznikdə 25 xristian ailəsi vardı.
Sözügedən mahalın kapitan Mirzəli bəyin idarə etdiyi hissəsində 19 kənddə cəmi 367 (171 vergiödəyən, 196 ödəməyən) ailə yaşayırdı. Əhali başlıca olaraq maldarlıqla məşğul olur, mal-qara, qoyun və at saxlayır, buğda və arpa yetişdirirdi. Kəbirli mahalının bu hissəsində azərbaycanlılar əksəriyyət təşkil edirdi. Yalnız bir kəndin - Xaçmazın əhalisi xristianlardan (cəmi 13 ailə) ibarət idi, bir kəndin - Xələfşanlının əhalisi isə qarışıq (cəmi 12 azərbaycanh, 5 erməni) idi. Beləliklə, bütövlükdə Kəbirli mahalında 902 (432 vergiödəyən, 470 ödəməyən) ailə yaşayırdı. Onların əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Mahalda cəmi 43 qeyri-müsəlman ailəsi yaşayırdı ki, bu da mahal əhalisinin ümumi sayının cəmi 4,77%-ni təşkil edirdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Tatev mahalında 13 kənddə cəmi 698 (508 vergiödəyən, 190 ödəməyən) ailə yaşayırdı. Bu mahalda xristianlar çoxluq təşkil edirdi (635 ailə, yaxud 90%). Mahal sakinləri əkinçiliklə və maldarlıqla məşğul olur, evlərdə xalça toxuyurdular. Cavanşir mahalının 1 kənd və 32 oymağında 696 (370 vergi ödəyən və 326 ödəməyən) ailə yaşayırdı. Hamısı müsəlman-azərbaycanlılardan ibarət idi. Mahal sakinlərinin başlıca məşğuliyyəti maldarlıq və taxılçılıq idi. Ən böyük oymaqlar 97 ailədən ibarət Qaravənd, 51 ailədən ibarət Köçərli idi. Mahalı minbaşı Şərifxan bəy idarə edirdi. Kolanılar mahalında 9 oymaqda cəmi 462 (203 vergi ödəyən, 259 ödəməyən) ailə vardı. Onun sakinləri müsəlman-azərbaycanlılar idi, əhalinin başlıca məşğuliyyəti isə maldarlıq və taxılçılıq idi. Mahalda hər bir oymağın öz hakimi vardı. Ən böyük oymaqlar 61 ailədən ibarət Qaravənd, 67 ailədən ibarət Qızılhacılı, 120 ailədən ibarət Dinnibayəhmədli oymaqlarıydı. Əhalisi yalnız azərbaycanlılardan ibarət idi.
Xırda-para Dizaq mahalı 12 kənddən ibarət idi. Burada 218 (129-u vergiödəyən, 89-u ödəməyən) ailə vardı. Ən böyük kəndləri 46 ailənin yaşadığı Daşkəsən və 39 ailənin yaşadığı Qoçəhmədli idi. Mahalda başlıca olaraq taxılçılıqla və maldarlıqla məşğul olurdular. Xalı vergisinin toplanması mahal kəndlərində xalçaçılığın inkişaf etdiyini göstərir. Mahal əhalisi bütünlüklə azərbaycanlılardan ibarət idi və onu minbaşı məlik Həsən idarə edirdi.
Qapan çayının sol sahilində yerləşən Püsyan mahalına 29 kənd və oymaq daxil idi, bu kənd və oymaqlarda 612 ailə yaşayırdı. Əhali vergilərdən azad idi. Kənd əhalisi maldarlıqla məşğul olurdu. Mahal əhalisi müsəlman azərbaycanlılardan ibarət idi və burada yalnız 6 erməni ailəsi vardı (0,98%). Mahalın ən böyük oymaqları 97 ailənin yaşadığı Zadumanlı, 45 ailənin yaşadığı Kərbəlayı Dimahməd oymaqları idi. Mahalı Məhəmməd Hüseyn sultan idarə edirdi. Püsyan mahalmda yaşayan ailələrin vergilərdən azad olmasının səbəbi əslən qarabağlı olan 20 oymağm bir müddət əwəl İrana qaçması və cəmi bir neçə ay əvvəl geri dönməsi ilə izah olunur. Digər 9 kənd və oymaq isə müxtəlif şəxslərə məxsus idi. Onlarda yaşayan əhalinin də bir hissəsi İrana köçüb sonra geri qayıdanlar idi. Ailələrin əksəriyyəti İrandan Məhəmməd Hüseyn sultanla birgə dönmüşdülər.
Xanlıq ləğv olunan ərəfədə Çovundur mahalının Qapan çayınm sol sahilindəki hissəsi də Püsyan mahalı ilə birgə idarə olunurdu. Bu hissəyə cəmi 6 kənd və oymaq daxil idi. Həmin kənd və oymaqlarda cəmi 269 (55 vergi ödəyən, 214 ödəməyən) ailə məskunlaşmışdı. Vergi ödəməyənlərin sayının belə çox olması onunla əlaqədar idi ki, ailələrin çoxu vaxtilə İrana köçmüş və yenicə qayıtmışdılar. İki kənd isə (Muşkulan və Zeygilan (Zəngilan)) Əbülfət xanın mülkiyyətində olmuşdu. Çovundur mahalının Qapan çayının sol sahilində yerləşən hissəsində ən böyük oymaqlar 89 ailənin yaşadığı Babalı, 198 ailənin yaşadığı Sultanlı oymağı idi. Çovundur mahalının sözügedən hissəsində əsasən maldarlıqla məşğul olur, habelə buğda və arpa yetişdirirdilər. Çovundur mahalının 6 kənd və oymağında yalnız azərbaycanlılar məskunlaşmışdı.
Cavanşir mahalı Tərtər və Araz çayları arasındakı ərazidə yerləşirdi. XVI əsrin sonu XVII əsrin əvvəllərində osmanlılar Qarabağı işğal edərkən cavanşirlər burada qalmış, ancaq səfəvilərin ilk hücumu zamanı onlara tabe olduqlarını bildirmişdilər. Bu tayfaya həm də «Otuzikilər» (32 boya bölündüyü üçün) deyirdilər. Dizaq-Cavanşir mahalında 18 kənd və oymaqda 617 (285 vergi ödəyən, 332 ödəməyən) ailə vardı. Başlıca olaraq maldarlıq və taxılçılıqla məşğul olurdular. Bəzi yerlərdə, Hacılı oymağında ipəkçilik inkişaf etmişdi. Ən böyük yaşayış məntəqələri 117 ailədən ibarət Hacılı, 73 ailədən ibarət Yağlıvənd, 84 ailədən ibarət Qaradonlu və 55 ailədən ibarət Qaraxanbəyli oymağı idi. Mahal üzrə xəzinəyə ildə 2852 man. 31 qəp. (452 rub. 78 qəp.) və 326 əşrəfi məbləğində vergi və mükəlləfiyyət daxil olurdu. Mahal əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Yalnız kiçik bir kənddə (Yedili) 10 xristian ailəsi, 2 kənddə isə qarışıq (Düdükçü və Xəxli) 10 xristian və 5 müsəlman ailəsi yaşayırdı. Beləliklə, xristianlar (20 ailə) mahal ailələrinin cəmi 3,24 %-ni təşkil edirdilər.
Otuziki mahalının 22 kənd və oymağında 628 (384-ü vergi ödəyən, 244-ü ödəməyən) ailə yaşayırdı. Mahalın ən böyük yaşayış məntəqələri 70 ailədən ibarət Səfikürd, 59 ailədən ibarət Xıdırlı, 73 ailədən ibarət Boyəhmədli, 90 ailədən ibarət Paradınnı oymaqları, 81 ailənin yaşadığı Ağcabədi kəndi idi. Mahal əhalisi maldarlıqla məşğul olur, buğda, arpa və başqa dənli bitkilər yetişdirirdilər. Mahalda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Yalnız 2 xırda kənddə (Taşbaşalı və Taşbaşı) 10 qeyri-müsəlman ailəsi yaşayırdı (1,59%). Ərazini minbaşı-qalabəyi Məmməd Kəlbi bəy idarə edirdi. Mahal üzrə 3571 manat 85 qəpik və 539 əşrəfi məbləğində xəzinəyə vergi daxil olurdu. İyirmidörd mahalının 8 kənd və oymağında cəmi 155 (85-i vergiödəyən, 70-i ödəməyən) ailə məskunlaşmışdı. Ən iri yaşayış məntəqələri 32 ailənin yaşadığı Borsunlu və Saran kəndləri idi. Mahal sakinləri maldarlıqla məşğul olur, buğda, arpa və başqa dənli bitkilər yetişdirirdilər. Mollavələdli kəndində ipəkçiliklə də məşğul olurdular. Mahal əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Yalnız 6 qeyri-müsəlman ailəsi yaşayırdı ki, bu da mahal əhalisinin cəmi 3,87 faizini təşkil edirdi. Mahalı Mirzə Məmmədqulu bəy idarə edirdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, 7 oymaqdan ibarət Qaraçorlu mahalında 538 (294-ü vergiödəyən, 244-ü ödəməyən) ailə vardı. Ən böyük oymaqları 112 ailədən ibarət Şeylanlı, 95 ailədən ibarət Güloxçu, 97 ailədən ibarət Təhməzli, 103 ailədən ibarət Şadamanlı və 86 oymaqdan ibarət Kürd oymağı idi. Bu oymağın sakinləri bütün mahal boyu səpələnmişdilər. Mahal əhalisinin böyük əksəriyyətini azərbaycanlılar, kiçik bir hissəsini müsəlman kürdlər təşkil edirdi.
Acnan-Türk mahalı 9 kənddən ibarət idi və cəmi 67 (42-i vergiödəyən, 25-i ödəməyən) ailəyə malik idi. Mahalda müsəlmanların və qeyri-müsəlmanların sayı demək olar ki, bərabər idi. Bu sırf türk soylu mahalda xristianların sayının azərbaycanlılara bərabər olması yəqin ki, mahalda azərbaycanlıların xeyli hissəsinin birinci rus-İran müharibəsi zamanı İrana və Türkiyəyə qaçması ilə bağlı idi. Eyni zamanda, ən böyük xristian (13 ailədən ibarət) Noraşenik kəndinin adı bu kənddə yaşayan ermənilərin Qarabağa gəlmə olduqlarına işarədir. Mahalı məlik Hüseynqulunun nəzarəti altında məlik Stepan idarə edirdi.
Vərəndə mahalı qərbdə Kirs dağından başlayıb şimalda Şuşa çayına və Xəlifəliyə qədər uzanırdı. Bu mahalda buğda və başqa taxıl məhsulları yaxşı yetişirdi. Mirzə Yusif Qarabağinin yazdığına görə, Vərəndə məliklərinin sələfləri Göyçə və Zivə kəndlərindən gəlib Canaqçı kəndində məskən salmış və ətraf kəndlərə hakimiyyətlərini yaya bilmişdilər. Vərəndə məliklərindən Mirzəbəy adlı birisini Nadir şah Əfşar hansısa cinayətdə müqəssir bilib edam etdirmişdi. «Müfəssəl dəftər»ə görə, XVIII əsrin I yarısında Vərəndə nahiyəsi birbaşa Gəncə-Qarabağ bəylərbəyinə daxil idi. Nahiyənin ən böyük kəndləri 143 qeyri-müsəlman kişinin qeydə alındığı Şuşikənd və 35 qeyri-müsəlman kişinin yaşadığı İsfahanceq kəndləri idi. Nahiyə sakinləri buğda, arpa, darı, çəltik yetişdirir, maldarlıq və arıçılıqla məşğul olurdular. Bəzi kəndlərdə (məsələn, Şeyx Dursun kəndində) pambıq əkir, ipəkçiliklə məşğul olurdular.
Nahiyənin Şütədaş, Vərəndəçik, Dovşanlı, Qarıqışlaq, Əlməlik, Qıindura, Qalıgədik, Qaraçuq, Rudxanəyi-Pirəhməd, Söyüdlü, Keçiqıran Dövlətyar, Musəlləm, Qozluq, Həməgərək kəndlərində və Yağlıca, Dirvan, Quşçu, Sülüklü, Yaycı, Qoyluqam, Dahış, Şamtaq, Baba Həmzə, Ağqaya, Əmirxan, Üçdərə, Ağcakənd, Cuhudlar, Kətəlparaq, Mərvan, Ömərli, Tərlan, Bərxudarlı, Talib, Şərəfabad, İrəvan, Cəqəcim- məqaş, Güzinabad, Üryan, Küdük məzrələrində heç kim yaşamır, onların tarlalarında qonşu kəndlərin sakinləri dənli bitkilər əkirdilər.
Cəmi 24 kəndi əhatə edən bu mahalda 625 (297-si vergi ödəyən, 328-i ödəməyən) ailə vardı. Ən iri kəndləri 57 ailə yaşayan Ağali, 41 ailənin yaşadığı Zardanişin, 34 ailənin yaşadığı Qayatıq və 97 ailənin yaşadığı Şuşakənd kəndləri idi. Mahalda xristianlar çoxluq təşkil etsə də, müəyyən qədər müsəlman yaşayırdı. 57 ailənin yaşadığı Ağali kəndində yalnız müsəlmanlar, Şuşakənddə isə qeyri-müsəlmanlarla yanaşı, ən azı 8 azərbaycanlı ailəsi yaşayırdı. Beləliklə, mahal əhalisinin 10,40%-ni müsəlmanlar, 89,60%-ni isə xristianlar təşkil edirdi. Mahal üzrə xəzinə ildə 3506 manat 78 qəpik və 222 əşrəfi gəlir əldə edirdi. Mahalı məlik Qəhrəman idarə edirdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -