Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zaqatala-Balakən bölgəsində dambır ifaçılığı

22.05.18, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda vaxtilə geniş yayılmış tənbur sənəti hal-hazırda yalnız Zaqatala-Balakən bölgəsində yaşayır. Bu bölgədə tənbura dambır (Balakən-Zaqatala bölgəsində tambur dambır adlandırıldığı üçün biz də belə verməyi məqsədəuyğun saydıq), dambırla oxunan mahnılara isə hayla deyirlər. Bölgədə həm qadın, həm də kişi dambırçılar olub. Bəs "hayla" sözünün etimologiyası nədir? Hayla deyəndə yada ilk əv¬vəl “haylamaq”, “haraylamaq”, “səsləmək”, “çağırmaq” feilləri düşür. Maraqlıdır ki, xakaslar, altaylar, şorlar, tuvalılar, başqırdlar dastana “kay”, “kayla”, yaxud “hay”, “hayla”, dastan söyləyənə isə “kayçı”, “hayçı” deyirlər. Bu sözün bir mənası da “boğazda oxuyan”, yaxud da “boğaz oxuması” anlamını verir. Prof. Metin Ergin “Hakas hayçıları və hayçılık sanatı” adlı tədqiqatında qeyd edir ki, “Hakaslar arasında nimax, yaxud da alıptıx nimaxlar söyləməyə hayla deyilir”.
Dambır ifaçılığı Zaqatala rayonunun Tala kəndlərində, Balakən rayonunun Tülü, Gülüzən, Qazma, Qullar, Talalar kəndlərində daha çox yayılıb. Azərbaycan türklərinə məxsus olan bu sənət birgə yaşayış zamanı bu bölgədə yaşayan başqa xalqların da nümayəndələrinə keçib və onlar da bu sənətin daşıyıcılarına çeviriliblər. Bu gün demək olar, bu bölgədə yaşayan bütün xalqların nümayəndələri arasında dambır çalıb hayla oxuyanlar var.
Azərbaycan türklərindən fərqli olaraq, azsaylı xalqların dambır ifaçıları arasında deyişməyi bacaran dambırçılarla rastlaşmadıq. Onlar yalnız solo ifa edirlər. Azsaylı xalqların arasından çıxmış dambır ifaçıları haylaların böyük əksəriyyətini Azərbaycan dilində oxusalar da, ara-sıra öz dillərində dedikləri haylalarla da üzləşirdik. Onların bir çoxunun etirafına görə, bu haylalar da Azərbaycan dilində olan haylanın öz dillərindəki tərcümələri idi. Avar dambırçıları havanı loğat ( "loğat" – "hava" sözünün avar dilinə tərcüməsdir) adlandırırlar. Söyləyicilərin verdikləri məlumatlara görə, hayla deməyi bacaranlar hətta sini də çalıb oxuyarmışlar. Meşəşambul kənd sakini 1951-ci il təvəllüdlü Osbanov Hacı Nurmuhammed oğlununun dediyinə görə, Qaysayev Ömər özü diş həkimi olsa da, həm dambır çala bilirmiş, həm də yaxşı sini (sini – məcməyi) çalırmış.
Qaralov Əli Həybullah oğlu Balakən rayonunun 1940-cı ildə Şambul kəndində doğulub. O, hal-hazırda mollalıq etdiyi üçün dambırda çalıb oxumur. Bizim xahişimizdən sonra bir neçə dambır havası ifa etdi. Deyilənlərə görə, vaxtilə yaxşı dambırçalan imiş. Bu gün bölgədə fəaliyyət göstərən avar dambırçıların arasında Maqomedov Maqomedin və Hatıyev Eldarın adını xüsusi vurğulamaq lazımdır. Maqomedov Maqomed Zaqatala rayonunun Dardoqqaz kənd sakinidir. Onun dediyinə görə, dambırla yalnız haylaları deyil, bəzi başqa mahnıları da oxumaq mümkündür. Onun ifalarına qulaq asdığımız zaman bu mahnıların da əslində bayatı üzərində qurulduğunu müşahidə etdik. Bəzən də bayatı olmasa da, heca vəznində yazılan şeirlərin dambırla oxunduğunu gördük. Dambırçı Məhəmməd gözəl dambır çalmağı bacarır, olduqca ürəyə yatımlı səsi var. Canlı xarakteri oxuduğu haylalarda da özünü göstərir. Məhəmməd dayının oxuduğu haylaların böyük əksəriyyəti Azərbaycan dilində idi. Əvvəlcə bizə hayla ilə “xoş gəldin” deyən Məhəmməd dayı Vətənimiz Azərbaycanı mədh etdi:

Kim gəlibdi, xoş gəlib,
Bu yerlərə xoş gəlib.
Bizim bu Ləman xanım
Zaqatalaya xoş gəlib.

Şöhrətim, şanım mənim,
Vətənim, canım mənim.
Gözəlliklər məskəni
Azərbaycanım mənim.

Sərvətimiz var bizim,
Qüdrətimiz var bizim.
Dövlətlərin içində
Hörmətimiz var bizim.

Vətənimin hər yanı,
Məftun edər insanı.
Cənnət görmək istəyən
Gəzsin Azərbaycanı.


Məhəmməd dayı haylaları ilə Zaqatala rayonunu vəsf etməyi də unutmadı. O, Zaqatalanın sözlə sanki rəsmini çəkdi:

Ulduz dönüb Ay olmaz,
Yaz keçməsə, yay olmaz.
Bütün dünyanı gəzsən, ay Ləman xanım,
Zaqatalaya tay olmaz.

Bir tərəfi Tala çay,
Bir tərəfi Katex çay.
Olarmı heç sənə tay,
Oy mənim Zaqatalam.
Heç olarmı sənə tay,
Oy mənim Zaqatalam.

Uca, qarlı dağların,
Bol məhsullu bağların.
Mehriban insanların
Var sənin, Zaqatala.

Qınamayın siz məni,
Eşidin bu kəlməmi.
Hər kəsə öz vətəni,
Mənimçün Zaqatala.
Hər kəsə öz vətəni,
Bizimçün Azərbaycan.

Dambırçı Məhəmməd avar məclislərinə getdiyi zaman Azərbaycan dili ilə yanaşı, avar dilində də oxumağa çalışır. Özünün də etiraf etdiyi kimi, bəzən kitablarda çap olunmuş bayatıları da avar dilinə çevirib oxuyur. Hətta “Ana” adlı şeiri də avar dilinə çevirib avarların çox olduqları məclislərdə səsləndirir. Məhəmməd dayı haylaları hətta rus dilinə çevirərək Belorusiyada keçirilmiş tədbirdə səsləndirib. Məhəmməd dayı gülə-gülə dedi: “Düşündüm ki, hindi mən tutax ki, azərbaycanca, avarca oxudum. Bunnar mənim oxuduxlarımnan nə qanacaxlar. Samalyotdaca bir-iki haylanı rus dilinə çevirdim. Bizə bələdçilik eliyən Qalinaya dedim ki, hindi mən rus dilində bir şeyir yazmışam, qulax as, əyər səhvlik varsa, sən də ora-burasını düzəlt”. Dambırçı Məhəmmədin dediyinə görə, o gün nəticədə maraqlı haylalar meydana çıxıb:
Hatıyev Eldar Balakən rayonunun Mahamalar kəndində yaşayır. O, ailəsini dolandırmaq üçün usta işləyir, ev tikir. Hatıyev Eldar yaxşı dambır çalıb hayla deməklə bərabər, həm də dambır düzəldib satır. O, dambıra simlər əlavə edərək onu müasirləşdirib. Bu tip dambırlara lazım olanda mikrofon taxmaq üçün yer də düzəldir. Pərdələr artırılmış dambırın səsi ənənəvi dambırdan fərqlənir, gitara səsinə daha çox bənzəyir. Bu cür dambırın ifa imkanları da çoxalır, belə ki, bu dambırda ənənəvi dambır mahnıları ilə yanaşı, digər mahnıları da ifa etmək mümkün olur. O, “müasirləşdirdiyi” dambırda “Sarı gəlin” mahnısını da ifa etdi. E.Hatıyevin dediyinə görə, atası da Ömər kişi də dambır düzəldirmiş. Burada onu da qeyd etmək yerinə düşər ki, bölgə dambırçılarının çoxunun nəsil şəcərəsi bu sənətlə bağlıdır. Hatıyev Eldar həm Azərbaycan dilində, həm də avar dilində mahnılar oxuyur. Azərbaycan dilində oxuduğu mahnıların çoxunun sözləri bölgədə məşhur olan haylalardır. Oxuduğu mahnıların bir qisminin sözləri və müsiqisi özünə məxsusdur. O, dambırda Balakəni mədh edən mahnılar oxumağı daha çox sevir:

Gözəldi təbiəti,
Həm rayon, həm kəndləri,
İçməyə suyu sərin,
Ay mənim Balakənim.

Budur gözəl yurdum mənim,
Sevincim, həm fəxrim mənim.
Səninlə döyünür bu ürəyim,
Ay mənim Balakənim.
Balakən rayonunun İtitala kəndində ingiloylar yaşayırlar. Əvvəllər onlar arasında da dambır çalanlar varmış. Hal-hazırda dambırçıların son nümayəndəsi Ömərov Əhməddir. Əhməd dayı II Dünya Müharibəsinin iştirakçılarından olub. Yaşlı və xəstə olduğu üçün onunla görüşüb söhbət edə bilmədik. Deyilənlərə görə, əvvəllər kənd iməcilərində, uzun qış gecələrində dambırçılar dəvət olunar, camaat yığışıb onların çalıb oxumasına qulaq asarmış. Onlar daha çox Azərbaycan dilində, arada da ingiloy dilində oxuyarmışlar. Vaxtilə kənddə dambırla yanaşı, saz ifaçıları da yaşayırmışlar. Kənd sakinlərinin dediklərinə görə, Aşıq Məhəmməd gözəl saz ifaçısı imiş. Söyləyicilər onun Molla Cümə ilə dost olduğunu və onunla deyişdiyini də qeyd etdilər. Kənddə hal-hazırda “Nənələr” adında folklor qrupu fəaliyyət göstərir. Qrupun üzvləri bizə xeyli hayla dedilər.

Ləman Vaqifqızı (Süleymanova)
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -