Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hərracda Mingəçevirdəki yarımçıq tikili yüksək qiymətə satılıb

22.05.18, 13:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 22-də növbəti hərrac keçirilib. Komitədən bildirilib ki, özəlləşdirməyə çıxarılan avtomobillər üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. “Hyundai Sonata” markalı avtomobilə sahib olmaq üçün 7 nəfər sifarişçi arasında rəqabət olub. Həmin maşının ilkin start qiyməti 6 min manat olsa da ən son təklif 11 min 400 manatadək yüksəlib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi 3 nəfərin sifariş verdiyi “Toyota Camry” olub. Həmin avtomobilin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq, 15 min 600 manata sahibini tapıb. Həmin maşınların buraxılış tarixləri müvafiq olaraq 2008 və 2010-cu illəri əhatə edir.
Budəfəki hərracda investorlar qeyri-yaşayış sahələrinə də üstünlük veriblər. Belə ki, özəlləşdirilən əmlaklardan 5-i bu kateqoriyaya aid olub. Həmin obyektlər paytaxtın Nəsimi, Nərimanov rayonlarında, digəri isə Sumqayıt şəhərində yerləşir. Nəsimi rayonunun Həzi Aslanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 80 kvadratmetrə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanov rayonunda yerləşən ümumi faydalı sahəsi 60 kvadratmetrə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Paytaxtla yanaşı, Sumqayıt şəhərinin də geniş iqtisadi potensialı olması burada özəlləşən dövlət əmlaklarının sayını artırır. Bu obyektlər sırasına daha bir əmlak qoşulub. Sumqayıt şəhərinin mərkəzi hissəsində yerləşən qeyri-yaşayış sahəsi 250 kvadratmetrə yaxın geniş əraziyə malikdir. Bu əmlak xidmət sferasında fəaliyyət göstərmək istəyən sahibi üçün faydalı ola bilər. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Qobustan rayonunda yerləşir. Ümumi faydalı sahəsi 250 kvadratmetrə yaxın olan obyekt əmlak kompleksidir. Hərracda ən yüksək qiymətə özəlləşən əmlak isə Boyaq bəzək sexinin yarımçıq tikilisi olub. Mingəçevir şəhərində yerləşən həmin tikilinin torpaq sahəsi 51 min kvadratmetrdir. Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında “emdk.gov.az” və “privatization.az” portalında tanış olmaq mümkündür.
Qeyd edək ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda yaradılan imkanlar genişləndirilir. Hərracların tam olaraq elektronlaşdırılması, sifarişlərin elektron qaydada verilməsi, elektron hərraclar vasitəsilə onlayn olaraq əmlakın özəlləşdirilməsi investor marağını daha da artırır. Hərrac günü prosesi virtual olaraq izləmək imkanı isə gələcəkdə hərraca qatılmaqla bağlı investorun optimal qərar qəbul etməsinə şərait yaradır. Özəlləşdirməyə çıxarılan əmlakların profillərinin müxtəlif iqtisadi sahələrə aid olması investorların seçimini artırmaqla onların istədiyi biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)