Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ İranı içindən dağıtmaq istəyir

23.05.18, 11:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tehran geriyə addım atacaqmı?

ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton Tehrana misilsiz maliyyə təzyiqi göstərəcək. RİA “Novosti” Pompeonun bəyanatından sitat gətirir: “Biz İran rejiminə misilsiz maliyyə təzyiqi edəcəyik. İran liderlərində bizim ciddiyyətimizlə bağlı hər hansi bir şübhə olmayacaq”.
“Strateq” “Qazeta.ru”ya istinadən yazır ki , Ağ Evin yeni strategiyasına 12 tələb daxildir, onların arasında uranın zənginləşdirilməsinin tamamilə durdurulması da var. Bu o deməkdir ki, Vaşinqton İranın hətta dinc nüvə proqramından da imtina etməsini istəyir. Yeni razılaşma təminat verməlidi ki, “İranın heç zaman nüvə silahı olmayacaq və o, bədniyyətli davranışından əl çəkəcək”.
Pompeo həmçinin bəyan edib ki, İran Yaxın Şərqdə fəaliyyət göstərən silahlı qruplaşmaları dəstəkləməyi kəsməlidi. Onların arasında “Hizbullah”, “HƏMAS” və “Taliban” (sonuncu təşkilat Rusiyada qadağan edilib) var. Tehran həmçinin “əl-Qaidə”nin (RF-də qadağan edilib) səhra komandirlərini gizlətməkdən vaz keçməlidi. Sonuncu sünni qruplaşması İranın düşməni hesab edilir, Əfqanıstanda ona qarşı mübarizə aparıb və hətta bu məsələdə ABŞ bu qruplaşmaya taktiki dəstək verib. Ancaq ABŞ hakimiyyəti hesab edir ki, bu təşkilatın döyüşçüləri İran ərazisindən keçib – baxmayaraq ki, bunun ölkə hakimiyyətinin bilgisi daxilində baş verdiyi məlum deyil.
Hesab edilir ki, İranla bağlanan “nüvə anlaşması” məsələsində ABŞ-ın mövqeyinin sərtləşməsinə anlaşmanı tənqid edən İsrail böyük təsir göstərib. RTVİ-nin Yaxın Şərq bürosunun şefi Yevgeni Sova deyir: “İsraildə anlayırlar ki, bütün maddələrin İrana qəbul etdirilməsinə nail olmaq çətin olacaq, lakin Yerusəlimdə plankanın yüksəyə qaldırılması faktını yalnız alqışlayacaqlar”.
Ekspertin dediyinə görə, “İsraildə fərz edirlər ki, ciddi iqtisadi sanksiyaların bərpa edilməsi İranın mövqeyinin nisbətən yumşalmasına gətirəcək və Tehran güzəştlərə getməyə məcbur olacaq. Yəqin ki, İsrail üçün ideal variant İranda daxili narazılıqlar, rejim dəyişikliyi və onun nəticəsi olaraq münasibətlərin mümkün normallaşması olardı. İsraildə hesab edirlər ki, belə ssenari yalnız İsrailin deyil, Yaxın Şərqin də çox problemini həll edəcək”.
ABŞ-ın regiondakı başlıca rəqiblərindən biri olan İrana qarşı münasibətdə mövqelərini sərtləşdirməsi onun bu yaxınlarda “nüvə anlaşması”ndan çıxması ilə bağlıdır. Bu anlaşma 2015-ci ildə İran hökumətilə Barak Obama administrasiyası, həmçinin AFR, Fransa, Böyük Britaniya, Rusiya və Çin arasında bağlanıb. Bu durumda, ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni nüvə sazişi imzalama hazırlığını təsdiq edib. Ancaq onun sözlərinə görə, İranın nüvə proqramı üzrə yeni razılaşma ABŞ-ın əsas məqsədi deyil.
Beynəlxalq işlər komitəsinin üzvü, senator İqor Morozov hesab edir ki, ABŞ-ın İrana münasibətdə mövqeyinin sərtləşməsi enerji amili ilə bağlıdır. Ekspertin sözlərinə görə, sanksiyalar, hər şeydən öncə, İran neftinə qarşı və Amerika şist neftinin qiymətinin artırılmasına yönəlib. Morozov “Qazeta.ru” ilə söhbətində qeyd edib ki, “ABŞ hətta öz tərəfdaşlıq münasibətlərini pozaraq, enerji sferasında qlobal dominantlıq mövqeyi üçün vuruşacaq”.
Onun təxminlərinə görə, “əgər onlar görsələr ki, Avropa ABŞ-ı dəstəkləmir və sazişdən çıxmır, onda ABŞ-ı heç nə durdura bilməz və əməliyyatın hərbi fazasına keçə bilərlər”. Ekspert davam edərək bildirir ki, bu, regionda Səudiyyə Ərəbistanına istinad etməklə yeni qüvvələr balansının yaradılmasına gətirib çıxaracaq. Söhbət ABŞ-ın nüvə anlaşmasından çıxmasına mənfi yanaşan və anlaşmaya əməl edəcəklərini bəyan edən Avropa ölkələrindən gedir. Öz növbəsində Vaşinqton, artıq İranla biznes aparmağa davam edəcək Avropa şirkətlərini sanksiyalarla təhdid edib.
Pompeo öz nitqində onu da vurğulayıb ki, yaxşı olar, müttəfiqlər Ağ Evə qulaq assın. Pompeo deyib: “Mən bilirəm ki, bizim Avropadakı müttəfiqlərimiz, ola bilər, İranla köhnə nüvə sazişini qoruyub saxlamaq istəyirlər. Bu, əlbəttə, onların qərarıdır. Onlar bizim mövqeyimizi bilirlər”. İranın özündə AB ölkələrinin qərarını alqışlasalar da, bəyan ediblər ki, avropalılar onların ABŞ-ın razılaşmadan çəkilməsilə yaranacaq itkilərini, beləliklə də, Amerika şirkətləri ilə əməkdaşlıqdan əldə etdikləri qazancları itirmələrini kompensasiya etməlidirlər. İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ-ın Tehrana nə etməsini əmr etmək hüququ yoxdur.
Qeyd edilməlidi ki, xarici siyasət “qırğı”sı hesab edilən Pompeo öz çıxışını İrana münasibətdə radikal mövqeyi ilə məşhur olan, mühafizəkar ekspert mərkəzi hesab edilən Vaşinqtonun “Heritage” mərkəzində edib. CNN televiziya kanalı qeyd edib ki, Pompeonun nitqi ekspertlərin çoxuna kiçik Corc Buş administrasiyasının “rejim dəyişikliyi” üslubunda olan analoji çıxışlarını xatırladıb. Amerikalı sahibkar və jurnalist Qreq Vayner Pompeonun nitqini SSRİ-ni “şər imperiyası” adlandıran Ronald Reyqanın məşhur nitqi ilə müqayisə edib.
Vaşinqtondakı “Gulf Analytics” mərkəzinin eksperti Teodor Karasikin qeyd etdiyinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, “inqilab öz sonuna yaxınlaşıb, islam respublikasının ölümü yaxınlaşdırılmalıdır. ABŞ hesab edir ki, islam respublikasının “İranı işğal etməsi”nə son verilməsinin zamanı çatıb”.
Vaşinqton nüvə razılaşmasından çıxmasının və sanksiya rejiminin sərtləşdirilməsinin siyasi rejimin dəyişilməsinə gətirib çıxara biləcək İrandaxili ziddiyyətləri gücləndirmək istəyilə bağlı olduğunu gizlətmir. Bunun üçün müəyyən ilkin şərtlər, həqiqətən də, mövcuddur – İran siyasi sistemi monolit deyil, cəmiyyətdə isə ölkədəki iqtisadi vəziyyətlə bağlı narazılıq artır.
2017-ci ilin dekabrında İranda mövcud iqtisadi vəziyyətlə bağlı hökumətə qarşı kütləvi nümayişlər keçirildi. İslahatçı prezident Ruhaninin razılaşmanın imzalanması ilə əlaqədar vəziyyətin yaxşılaşacağı ilə bağlı verdiyi bəyanata baxmayaraq, hələlik, bu, baş verməyib. İranda tez-tez olan xarici siyasət ekspertlərindən biri “Qazeta.ru”ya deyib ki, ABŞ çətin ki, İran cəmiyyətindəki dəyişiklikləri gözləsin. Həmsöhbət deyir: ”Bu gün qüvvələr nisbəti “islahatçılar”ın deyil, “mühafizəkarlar”ın xeyrinədir”.
Onun sözlərinə görə, İran elitasının mühafizəkar hissəsi hesab edir ki, məhz Tehranın nüvə silahı əldə etməsi ABŞ-ı İranla hesablaşmağa məcbur edəcək. Təhdidlərlə ABŞ-ı özünə hörmət etməyə məcbur edən KXDR-in davranışı ideal model sayılır. Həmsöhbət xatırladır: “İran münasibətlər qurmaqda yüksək zəkaya və mədəniyyətə malik olan “qədim sivilizasiya”dır. Onlar güzəştlərə getməyəcək və biz yenidən “Amerikaya ölüm!” şüarı səsləndirilən nümayişləri görə bilərik”.
Moskvanın İranla sanksiyaların zərbə vuracağı iri layihələrinin olmamasına baxmayaraq, ABŞ-ın İrana yönəlik sanksiya tədbirləri özündə Rusiya üçün də müəyyən çətinliklər daşıyır. İranın “dinc atom” hüququndan da məhrum edildiyi halda, Rusiyanın İranda taleyi təhlükə altında qala biləcək yeganə böyük layihəsi “Buşəhr” AES-dir.
İrana yönəlik tələblərdən biri olan İranın Suriyadakı “bütün qüvvələrinin çıxarılması” qismən Rusiyaya da toxunur. İran Rusiyanın Suriyadakı taktiki müttəfiqidir və onun itirilməsi kifayət qədər həssas məsələ ola bilər. Eyni zamanda, İranın Suriyadan çəkilməsi halında Moskva İranın maliyyə imkanlarına söykənən Suriya lideri Bəşər Əsədə təzyiqləri artıra bilər. İran böhranında Rusiya üçün müəyyən fayda neftin qiymətinin artması ilə bağlıdır, lakin ona görə Yaxın Şərqdə sabitliyin mümkün pozulması ilə hesab ödəmək lazım gələcək.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)