Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Pakistan üzünü Rusiyaya tərəf çevirib”

23.05.18, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ-la münasibətləri gərginləşən Pakistan üzünü Rusiyaya tərəf çevirib. Amerikalıların tərk etdiyi Pakistan özünün silah bazarını ruslarla doldurmaq istəyir”. Bunu Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, 2016-cı ildə ölkə tarixində ilk dəfə olaraq Rusiya ilə “Dostluq-2016” adı altında birgə hərbi təlimlər keçirilib. Ötən il isə Moskva İslamabada 4 ədəd Mi-35 hücum helikopteri və 2 ədəd Mi-171 nəqliyyat helikopteri satıb: “Pakistan tərəfi artıq Mi-26 nəqliyyat helikopterinin, havadan müdafiə sistemi və idarə olunan artilleriya sisteminin alınması üçün Moskva ilə danışıqlar aparır. Su-25 qırıcıları ilə bağlı müzakirələr isə hələ 2016-cı ildən başlayıb. İslamabadın bu addımı çox maraqla qarşılanır. Çünki Pakistan yarandığı 1947-ci ildən demək olar ki, ABŞ-la sıx hərbi əməkdaşlıq içərisində idi.
ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamaya görə, Birləşmiş Ştatlar indiyədək Pakistana 33 milyard dollar maddi yardım edib. Ancaq son zamanlar Tramp administrasiyası rəsmi Vaşinqtonun Pakistana münasibətdə ənənəvi siyasətini dəyişərək İslamabadı “Taliban” və “Həqqani” şəbəkəsi kimi teror təşkilatlarına dəstək verməkdə ittiham edərək ona silah satışına qadağa qoydu. Nəticə etibarilə Pakistan artıq Rusiyaya meyillənir”.
Z.Əmrəliyev qeyd edib ki, Moskvanın bu hərəkətliliyi yerində olan və ağıllı bir addımdır:
“Pakistan strateji cəhətdən çox önəmli bir ərazidə yerləşir. Belə bir müttəfiq isə hegemonluq iddiasında olan hər bir dövlətə lazımdır. Hindistana gəlincə, düşünürəm ki, bu, rəsmi Dehlidə qısqanclıq yaradacaq. Bu onu Moskvadan uzaqlaşdırmayacaq, əksinə daha da yaxınlaşdıracaq və hindistanlılar əzəli rəqibləri olan pakistanlılara üstün gəlmək üçün Moskvaya daha güclü silahlar sifariş verəcək.
Təsadüfi deyil ki, hələ 2010-cu ildə Rusiyanın baş naziri Vladimir Putin Dehlidə səfərdə olarkən hindistanlı həmkarı Manhoman Sinq mətbuat konfransında Rusiya-Pakistan hərbi əməkdaşlığının Hindistan üçün təhlükəli olmadığını bildirmişdi.
Düzdür, Hindistan buna rəğmən son zamanlar bir qədər şıltaq hərəkətləri ilə diqqət çəkir. Hindistan-Fransa yaxınlığını buna nümunə göstərmək olar. Ancaq Dehli Moskvaya yeni silah sifarişi verməkdə davam edir. Beləliklə, Moskva daha əlverişli silah bazarına və yeni güclü tərəfdaşa yiyələndi. Artıq həm hindistanlılar, həm də pakistanlılar ruslardan sürətlə silah alacaqlar. Trampın isə necə böyük bir səhv etdiyini amerikalılar yaxın vaxtlarda görəcəklər”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)