Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənilib

23.05.18, 15:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Cenevrədə Azərbaycan Respublikasının milli məruzəsinə baxılıb.
Tədbirdə Azərbaycanı ədliyyə nazirinin müavini Toğrul Musayev təmsil edib.
Sessiyada Azərbaycanın milli hesabatı təqdimat olunub, ötən müddətdə insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məruzə dinlənilib, sonra interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən BMT-yə üzv 106 dövlətin nümayəndələri ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair münasibət bildiriblər. Konstruktiv və səmimi şəraitdə keçən müzakirələr zamanı iştirakçı dövlətlərin nümayəndələrinin sualları ətraflı məlumatlarla və şərhlərlə cavablandırılıb.
Toğrul Musayev çıxış edərək insan hüquqlarının qorunmasına xidmət edən məhkəmə-hüquq islahatlarından, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, müstəqil məhkəmə özünüidarə orqanlarının səmərəli fəaliyyətindən, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsindən və elektron məhkəmə sisteminin tətbiqindən, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən bəhs edib. Bildirilib ki, bu sahədə islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Eyni zamanda, vəkillik təsisatının islahatı, Vəkillər Kollegiyasının müstəqilliyinin təmin olunması, bu qurumun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi və vəkillərin sayının artırılması ilə bağlı görülən konkret işlər diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının hüquqi sahədə islahatların yeni mərhələdə intensiv davamına təkan verdiyi vurğulanaraq, bu sənədin icrası üzrə həyata keçirilən tədbirlərdən danışılıb, Probasiya xidmətinin yaradıldığı, elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı qeyd olunub.
Həmçinin, işgəncə və pis rəftara qarşı mübarizə və bununla bağlı dözümsüzlüyün nümayiş etdirilməsi, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi barədə məlumat verilib.
Nazir müavini çıxışında vətəndaş cəmiyyətinin inkişafını, bu sahədə qanunvericilik və institusional islahatların aparılmasını qeyd edib.
Sessiyada Azərbaycanın milli məruzəsinin dolğun məzmuna malik olduğu və məruzə ətrafında məhsuldar müzakirələrin aparıldığı bildirilib, təqdim olunan məruzəyə böyük maraq göstərilərək respublikamızda insan hüquqlarının təmin olunmasına dövlət səviyyəsində ciddi münasibət bəslənildiyi vurğulanıb, çıxış edənlərin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu təcrübənin davam etdirilməsini tövsiyə ediblər.
Ölkəmizin milli məruzəsi ilə bağlı aparılan müzakirələr demokratik hüquqi dövlət quruculuğu yolu ilə inkişaf edən Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən mütərəqqi islahatlara bir daha beynəlxalq marağın artdığını göstərib.

Bu xəbər oxundu
- - -