Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar”

24.05.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMM-də Akif Aşırlı və Bəxtiyar Qaracanın kitabı təqdim olunub

Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq nəşr edilən "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının təqdimatı keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimatda "Kaspi” qəzeti və "Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Elman Nəsirov, Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Zoltan Hernyeş, BDU-nun "Jurnalistika" fakültəsinin dekanı Vüqar Zifəroğlu, BDU-nun professoru Cahangir Məmmədli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Teleqraf" Holdinqin rəhbəri Aynur Camalqızı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "Cümhuriyyət" qəzetinin baş redaktoru Rafael Becanov, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı, , Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, "Veysəloğlu” Şirkətlər Qrupunun baş direktoru İlqar Nuri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qonaqları salamlayıb və hər kəsi bir neçə gün sonra qeyd olunacaq Cümhuriyyətin 100 illik yubileyi münasibətilə təbrik edib:
"Biz fəxr edirik ki, Şərqdə ilk demokratik respublika yaradan xalqıq. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın həyatında ən böyük arzulanan hadisədir. Bu gün biz kitab təqdimatına yığışmışıq. Bu kitab Veysəloğlu Şirkətlər Qrupunun xalqa hədiyyəsidir. Kitabın müəllifləri tanınmış jurnalistlər Akif Aşırlı və Bəxtiyar Qaracadır. Kitabda tarixçilərin araşdırması, jurnalist baxışı öz əksini tapıb. Burada AXC-nin yaradılmasında özünü fəda edən şəxslər haqqında yazılar yer alıb. Sonrakı fəsillərdə AXC qurucularının acı taleyi əks olunub”.
Təqdimat mərasimində Azərbaycan Xalq Cümhuriyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes Azərbaycanın 100 il bundan öncə demokratik dəyərlərin əsasını qoyan ilk ölkə olduğunu dilə gətirib.
O bildirib ki, qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması həmin dövr üçün mühüm addımlardan idi: "Bütün sadalananlar Avropa Şurasında illərdən sonra meydana gəlib. Mən Sovet İttifaqının tərkibində fəaliyyət göstərən ali məktəbdə təhsil almışam. Deyə bilərəm ki, Azərbaycan Demokratik Respublika ilə bağlı sovet dərsliklərində çox az yer ayrılıb. Bu istiqamətdə maarifləndirmə hökumətin qarşısına qoyulan əsas vəzifələrdən biri idi. Xalqların öz kökləri ilə bağlı dərin biliklərə sahib olması, onların gələcəyi üçün daha geniş imkanlar açılır. Bugünkü kitab Azərbaycan xalqı üçün böyük töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın ərsəyə gəlməsinə görə müəlliflərə təşəkkür edirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi deyil, demokratik dəyərlərin təşviqi baxımından qiymətlidir”.
Təqdimat mərasimində söz alan "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Cümhuriyyətin 100 illik yubileyi Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd olunur: "Məni sevindirən odur ki, bu tədbirlər təkcə dövlət qurumları səviyyəsində deyil, məktəblərdə də geniş şəkildə qeyd olunur. Cümhuriyyətin 100 illiyini bayram kimi qeyd etmək bizim yaddaşımıza çox şey yazacaq. Bu kitabı ərsəyə gətirənlərə təşəkkür edirəm. Kitabda milli mübarizə hərəkatı, dövlətçilik təfəkkürünün yaranması və bu dövrdə baş verən bütün proseslər eləcə də AXC-nin yaradanların xalqımıza verdiyi töhfələr öz əksini tapıb. Bu tarixin araşdırılması bizə yeni tarix açır. Mən hər kəsi bayram münasibətilə təbrik edirəm”.
Professor Cahangir Məmmədli, millət vəkili Elman Nəsirli, xalq artisti Nurəddin Mehdixanlı, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları kitab haqqında fikirlərini bölüşüb, onun bədii və publisistik məziyyətlərindən danışıblar. Qeyd olunub ki, kitab Azərbaycan prezidenti İlham Əliyevinin 16 may 2017-ci il tarixli sərəncamına uyğun dövlətçilik tariximizin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinə həsr olunub.
Kitabın müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlı təqdimat mərasimində çıxış edən, kitab haqqında fikrini bölüşən insanlara təşəkkür ediblər. Akif Aşırlı vurğulayıb ki, nəinki Cümhuriyyətin mövcud olduğu 23 ayın hər ayı, hətta hər günü ilə bağlı kitab yazmaq olar.
Qeyd edək ki, son iki əsrdə milli məfkurəni, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabında öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir. Yeni nəşrin ideya müəllifi İlham Məmmədov, elmi redaktoru Anar İsgəndərovdur.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)