Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp İrana qarşı yeni siyasət sərgiləyəcək

25.05.18, 7:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın İranın qarşısında qoyduğu şərtlər əslində mahiyyət etibarilə ultimatumdur.
Bu sözləri ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra İranla bağlı strategiyasını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, Tehranın bu ultimatumu rədd edəcəyini çox yaxşı anlayan Vaşinqtonun məqsədi sadəcə İrana qarşı yenidən təzyiq kursunun seçilməsinə və sanksiyaların ağırlaşdırılmasına müəyyən legitim əsaslar yaratmaqdır:
“Yəni Tramp hökuməti nümayiş etdirmək istəyir ki, ABŞ İranla anlaşmaq istədi, ancaq Tehran heç dinləmədən bütün təklifləri rədd etdi. Bu o deməkdir ki, ABŞ 2015-ci ildə imzalanmış nüvə sazişindən əvvəlki vəziyyətə qayıtmaqda qərarlıdır. İrana qarşı nüvə anlaşmasından sonra yumuşaldılmış sanksiya rejimi yenidən bərpa olunacaq və yeni sanksiyalar tətbiq ediləcək. Sanksiyalarda məqsəd bir tərəfdən İranın imkanlarını məhdudlaşdırmaq, onu masaya oturdub güzəştlərə məcbur etmək, digər tərəfdən isə ölkə daxilində narazılığı körükləməkdir. Baxmayaraq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi İranda rejim dəyişikliyinə nail olmağa çalışmadıqlarını bildirib. ABŞ-ın məqsədini birbaşa İranda rejimi dəyişikliyi ilə əlaqələndirmək doğru olmazdı. Amma İranla bağlı təzyiq siyasətinin belə bir perspektivə səbəb olması ABŞ və İsrail üçün arzuolunandır”.
Politoloq bildirib ki, Trampın son vaxtlar həyata keçirdiyi kadr dəyişikliklərinin əsas səbəbi də məhz İrana qarşı yeni siyasətin müəyyən olunması ilə bağlıdır:
“Xarici siyasətin müəyyənləşdirilməsi və həyata keçirilməsində mühüm rola malik dövlət katibi, prezidentin milli təhlükəsizlik müşaviri, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifələrinə təyin olunan şəxslərin keçmişinə və zehniyyətinə nəzər salanda, ABŞ-ın siyasətini proqnozlaşdırmaq çox da çətin olmur. İstər ABŞ Dövlət Katibi Mayk Pompeo, istərsə də müşavir Con Bolton İrana qarşı kəskin mövqeləri ilə tanınırlar. Hətta Boltonun belə bir bəyanatı var idi ki, İranı dayandırmaq üçün onu bombalamaq lazımdır. Hər iki şəxsin İranda rejim dəyişikliyinə tərəfdar olduqları da sirr deyil”.
Ş.Cəfərli ağırlaşdırılacaq sanksiyaların İranın daxilindəki iqtisadi böhranı dərinləşdirəcəyini düşünür:
“Hazırda İran rialı dəyərsizləşir, hökumət sabit məzənnə müəyyən etməyə məcbur olub. Sanksiyalar öz təsirini göstərdikcə, əhalinin narazılığı da artacaq. Ötən ilin dekabrında baş vermiş hadisələr göstərdi ki, İran daxilində vilayəti-fəqih sisteminə qarşı kifayət qədər narazılıq, hətta qəzəb hələ də qalıb. İrandakı narazılar ölkənin inkişafına əsas əngəl təşkil edən amil kimi məhz sistemi görürlər. Bu səbəblə dekabrdakı etiraz aksiyalarında birbaşa ali dini lider hədəfə alınmışdı. Gələcəkdə bu tip aksiyaların yenidən baş qaldırması istisna deyil. Şübhə etmirəm ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Cina Haspelin qarşısına həm də bu tapşırıq qoyulub. Həm ABŞ, həm də İsrail kəşfiyyatı İrana qarşı məxfi işin və gizli əməliyyatların intensivliyini artıracaqlar”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra İran strategiyasını açıqlayıb.
Pompeo Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)